AZ

ABŞ senatoru: Ermənistan və Azərbaycan arasında sülh qərb üçün strateji əhəmiyyət kəsb edir

ABŞ-nin Montana ştatından olan respublikaçı senator Stiv Deyns Baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyev arasında aparılan danışıqlardan bəhs edib.

Operativ Media xəbər verir ki, o, bu haqda "The Wall Street Journal" nəşrində dərc olunan “Ermənistan və Azərbaycan üçün sülh sazişi” adlı məqaləsində qeyd edib.

“Prezident Tramp Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda sülh sazişinin imzalanması ərəfəsindədir. Bu, həm regional, həm də beynəlxalq sülhə, eləcə də bu sazişdə iştirak edən ölkələrin sərhədlərindən çox-çox kənara uzanan iqtisadi faydalara töhfə verəcək sabitliyə doğru atılan mühüm addım olacaq”, – deyə senator bildirib.

Deyns qeyd edib ki, keçmiş SSRİ-nin tərkibində olmuş Ermənistan və Azərbaycan 1980-ci illərin sonundan bəri fasilələrlə alovlanan, lakin daimi olaraq davam edən aşağı intensivlikli münaqişə vəziyyətindədir:

“Bu illər ərzində sülhə nail olmaq üçün göstərilən bir çox cəhdlər zəif və ya qısamüddətli olub. Əvvəlki administrasiyalar regiona və sülh danışıqlarına onların layiq olduğu prioriteti verməyib”.

Senatorun fikrincə, Tramp administrasiyası “qüvvə yolu ilə sülh” modelini praqmatik və yaradıcı diplomatiya ilə birləşdirərək, hər iki tərəf üçün daha parlaq gələcək vəd edən yanaşma ilə irəliləyiş əldə edib.

Deyns bildirib ki, bu il prezident Trampın komandasının üzvləri ilə birlikdə həm Ermənistana, həm də Azərbaycana səfər edib:

“Regionun iqtisadi potensialını araşdırdıq və danışıqların ən çətin məqamları ilə bağlı müzakirələrə töhfə verdik. Mən həm Azərbaycanın Prezidenti İlham Əliyev, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdüm. Biz praktiki həll yollarını müzakirə etdik. Hər iki lider bu tarixi məqamın əhəmiyyətini və qarşıda duran əhəmiyyətli imkanları anlayır”.

Senator vurğulayıb ki, uzun illər Rusiya regionda vasitəçi rolunda çıxış edərək bu mövqedən münaqişəni qızışdırmaq və cənub qonşularını zəif və təcrid olunmuş vəziyyətdə saxlamaq üçün istifadə edib:

“İndi isə həm Ermənistan, həm də Azərbaycan rus hegemonluğunun boyunduruğunu üzərlərindən ataraq gələcəyə dair müstəqil baxışlarını ortaya qoyurlar. Bu baxışlar ABŞ-nin prioritetləri ilə üst-üstə düşür”.

Senator qeyd edib ki, region öz gələcəyini özü formalaşdıracaq və bu gələcəyin təməlində ABŞ ilə tərəfdaşlıq dayanacaq. Bu tərəfdaşlıq yalnız Cənubi Qafqazda deyil, daha geniş bir coğrafiyada da rifahın bərqərar olması üçün zəmin yaradacaq.

Deynsin fikrincə, Mərkəzi Dəhliz (Orta Koridor) coğrafi mövqeyinə görə strateji və iqtisadi baxımdan mühüm əhəmiyyətə malikdir:

“Bu dəhliz ABŞ-nin rəqibləri olan İran və Rusiya arasında yerləşən yeganə quru yoludur ki, Mərkəzi Asiyadan gələn ticarət maneəsiz şəkildə Qərbə doğru axa bilər. Mərkəzi Asiyanın beş ölkəsi – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan – neft, təbii qaz, kömür, uran və digər vacib təbii ehtiyatlarla zəngindir”.

Senator əlavə edib ki, bu potensiala paralel olaraq həm Ermənistan, həm də Azərbaycan əntimon, mis, qızıl, xromit, manqan, gümüş, sink və digər vacib filizlərlə, eləcə də nadir torpaq elementləri ilə zəngindir:

“Münaqişənin olmaması halında Transanadolu Boru Kəməri öz gücünü artıraraq regionun enerji ehtiyatlarının daha böyük hissəsini Avropaya nəql edə bilər. Bu da qitənin rus təchizatından asılılığını azaldar. Cənubi Qafqazın mineral ehtiyatları ABŞ-nin Çin təchizatından asılılığını da azalda bilər”.

Senator vurğulayıb ki, sülh sazişi həm Ermənistan, həm də Azərbaycan üçün iqtisadi və milli maraqlara xidmət edən bir addım olacaq:

“Birgə investisiyalar iş yerləri yaradacaq və maliyyə sabitliyini təmin edəcək. Tramp administrasiyasının qətiyyəti bu iki xalq üçün tarixi bir fürsətin yaranmasına səbəb olub”.

Deyns məqaləsinin sonunda çağırış edərək bildirib:

“Bu gözlənilən saziş yalnız Cənubi Qafqaz və Mərkəzi Asiya üçün deyil, Birləşmiş Ştatlar və müttəfiqlərimiz üçün də önümüzdəki onilliklər ərzində faydalı olacaq şəkildə geosiyasi düzəni dəyişəcək. Bu səbəbdən Ermənistan və Azərbaycanın liderləri regionda və dünyada sülh və sabitlik naminə bu sazişi dərhal imzalamalıdır”.

Seçilən
0
operativmedia.az

1Mənbələr