AZ

Arif Babayev son dəfə ŞUŞADA... - VİDEO

2024-cü ilin mayında Şuşada keçirilən “Xarıbülbül” Festivalında səslənən o son ifa, əslində bir dövrün sonu, başqa birinin başlanğıcı idi. O son ifa ilə Qarabağın dağlarına bir dəfəlik Arif Babayevin ruhu hopdu.
Qəfil qopmuş sükutdan əvvəlki son misra… Sanki özü də hiss etmişdi – bu dağlar, bu səma, bu torpaq onu sonuncu dəfə dinləyirdi. Onun səsi bir daha oradan ayrılmamaq şərti ilə Cıdır düzünə qarışdı.

Arif Babayevin ifası musiqi ilə yanaşı mənəviyyat, nəfəs, dualı ahəng idi. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov kimi muğam ustadlarının yolunu davam etdirir, onların qoyub getdiyi səs mirasına öz möhürünü vurdu.

Əgər Qarabağ muğam məktəbi bir çinar ağacı idisə, Arif Babayev onun köklərinə can verən bulaq, budaqlarına nəfəs verən meh, yarpaqlarına ahəng verən nəğmə idi.

O, muğamı yaşatdı, Ağdamdan ayrılığının simvoluna çevirdi, oxudu, köksə çəkdi. Hər kəlamında ustadlarını andı, amma hər səhnəyə çıxanda onların yolunu bir addım irəli apardı. Onun səsində Seyidin dərinliyi, Xanın dəbdəbəsi, Zülfü müəllimin səmimiliyi vardı, bir də Arif Babayevə xas olan o qəlb titrədən, könül titrədən səmimiyyət...

Onun səsi hələ də Şuşanın gecəsində, Cıdır düzündə, Xarıbülbül çiçəyinin ləçəyində yaşayır. ə o səs bundan sonra da heç vaxt susmayacaq...
 

 

Seçilən
9
21
modern.az

10Mənbələr