BAKI, 01 avqust. TELEQRAF
Qəzzada ağır humanitar böhrana son qoyularsa və ehtiyacı olanlara yardım çatdırılarsa, atəşkəs razılaşması üçün danışıqlara dərhal qoşulmağa hazırıq.
Teleqraf xəbər verir ki, bu barədə hərbi hərəkatın yazılı bəyanatında qeyd olunur.
Bəyanatda deyilir: “Beynəlxalq ictimaiyyət və bütün əlaqədar tərəflər İsrailin Qəzzada törətdiyi qətliamı dayandırmalıdır. Yardımların təhlükəsizliyini təmin etmək, onun bütün ehtiyacı olanlara dərhal və məhdudiyyətsiz çatdırılmasını təmin etmək üçün təcili tədbirlər görülməlidir. HƏMAS dəfələrlə atəşkəslə bağlı razılığa gəlmək üçün ciddi danışıqlar aparıb. Lakin Benyamin Netanyahunun başçılıq etdiyi İsrail hökuməti razılığın əldə olunmasına maneələr yaratmağa davam edir".
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 7 oktyabr 2023-cü il tarixində başlayan hücumlardan sonra qida çatışmazlığı və aclıqdan ölən fələstinlilərin sayı 91-i uşaq olmaqla, ən azı 160-a yüksəlib.
Yerli mənbələr İsrailin sərhəd qapılarını 5 aydan çoxdur bağlı saxladığını bildirir.