AZ

Naxçıvanda ipoteka mənzil siyasəti sıfır həddədir - kimin məsuliyyətidir...


Xalid Kərimli: "...bu, Azərbaycan vətəndaşları arasında ayrıseçkilik, diskriminasiya kimi qiymətləndirilə bilər"

Naxçıvanda ildə cəmi 7 nəfər ipoteka kreditindən yararlana bilir. Bunu Hesablama Palatasının "Naxçıvan İpoteka Fondu"nda apardığı auditin nəticələri ortaya çıxarıb. Aparılan audit əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının məhdud olduğunu üzə çıxarıb.

Məlumata əsasən, güzəştli ipoteka kreditləri dövlət büdcəsi hesabına maliyyələşdirilsə də, adi ipoteka kreditləri (8%-lə) yalnız Fondun yığılmış daxili vəsaiti hesabına verilir. Bu mənbənin illik həcmi isə orta hesabla cəmi 1 milyon manat təşkil edir ki, bu da ildə təxminən 7 nəfərin ipoteka kreditindən yararlanmasına imkan verir.

Hesabatda vurğulanır ki, bu rəqəm əhalinin mənzilə olan yüksək tələbatı fonunda çox aşağı göstəricidir və ipotekaya çıxış imkanlarının məhdudluğunu əyani şəkildə göstərir.

Bundan əlavə, ipoteka kreditlərinin əldə edilməsi üçün elektron müraciət sisteminin olmaması, vətəndaşların həm Fond, həm də müvəkkil banklara dəfələrlə müraciət etməsinə və prosesin uzanmasına səbəb olur. İllik müraciətlərin sayı 450-dən çox olsa da, yalnız az bir qismi təmin olunur.

Nəyə görə Naxçivanda sisial ipoteka imkanları bu qədər məhduddur? Müraciətlərin sayı kifayət qədər olsa da, nəyə görə tələbatın cəmi 2-3 faizi təmin edilir?

"Naxçıvan İpoteka Fondunda elektron müraciət imkanlarınin olmamasının özü sual doğurur və bu, Azərbaycan vətəndaşları arasında ayrıseçkilik, diskriminasiya kimi qiymətləndirilə bilər.

Güzəştli ipoteka isə hər il dövlət büdcəsindən ayrılan konkret məbləğ əsasında verilir. Güzəştli ipoteka kateqoriyasına daxil olan vətəndaşlarımızın sayı kifayət qədər çoxdur.

Sosial ipotekaya da tələbat böyükdür. Ona görə də hər iki kateqoriyada realizasiya müddəti saniyələrlə ölçülür. Nə ABŞ-da, nə də Avropada 4 faizə ipoteka yoxdur. Bu, dövlət büdcəsindən güzəştli kateqoriyaya hədiyyə kimidir. Burada elektron sistem olduğundan, kim qabağa düşürsə onun istəkləri daha tez həyata keçir".

Bunu baki-xeber.com-a şərhində iqtisadçı-ekspert Xalid Kərimli deyib.

O qeyd edir ki, ümumiyyətlə, ipotekaların 80 faizə qədəri Bakı şəhəri və Abşeron rayonuna düşür: "Bunun da fərqli səbəbləri var. Birincisi, bu məkanda ipotekaya uyğun gələn mənzil fondu daha çoxdur. Bilirsiniz ki, ipotekaya yararlı mənzillərin xüsusi sərtləri var və bu şərtləri bütün mənzillər ödəmir. Rayonlarda, o cümlədən də Naxçıvanda bu meyarlara cavab verən mənzil təklifi məhduddur. Sənədlər qaydasında deyil, tikilmə tarixi 1970-ci ildən daha əvvəldir və s. İkinci əsas məqam vətəndaşların rəsmi gəlirləridir. Bakıda rəsmi iş yerlərinin sayı daha çoxdur. Eyni zamanda, Bakı şəhərində və onun ətraf bölgələrində yaşayan vətəndaşların gəlirləri daha yüksəkdir. Yəni bu məkanda ipoteka götürmək potensialı olanların xüsusi çəkisı daha çoxdur. Ona görə də Bakı və Abşeron rayonunda ipotekadan yararlanan səxslərin sayı daha çox olur. Hətta digər rayonlardan və Naxçıvandan gəlib bu ərazilərdə ipoteka götürənlərin də sayı kifayət qədərdir.

Sosial ipoteka ilə bağlı sorğu keçirsəniz görərsiniz ki, şikayət edənlərin sayı daha çoxdur. Deyəcəklər ki, əlimiz çatmır. Amna bu, dövlətin siyasətindəki diskriminasiyadan irəli gəlmir ki, Ağdaşda vətəndaşın ipotekaya əli catmır, amma Bakıda çatır. Sadəcə bu, bölgə əhalisinin gəlirləri ilə bağlı olan məsələdir. Əksinə, bütün qanunvericiliyin ruhunda regionlara güzəşt nəzərdə tutulur.

Qeyd etdiyimiz kimi, bu, ipotekaya yararli mənzillərin məhdud olmasından, gəlirlərinin az olmasından və əhalinin rəsmi gəlirlərinin aşağı səviyyədə olmadından asılı olan fərqlərdir.

Lakin Naxçıvanda elektron müraciət imkanlarının olmaması artiq ayrıseçkilik sayıla bilər".

Akif NƏSİRLİ

Seçilən
23
baki-xeber.com

1Mənbələr