AZ

Cənubi Koreya və ABŞ Şimali Koreyanın nüvəsizləşdirilməsi üzrə razılığa gəlib

Vaşinqtonda keçirilən görüşdə regional təhlükəsizlik və əməkdaşlıq müzakirə olunub...

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon və ABŞ-ın dövlət katibi Marko Rubio Vaşinqtonda baş tutan görüşdə iki ölkə arasında əsas məsələləri müzakirə edib və Koreya yarımadasının tam nüvəsizləşdirilməsi istiqamətində qətiyyətlərini bir daha təsdiqləyiblər.

Poliqon xəbər verir ki, bu barədə məlumatı TASS Agentliyi Cənubi Koreya Xarici İşlər Nazirliyinə istinadən yayıb.

Görüş iyulun 31-də keçirilib və Ço Hyonun Cənubi Koreyanın xarici işlər naziri təyin olunmasından sonra ABŞ-a ilk səfəri çərçivəsində baş tutub. Səfərdən əvvəl o, Yaponiyada rəsmi danışıqlar aparmışdı.

Seulda bildirilib ki, tərəflər ikitərəfli münasibətləri, Yaponiya ilə üçtərəfli əməkdaşlığı və regiondakı vəziyyəti müzakirə ediblər. Həmçinin gömrük tarifləri ilə bağlı əldə olunmuş razılaşma münasibətilə qarşılıqlı təbriklərini ifadə edərək, gəmiqayırma sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Nazir və dövlət katibi, birgə müdafiə qabiliyyətini dəstəkləməklə, Şimali Koreyanın tam nüvəsizləşdirilməsi hədəfinə sadiq qalmaq barədə razılığa gəliblər.”

Tərəflər həmçinin Şimali Koreya ilə bağlı vəziyyətin qiymətləndirilməsi üzrə daim qarşılıqlı məlumat mübadiləsi aparmağı və sıx əlaqə saxlamağı razılaşdırıblar.

Ço Hyon və Marko Rubio ABŞ, Cənubi Koreya və Yaponiya arasında üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini də qeyd ediblər. Koreya naziri Seul və Vaşinqton arasında əlaqələrin yalnız təhlükəsizlik və iqtisadiyyat sahələrində deyil, eyni zamanda yüksək texnologiyalar sahəsində də güclənəcəyinə ümid etdiyini bildirib.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr