AZ

Avtobusda sıxlıq pik həddə olsa da, əlavə sərnişin götürə bilər? – RƏSMİ CAVAB

Xüsusilə səhər və axşam saatlarında marşrutdan istifadə edənlərin sayı daha çox olur. Buna görə də avtobusda sıxlıq, belə olduqda isə sərnişinlər arasında narazılıqlar, kiçik mübahisələr yarana bilir.

Hətta onlar bəzən iradlarını sürücüyə də bildirirlər ki, avtobus dolu olduğu halda nə üçün dayanacaqda yeni sərnişin minir?   

Məsələn, bu marşrutlara nümunə olaraq, Maştağa-Gənclik metrosu istiqamətində hərəkət edən M8 marşrutunu göstərmək olar. Demək olar ki, hər gün səhər bu avtobusda sıxlıq müşahidə olunur. Sərnişinlər isə sürücüyə deyirlər ki,  avtobus doludursa, niyə yeni sərnişin minir?

Maraqlıdır ki, sərnişinlərin bu iradları əbəs yerədir, yoxsa həqiqətən də belə olmalıdır?

Bizim.Media nümunə kimi sözügedən avtobusun daşıyıcı şirkəti olan “BakuBus” MMC-yə sorğu ünvanlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Əsmər Əliyeva Bizim.Media-ya açıqlamasında qeyd edib ki, avtobusun hər bir dayanacaqda dayanması qanunvericiliyin tələbidir.
 

“BakuBus” MMC tərəfindən idarə olunan bütün marşrut xətləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təsdiq olunmuş marşrut pasportları əsasında fəaliyyət göstərir. Bu pasportlarda həm intervallar, həm də avtobus sayı əvvəlcədən aparılmış təhlillərə əsasən müəyyən edilir və göstəricilərə mütəmadi şəkildə yenidən baxılır.


Avtobusların dayanacaq məntəqələrində dayanması qanunvericiliyin birbaşa tələbidir. Çünki həmin məntəqələrdə sərnişinlərin nəqliyyat vasitəsinə daxil olması və nəqliyyat vasitəsini tərk etməsi nəzərdə tutulur”.

Maraqlıdır ki, sərnişinlərin də narazılığına səbəb olan bu sıxlıq bəlkə də avtobusların sayının az olmasıyla əlaqədar ola bilər?

“Avtobuslarda yaranan sıxlıq avtobus çatışmazlığı ilə deyil, pik saatlarda müşahidə olunan intensiv sərnişin axını ilə əlaqədardır. Qeyd edək ki, “BakuBus” MMC marşrut pasportlarında nəzərdə tutulandan daha çox sayda avtobusu xəttə buraxır və sıxlıq müşahidə olunan hallarda onlayn idarəetmə sistemi vasitəsilə marşrut xətlərinə əlavə avtobuslar yönləndirilir”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, “BakuBus” avtobuslarının qəbul edə biləcəyi sərnişinlərin sayıyla bağlı lövhə də yerləşdirilib. Burada qeyd olunub ki, avtobusda əlil  arabasıyla olan bir sərnişin yoxdursa, oturan sərnişinlərin sayı 26, ayaq üstə qalanların isə 68 ola bilər.

Nəzrin Mirzəyeva, Bizim.Media  

Seçilən
3
bizim.media

1Mənbələr