AZ

Masallıda çəltik istehsalı ildən-ilə artır

Vətəni Hindistan və Birma olan düyü dənli bitkilər arasında qida məhsulu kimi ikinci yerdə dayanır. Bu gün dünya əhalisinin beşdəiki hissəsi düyü ilə qidalanır. 

Ölkəmizdə isə düyü - çəltik VII əsrdən başlayaraq yetişdirilir. Cənub bölgəsində, eyni zamanda Masallı rayonunda 1961-ci ilədək əkilib-becərilib, ondan sonra isə Moskvanın göstərişi ilə çəltiyin əvəzinə tərəvəz əkilib. Müstəqillikdən sonra - 1992-ci ildən etibarən bir çox bölgəmizdə, o cümlədən Masallıda bu qiymətli ərzaq bitkisinin yetişdirilməsinə yenidən imkan yaranıb. Və istehsal da artırılıb. Son illərin rəqəmlərinə fikir verək: rayon üzrə 2016-cı ildə 8,6, 2017-ci ildə 195, 2018-ci ildə 301, 2019-cu ildə 217,6, 2020-ci ildə 253,9, 2021-ci ildə 281,6, 2022-ci ildə 220,9, 2023-cü ildə 147,5, 2024-cü ildə 138,6 hektar sahədə çəltik əkilib-becərilib. Cari ilin məhsulu üçün isə may ayının ortalarında 179,3 hektarda əkin aparılmışdır. Hazırda sahələrə yemləmə gübrəsi verilir, eyni zamanda sılıf və digər alaq otlarına qarşı mübarizə tədbirləri görülür. Aqrotexniki tədbirlər başa çatdırıldıqdan sonra yenidən sulamaya başlanılacaq. 

Məlumdur ki, çəltik suya tələbatı çox olan bitkidir. O, sünbül bağlayana kimi kökü azı 5 santimetr suyun içində olmalıdır. Buna görə fermerlər çalışırlar ki, əkdikləri sahələr suya yaxın ərazilərdə olsun. Xıl, Şıxlar, Hişkədərə, Türkoba kəndlərinin fermerləri Viləş çayından, Boradigah və Tüklə kəndlərinin fermerləri isə Babaseldəki göldən istifadə edirlər. Bu işdə rayondakı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri fermerlərə yaxından kömək göstərirlər. 

Qida məhsulu kimi çəltikçilik dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev 9 fevral 2018-ci il tarixdə "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncam imzalamışdır. Bu sərəncam çərçivəsində dövlət tərəfindən verilən subsidiya sahəyə marağı daha da artırmışdır. 

Yeni texnika və texnologiyaların tətbiqi nəticəsində fermerlərin əməyi xeyli yüngülləşmişdir. Şitil əkin üsulu, demək olar ki, aradan qaldırılmışdır. Əkin işi səpin aqreqatları tərəfindən görülür. Çəltiyin biçilməsini də kombaynlar həyata keçirir. Ona görə çəltikçiliyə maraq ildən-ilə artır. Təcrübəli fermerlər nümunəvi qulluq nəticəsində hər hektardan 40-45, bəzən isə 50-60 sentner məhsul əldə edirlər. 

Yeyinti sənayesində çəltikdən birbaşa istifadə edilmir. Emal prosesinin qabıqçıxarma mərhələsindən sonra dən cilalanma qurğularında cilalanaraq çəltik yarması və düyü halına düşür. Bu zaman tətbiq edilmiş emal texnologiyasından asılı olaraq 65 - 75 faiz düyü alınır.  Emal sahəsində də Masallıda müəyyən işlər görülüb. Xarici ölkələrdən, xüsusən Çin Xalq Respublikasından gətirilən müasir avadanlıqlar hesabına burada gün ərzində emal gücü 20 ton olan "Masallı Nemətləri" MMC yaradılıb. Dövlət başçısı İlham Əliyev 18 sentyabr 2018-ci ildə müəssisənin açılışında iştirak edib. 

Masallıda əsasən "Haşimi", "Apola", "Okean" və "Sədri" sortları əkilir. Bu düyü növləri hətta çiy halda belə özünəməxsus ətir yayır. Xarici ölkələrdən gətirilib dükanlarımıza daxil olan düyülərin heç birində belə zərif və xoşagələn qoxu yoxdur. Gəl ki biz onun bişirilməsi, dəmə qoyulması qaydasını hələ lazımınca mənimsəyə bilməmişik. Bir çoxu bu səbəbdən xarici ölkələrdən gətirilən düyüdən əl çəkə bilmir. Halbuki keyfiyyətli halda bişirilib süfrəyə gətirilən Azərbaycan düyüsünün tayı-bərabəri yoxdur. 

Seyran CAVADOV, 

 "Azərbaycan"   

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr