AZ

Azərbaycanda bərpa olunan enerji layihələri üzrə yeni ərazilər müəyyənləşdirilib – Cavid Abdullayev (MÜSAHİBƏ)

Azərbaycanda istehsal edilən bərpa bərpa olunan enerjinin ixraca yönəlik vəziyyətə gətirilməsi üzrə işlər uğurla davam etdirilməkdədir.

Bu sözləri Trend-ə müsahibəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.

O, müsahibəsində ənənəvi enerji resurslarından asılılığın azaldılması mexanizmləri, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasında “yaşıl enerji zonası” konspesiyası üzrə hazırda həyata keçirilən pilot layihələri, bərpa olunan enerji texnologiyalarının yerli istehsalının təşviqi, dənizdə elektrik enerjisi, eləcə də, hidrogen istehsalı, həmçinin, elektrik enerjisinin ixracı üçün müxtəlif marşrut layihələrinin son durumu, eyni zamanda, beynəlxalq təşkilatlarla (İEA, İRENA, Dünya Bankı, AİB və s.) əməkdaşlıq imkanları ilə bağlı sualları cavablandırıb.

"2030-cu ilədək qoyulmuş hədəflərimizə daha erkən nail ola bilərik"

Agentlik rəsmisi əvvəlcə ənənəvi enerji resurslarından asılılığın azaldılması üzrə tədbirlərdən danışıb. O bildirib ki, bərpa olunan enerji mənbələrindən istifadə bir çox hallarda hazırda müəyyən fəaliyyət növləri üçün istifadə olunan ənənəvi enerji növlərini sərbəstləşdirməyə imkan verir:

“Bu resurslar sərbəstləşdikdən sonra bazarda onlara müəyyən tələbat yaranır. Bir sıra hallarda onların qiyməti kifayət qədər yüksək olur ki, bu da ölkə iqtisadiyyatına xüsusi dəyər qata bilir. Bu baxımdan, bizim əsas fəaliyyətimiz həmin o sərbəstləşən ənənəvi enerji resurslarının həcmini artırmağa yönəlib. Bərpa olunan enerji mənbələri sahəsindəki stansiyalar kifayət qədər böyük həcmdə qaz ehtiyatlarının sərbəstləşməsinə imkan verir. Sonradan onlar Avropa bazarına ixrac oluna bilər.

Hədəfimiz bəllidir: 2030-cu ilədək bərpa olunan enerji mənəbələrinin payını qoyuluş gücündə 30%-ə çatdırmaq. Lakin ilkin hesablamalar göstərir ki, biz bu hədəfə 2027-2028-ci illərdə belə nail ola bilərik. Təbii ki, 2030-cu ilədək bu göstərici bir qədər də yüksələcək.

COP29 zamanı Azərbaycanın könüllü olaraq üzərinə götürdüyü öhdəliklər – karbon emissiyalarının azaldılması və bu sahədəki digər məsələlər də, təbii ki, bərpa olunan enerji layihələrinin reallaşdırılması ilə birbaşa bağlıdır”.

Azərbaycanın azad edilmiş ərazilərində 500 MVt-lıq hidroenerji potensialı mövcuddur

C.Abdullayev Azərbaycanın azad edilmiş ərazilərdinə “yaşıl enerji” potensialından və bu çərçivədə həyata keçirilən layihələrdən bəhs edib:

“İşğaldan azad olunmuş ərazilərimiz, eləcə də, Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan olunub. Qarabağ və Şərqi Zəngəzurla bağlı artıq konsepsiya və tədbirlər planı masa üzərindədir, təsdiqlənib və biz artıq onların icrasından danışa bilirik.

Ümumiyyətlə, Azərbaycan COP29 prezidentliyi çərçivəsində “yaşıl zona”larla bağlı bir təşəbbüs irəli sürüb və dünyanın bir çox ölkələri həmin təşəbbüsü dəstəkləyiblər. Biz bu təşəbbüsün önündə gedən ölkə kimi qəbul olunuruq. “Yaşıl enerji” zonasının başlıca göstəricisi adıçəkilən ərazilərdə istehlak olunan hər bir kilovatt-saat (kVt/saat) elektrik enerjisinin yaşıl mənbələrdən alınması anlamına gəlir.

İşğaldan azad olunmuş ərazilərdə bunun üçün yetəri qədər potensial var. Hədəf ondan ibarətdir ki, həmin ərazilərimizdə təxminən 500 meqavatt hidroenerji potensialından istifadə olunsun. Çünki orada kifayət qədər dağ çayları var ki, bu da hidroenerji imkanlarını artırır. Eyni zamanda, “Xudafərin”, “Qız Qalası” su elektrik stansiyalarının (SES) bizə aid olan hissəsinin verdiyi elektrik enerjisini də bunun üzərinə gəlsək, artıq biz hidropotensialın kifayət qədər böyük olduğunun və tam şəkildə istifadəsi istiqamətində tədbirlərin həyata keçirildiyinin şahidi ola bilərik”.

Direktorun sözlərinə görə, Azərbaycanın günəş enerjisi potensialı, əsasən, Cəbrayıl və Zəngilan, külək enerjisi isə Kəlbəcər-Laçın zonasında cəmlənib:

“Oradan əldə edilən bərpa olunan enerjinin həcmi kifayət qədər böyük olaraq dəyərləndirilir. Ona uyğun ötürücü şəbəkənin imkanları gərək mövcud olsun ki, stansiya tikildikdən sonra onun istehsal etdiyi elektrik enerjisi ötürsün. Çünki sözügedən ərazilərimizdəki enerji potensialı o zonanın özünün tələbatını dəfələrlə aşacaq. Oradan əldə ediləcək enerji ümumi Azərbaycan şəbəkəsinə ötürülməlidir. Azərbaycan şəbəkəsində də başqa stansiyalar olduğu üçün, böyük ehtimalla, onlar artıq ixraca yönəlik vəziyyətə gələcəklər.

Hazırda bp şirkəti ilə Cəbrayılda ilkin investisiya dəyəri 200 milyon dollar olan və 240 meqavatt (MVt) gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası (GES), eləcə də, hər biri 50 MVt gücündə olmaqla, “Üfüq” və “Şəms” GES layihələrinin tikintisi üzrə çox intensiv işlər həyata keçirilməkdədir. Bütün müqavilələr imzalanıb, torpaq sahələri bəllidir, şəbəkə ilə bağlı məsələlər bizim üçün tam aydındır və onların həyata keçirilməsi istiqamətində gündəlik rejimdə işlər davam etdirilir. Təqribən 2027-ci ilin sonunadək bu stansiyaların istismara verilməsi planlaşdırılır.

Eyni zamanda, Səngəçal terminalının elektrikləşdirilməsi üzrə də zəruri infrastruktur yaradılır. Bütün müqavilə bazası artıq yekunlaşıb. Bu, kifayət qədər mürəkkəb bir proses idi. Bu mürəkkəb prosesin uğurla başa çatması real iqtisadi modellərin və layihələrin səmərəliliyinin düzgün təhlili nəticəsində mümkün olub”.

C.Abdullayev qeyd edib ki, Laçın ərazisində külək enerjisi ilə bağlı ölçmələr aparılır:

“Biz planlaşdırırıq ki, bu ilin sonunadək banklar tərəfindən qəbul ediləcək məlumatlara sahib olacağıq. Ondan sonra investorlara həmin məlumatları təqdim edəcəyik. Təbii ki, müxtəlif şirkətlər tərəfindən həmin ərazimizdə külək enerjisi istehsalına maraq çox böyükdür. Hətta COP29-da imzaladığımız müqaviləyə uyğun olaraq, Kəlbəcərdə külək enerjisi istehsalı layihəsi çərçivəsində birgə müəssisə təşkil edilib. Həmin birgə müəssisə özü artıq Kəlbəcərdə ölçmələrə start verib. Bir il ərzində ölçmələrin yekunlaşacağı gözlənilir. Daha sonra layihə təklifləri irəli sürüləcək”.

Kəlbəcərdə külək elektrik stansiyası tikilə bilər

Bərpa olunan enerji istehsalı ilə bağlı texniki və iqtisadi potensialların nəzərə alınmalı olduğunu söyləyən agentlik rəsmisi bildirib ki, texniki potensial dedikdə ümumilikdə ərazidə günəş radiasiyası və küləyin sürətinin ölçmələri nəticəsində meydana gələn bir həcm nəzərdə tutulur, iqtisadi potensial isə bu texniki resursların hansı hissəsinin real iqtisadi səmərə ilə istifadə edilə biləcəyini göstərir:

“Təbii ki, bizim investorlarla işləməyimiz üçün ikinci göstərici, yəni iqtisadi potensial daha vacibdir. Eyni zamanda, küləyin sürətinin enerji istehsalı üçün lazım olan miqdardan aşağı olmaması, nəqliyyat-logistik baxımından ərazilərin əlçatan olması və bu kimi digər məsələlər xüsusi önəm kəsb edir.

Artıq işğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işləri çox böyük sürətlə həyata keçirilir. Məsələn, Kəlbəcərin əlçatmaz yerlərində küləyin potensialının çox olması onun texniki cəhətdən potensiala daxil olmasına səbəb olurdu. Amma iqtisadi cəhətdən biz onu nəzərdən keçirə bilmirdik. Çünki həmin əlçatmaz yerlərə getmək üçün yol yox idi. İndi isə bu məsələlərin bir çoxu aradan qaldırılıb. Hazırda həmin ərazilərimizə külək turbinlərini aparmaq və mövcud küləkdə onu qurmaq iqtisadi cəhətdən olduqca səmərəlidir. Bundan sonra isə Laçın-Kəlbəcərdə istehsal ediləcək elektrik enerjisinin şəbəkəyə qoşulması prosesi nəzərdən keçirilə bilər. Bu da onun iqtisadi səmərəsi amilinə gətirib çıxarır. Məsələn, bu gün biz Kəlbəcərdə 800 meqavatlıq külək elektrik stansiyası tikə bilərik. Amma şəbəkə ona hazırdırmı? Ona görə də bu istiqamətdə təhlillər aparılır, həmin ərazilərdə küləyin sürəti, mövcud infrastruktur öyrənilir”.

2027-ci ilin sonunadək 2 QVt-a yaxın gücdə bərpa olunan enerji mənbələri şəbəkəyə inteqrasiya edilə bilər

C.Abdullayev yaxın gələcəkdəki hədəflər və həmin dövrləri əhatə edəcək layihələrlə bağlı bunları qeyd edib:

“Ölkə üzrə birinci mərhələdə 2027-ci ilin sonuna qədər 2 QVt-a yaxın gücdə bərpa olunan enerji mənbələrini şəbəkəyə inteqrasiya edə bilərik. Bu sahədə Amerikanın “Tetra Tech”, Türkiyənin EPRA və CESİ şirkətləri ilə təhlillər aparılıb və zəruri addımlar müəyyənləşdirilib. CESİ şirkəti, həmçinin, bizim ixrac layihəmizdə də əsas məsləhətçi şirkət olaraq çıxış edir.

Yəni biz 2027-ci ilin sonunadək 2 QVt-a yaxın gücdə bərpa olunan enerji mənbələrini şəbəkəyə inteqrasiya etmək üçün görüləcək işləri müəyyənləşdirmişik. Bu proqram, həmçinin, enerji saxlanc sistemlərinin quraşdırılmasını da əhatə edir.

“Nəvahi” yarımstansiyasının tikintisi ilə bağlı işlərə start verilib. 330 kV-luq “Nəvahi” yarımstansiyasının 330 kV-luq hissəsinin tikintisi Azərbaycan tərəfindən, 500 kV-luq hissəsi isə Dünya Bankının ayırdığı 173 milyon dollar vəsait hesabına həyata keçirilir.

"Xızı-Abşeron" külək elektrik stansiyasında (KES) Abşeron rayonu üzrə 12, Xızıda isə hər birinin gücü 6.5 MVt olan 25 külək turbinindən 9-nun quraşdırılması başa çatıb. Turbinlərin quraşdırılmasında əlverişli hava şəraiti çox böyük rol oynayır. İstənilən halda 2025-ci ilin sonunadək bütün turbinlərin quraşdırılması və stansiyanın istismara verilməsi gözlənilir”.

Direktor agentlik olaraq yerli istehsalın təşviqi məqsədilə günəş və külək texnologiyaları üzrə istehsalçılarla danışıqların aparıldığını vurğulayıb:

“Bugünədək bizdə quraşdırılan avadanlıqlarda, günəş, külək stansiyalarında Çin texnologiyalarından istifadə olunub.

Təbii ki, bu layihələrin inkişafı istehsalçı şirkətlərin Azərbaycana marağını xeyli artırır. Biz bərpa olunan enerji sahəsində qarşılıqlı razılaşma əsasında müəyyən texnoloji həllərin tam və yaxud hansısa bir hissələrinin Azərbaycanda təşkil ediləcəyini gözləyirik.

İnnovativ inkişaf yalnız bununla məhdudlaşmır. Bizdə bərpa olunan enerji mənbələri sahəsində müəyyən təhsil layihələri də həyata keçirilir. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İngiltərənin bir universiteti arasında bu istiqamətdə işlər gedir. Yəni artıq xarici investisiya, xarici avadanlıq, xarici mütəxəssislərdən yerli podratçılara, texnologiyalara yönəlməyə doğru addımlayırıq. Azərbaycanda bu sahədə mütəxəssis hazırlığı da davam etdirilir. Müqavilələrimizdə də o tələb var ki, əgər hansısa bir sahədə Azərbaycanda mütəxəssis varsa, həmin layihədə azərbaycanlı mütəxəssisin iştirakı təmin olunmalıdır. Bir sözlə, bərpa olunan enerji sahəsində lokallaşdırma məsələsinin öz həllini tapması üçün əlimizdən gələni etməyə çalışırıq. Eyni zamanda, Azərbaycanda istehsal olunan avadanlıqlar qonşu ölkələrə, Qazaxıstana, Özbəkistana da ixrac edilə bilər. Bu, çox ciddi kompleks məsələlərdir”.


Elektrik enerjisinin ötürülməsi üzrə 4 müxtəlif dəhliz haqqında danışıqlar aparılır

C.Abdullayev xatırladıb ki, Azərbaycan COP29-da yaşıl enerji dəhlizləri təşəbbüsünü irəli sürdü:

“Hazırda elektrik enerjisinin ötürülməsi üzrə 4 müxtəlif dəhliz haqqında danışırıq:

  • Qara dənizin dibi ilə elektrik enerjisinin ötürülməsi üzrə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan dəhlizi;
  • Quru yolu ilə Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu;
  • Naxçıvan-Türkiyə (Zəngəzur dəhlizi və digər məsələlər də bu kontekstdə baxılır);
  • Özbəkistan və Qazaxıstandan Xəzər dənizinin dibi ilə Azərbaycana gələn marşrut.

Bu marşrutların özünün müəyyənləşdirilməsi, sadaladığım ölkələrlə danışıqların aparılması, ilkin razılığın əldə edilməsi, strateji sənədlərin imzalanması uzun bir prosesdir. Biz bu mərhələni geridə qoymuşuq və qarşılıqlı danışıqlar aparılır. İkinci mərhələdə layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanmalıdır. Biz agentlik olaraq elektrik enerjisinin ötürülməsi ilə bağlı Xəzər dənizi-Qara dəniz və Avropa, bir də Mərkəzi Asiya-Xəzər dənizi layihəsinin katibliyini aparırıq.

Qara dəniz layihəsində elektrik enerjisinin ötürülməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma ilə bağlı işlərə start verilib. İtaliyanın CESİ şirkəti sözügedən məsələ üzrə araşdırmalar aparır. Bu dəhlizlə bağlı Buxarestdə Azərbaycan ("Azərenerji"), Gürcüstan, Rumıniya və Macarıstanın ötürücü sistem operatorlarından ibarət birgə müəssisə təsis edilib.

Yeri gəlmişkən, bu müsəssisənin ilk rəhbəri Azərbaycandandır. Bu ilin sonuna Qara dənizin dibi ilə elektrik enerjisinin ötürülməsi üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın tərtib ediləcəyi gözlənilir. İlkin nəticələr onu deməyə əsas verir ki, layihə iqtisadi cəhətdən səmərəlidir.

Naxçıvan-Türkiyə üzrə elektrik enerjisinin ötürülməsi ilə bağlı ilkin təhlillər aparılır və layihənin texniki parametrləri müəyyənləşdirilir.

Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə elektrik enerjisinin ötürülməsi layihəsi də hələ yeni elan olunub. Buna baxmayaraq, bu istiqamətdə müəyyən təşkilatlanma, təssisatlanma işləri aparılır. Digər layihələrdə aparılan işlərin oxşarını, yəqin ki, bu marşrut üzrə də görəcəyik.

Mərkəzi Asiyaya elektrik enerjisinin ötürülməsi ilə bağlı AİB və AİİB hər biri 1 milyon dollar olmaqla vəsait ayırıb

Mərkəzi Asiya ilə də elektrik enerjisinin ötürülməsi üçün artıq Bakıda birgə müəssisə təsis olunub. Texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün Asiya İnkişaf Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AİİB) hər biri 1 milyon dollar olmaqla vəsait ayırıb. Bununla da layihənin texniki-iqtisadi əsaslandırmasının nədən ibarət olacağı müəyyənləşdiriləcək. Onun texniki tapşırığı tərəflər arasında razılaşdırılıb. Bank artıq layihənin necə davam edəcəyi ilə bağlı məsləhətçiləri seçmək üzərində işləyir.

“Deloitte” şirkəti ilə bərpa olunan enerjinin ixracının biznes modelinin hazırlanması işlərini yekunlaşdırmaq üzrəyik. Bu biznes modeli imkan verəcək ki, ölkəmizdə istehsal olunan bərpa olunan enerjinin Avropada istehlakçıya satılmasının bu stansiyalara çəkilən xərci qarşılayıb-qarşılamayacağını, iqtisadi səmərəli olub-olmayacağını müəyyənləşdirək. Təhlillər göstərir ki, ölkəmizdə bərpa olunan enerji üzrə ixrac layihələri müəyyən şərtlər daxilində iqtisadi cəhətdən səmərəlidir”.

Azərbaycanda bərpa olunan enerji layihələri üzrə yeni ərazilər müəyyənləşdirilib

Agentlik rəsmisi vurğulayıb ki, şəbəkəyə təsir baxımından ölkədə bərpa olunan enerji stansiyalarının paylanması çox vacibdir:

“Ölkə üzrə bir çox ərazilərdə belə stansiyaların qurulması nəzərdən keçirilir. Biz ikinci mərhələdə Çin şirkətləri ilə ölkəmizdə bərpa olunan enerji istehsalını müzakirə edirik. Bu mərhələdə biz ilk olaraq şəbəkəmizi öyrənməliyik. Bunun üçün Çin institutlarından biri ilə müqavilə bağlanılıb və bu yaxınlarda işlərə başlanılacaq. İnstitut 2028-ci ildən sonra şəbəkədəki məsələlərimizi modernləşdirib müəyyən təkliflər verəcək ki, şəbəkə nə qədər elektrik enerjisi qəbul edə bilər və hansı gücləndirmə tədbirləri lazımdır”.

Direktor onu da bildirib ki, elektrik enerjisinə tələbatın artması artıq qarşısıalınmaz xarakter alıb:

"Elektrik mühərrikli avtomobillərin dövriyyəyə girməsi, həyatımızın bir çox sahələrində elektrikləşmənin baş verməsi bu tələbatı istər-istəməz artırır. Bu tələbatın nə qədər artacağı, Azərbaycan sənayesi inkişafının nə qədər elektrik enerjisi tələb edəcəyi modelləşdirilməli, başa düşülməlidir.

Bütün bu tədbirlərdən sonra torpaq sahələrinin müəyyənləşdirilməsi məsələsi ortaya çıxır. Hazırda Füzulidə və Qaradağda yeni bir bərpa olunan enerji mənbələri (BOEM) layihəsini nəzərdə tuturuq. 3-4 digər rayonumuzda da ilkin sahələr müəyyənləşdirilib. Belə ki, Hacıqabul, İmişli və Kürədmir ərazilərində yeni BOEM layihələri ilə bağlı planlarımız var. Yəni həmin zonalar da bərpa olunan enerji istehsalı üzrə potensial ərazilər kimi müəyyənləşdirilib və müəyyən dəqiqləşdirmələrə ehtiyac var. Qeyd edilən rayonlarda BOEM layihələri üzrə texniki potensial var, onun iqtisadi potensiala çevrilib-çevrilməyəcəyi bir çox məsələlərdən asılıdır. Orada digər layihələr nəzərdən keçirilə və başqa iqtisadi fəaliyyət növləri üçün daha yararlı ola bilər. Həmçinin, orada nəqliyyat-logistika, eləcə də, şəbəkə məsələləri nəzərə alınmalıdır. Bütün bu məsələlər öyrənildikdən sonra yekun qərar qəbul edilməlidir”.

Dənizdə külək layihəsi ilə bağlı beş müxtəlif ərazi seçilib

C.Abdullayev dənizdə külək enerjisi layihələrindən də danışıb:

“Bu layihələr böyük həcmli bazarlar deməkdir. Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt (dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt) səviyyəsində qiymətləndirilir. Külək enerjisinə pik tələbatımız 4,5 qiqavatt həcmindədir. Qoyuluş güclərimizin həcmi isə bu göstəricini iki dəfə aşır. Ona görə də bu layihələrin hər biri ixrac üçün nəzərdə tutulmalıdır. Bunun üçün isə ixrac marşrutu olmalıdır.

Dənizdə külək layihəsi ilə bağlı əvvəlcə ərazi seçilməlidir. Dənizdə ərazinin seçilməsi qurudakına nisbətən çox çətindir. Amma biz artıq bütün aidiyyəti qurumlarla dənizdə külək enerjisi istehsalı ilə bağlı ərazinin seçilməsini razılaşdırmışıq. Xəzər dənizinin Abşeron yarımadasının şimal hissəsində dənizdə külək enerjisi istehsalı ilə bağlı beş müxtəlif ərazini müəyyənləşdirmişik. Bu ərazilərdə ən azı 10-15 giqavatlıq stansiya tikmək olar. Hazırda həmin zonaların bərpa olunan enerji mənbələri ərazisi kimi elan olunmasını gözləyirik. Bununla bağlı müraciətlərimizi də etmişik.

Daha sonra zəruri şəbəkə infrastrukturu (sahil infrastrukturu) quraşdırılmalıdır. Asiya İnkişaf Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu istiqamətdə təhlillərin aparılması üçün bizə vəsait də ayırıb.

Külək turbinini dənizdə quraşdırdıqdan sonra istehsal ediləcək elektrik enerjisini sahilə çıxarmaq üçün müəyyən ərazini təyin etmək lazım olacaq. Digər mühüm məsələ dənizdəki turbinlərin ölçüsünün çox böyük olmasıdır. Hətta indi eksperimental 26 meqavatlıq turbinlər haqqında danışırlar. Biz dənizdə küləyin sürətinin ölçmələrinə başlamışıq. Belə ki, hazırda Çin şirkətləri ilə birlikdə ölçmələrlə bağlı müqavilə bazasını yekunlaşdırırıq və ölçmələrə start veririk. Yəni əvvəlcə dənizdə külək ölçülməlidir və ondan sonra ona uyğun külək turbinləri müəyyənləşdirilməlidir. Daha sonra turbinlərin çatıdırılması üçün logistik həllər təklif edilməlidir.

Hazırda ən böyük istəyimiz dənizdə külək enerjisi layihələrində ciddi irəliləyişə nail olmaqdır. Bu istiqamətdə çox böyük maraq və rəqabət hökm sürür”.

Hidrogen istehsalı ilə bağlı məsələlər dərinləşdirilib, bu istiqamətdə strateji sənəd hazırlanır

C.Abdullayev qarşıdakı dövrdə təmsil etdiyi qurumun hədəflərini açıqlayıb:

“Ümumilikdə, 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırmaq əsas hədəflərimizdəndir.

Eyni zamanda, bildirmək istərdik ki, ilkin təhlillərimizə əsasən, hidrogen istehsalı ilə bağlı müəyyən addımlar atılıb. COP29 zamanı Azərbaycanın hidrogen üzrə milli strateji baxış sənədini təqdim etdik. İndi o məsələlər daha da dərinləşdirilir və strateji baxış sənədi əsasında fəaliyyət planının hazırlanması üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən artıq tender elan edilib. Bu layihə üzrə məsləhətçi şirkət cəlb olunacaq.

Xüsusi olaraq qeyd etmək istərdim ki, bütün o interkonnektor dediyim 4 layihədə hidrogen komponenti var. Bunlar öyrənilməlidir və bununla bağlı müəyyən təkliflər verilməlidir. Hidrogen enerjisinin istehsal ediləcəyi ərazini müəyyənləşdirmək və H2 valley klasterlərin yaratmaq məsələsinə AYİB layihəsi çərçivəsində baxılması nəzərdə tutulur. Bir kq hidrogen üçün təxminən 9 litr içməli su tələb olunur. Ona görə də yer seçimində bu amillərə nəzər yetirmək lazımdır”.

“Elektromobillik üzrə Milli Plan” 2025-ci ilin sonunadək qəbul edilə bilər

“Elektromobillik üzrə Milli Plan” artıq hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılması başa çatmaq üzrədir. Elektromobillərin və elektrik doldurma məntəqələrinin sayının sürətlə artımının fövqündə bu sahəni tənzimləyəcək normativ-hüquqi bazanı mükəmməl bir vəziyyətə gətirmək istəyirik.

Elektrik mühərrikli avtomobillərdən istifadənin artması 2030-ci ilədək olan milli prioritetlər sənədində də öz əksini tapıb. Bu istiqamətdə “Elektromobillik üzrə Milli Plan”ın qəbulu üçün öz təkliflərimizi aidiyyəti qurumlarla razılşadırıb təqdim etmişik. Əlimizdən gələni edəcəyik ki, ilin sonunadək sözügedən proqram qəbul edilsin”, - deyə C.Abdullayev fikirlərini tamamlayıb.

Seçilən
0
1
ekologiya.az

2Mənbələr