ABŞ Konqresinin Senatına Ukraynaya 54,6 milyard dollar məbləğində əlavə yardım ayrılması barədə qanun layihəsi təqdim edilib.
“Report” xəbər verir ki, bu barədə yuxarı palatanın Xarici İşlər Komitəsinin məlumatında deyilir.
Qanun layihəsinin müəllifləri komitənin baş demokratı Cinn Şahin (Nyu-Hempşir ştatı) və respublikaçı Lisa Murkovskidir (Alyaska ştatı). Layihəyə görə, 55 milyard dollara yaxın yardım Ukraynaya 2026-cı il (1 oktyabr 2025-ci ildə başlayacaq) və 2027-ci maliyyə illəri ərzində verilməlidir.
Qanun layihəsi Ukraynaya birbaşa hərbi yardımın, habelə ABŞ-nin hərbi-sənaye sektoruna investisiyaların ayrılmasını nəzərdə tutur. Bundan əlavə, onun müəllifləri Ukraynaya yardım üçün ABŞ-də dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirdən istifadəni təklif edirlər.
Senatorlar Ukraynaya hərbi yardım üçün 30 milyard dollar ayırmağı, xarici ölkələrə Amerika silahlarının alınması üçün qrant və kreditlərin verilməsini nəzərdə tutan “Foreign Military Financing” mexanizmi çərçivəsində Kiyevə 3 milyard dollar verməyi təklif etdilər.