AZ

Qazaxıstanda iri pərakəndə satış obyektlərinə icbari sığorta tətbiq edilir

Bakı, 1 avqust, AZƏRTAC

Qazaxıstanda sahəsi 2 min kvadratmetrdən çox olan pərakəndə ticarət obyektləri üçün icbari sığorta sistemi tətbiq edilir.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, müvafiq normalar Prezident Qasım-Jomart Tokayevin iyunun 24-də imzaladığı qanunverici düzəlişlərə daxil edilib. Bu barədə fövqəladə hallar nazirinin müavini Kegen Tursınbayev məlumat verib.

Onun sözlərinə görə, düzəlişlər mülki müdafiə orqanlarının əməkdaşlarının hüquqi və sosial statusunun yüksəlməsinə, habelə fövqəladə halların qarşısının alınması və aradan qaldırılmasına dair tədbirlərin gücləndirilməsinə yönəlib.

- Qanun 10 məcəlləyə, 37 qanuna 600-dən çox düzəlişi ehtiva edir. Əsas yeniliklər arasında yanğın, sənaye və seysmik təhlükəsizlik tələblərinin gücləndirilməsi var, - deyə Tursınbayev qeyd edib.

İnsanların çox olduğu və hündürlüyü 28 metrdən yüksək binalar istismara verilərkən yanğın təhlükəsizliyi tələblərinə uyğunluq barədə rəy mütləq olacaq. Bu tədbir müəyyən edilmiş standartlara cavab verməyən obyektlərin istismarı hallarının aradan qaldırılması üçün nəzərdə tutulub.

Bundan əlavə, yanğınsöndürmə avtomatlaşdırma sistemlərinin quraşdırılması, sazlanması və texniki xidməti üçün icazələrin verilməsinə dair standartlar tətbiq edilir. Xan Şatır və EXPO kimi nadir memarlıq obyektləri üçün xüsusi texniki şərtlərin razılaşdırılması prosedurları da sadələşdirilir.

Xatırladaq ki, iyulun 18-də Astanada Alaş şossesi boyunca Baykonur rayonunda yerləşən “Biq Şanxay” bazarının ərazisindəki üçmərtəbəli binada birində güclü yanğın baş verib.

Seçilən
30
2
azertag.az

3Mənbələr