BAKI. 01 avqust. TELEQRAF
Filippində 37 yaşlı kişi 75 yaşlı qonşu qadını cadugər hesab edərək tonqalda yandırıb.
Teleqraf xəbər verir ki, hadisə 26 iyulda baş verib.
Randi Kabrera Paran adlı şəxs qonşusunun cadugər olduğunu düşünərək ona hücum edib. Kişinin fikrincə, qonşu qadın ona qarşı "qara magiya" tətbiq edib və bu da onu cinayət törətməyə sövq edib. Paran, yaşlı qadını huşunu itirənə qədər döyüb, sonra onun üstünü quru yarpaqlarla örtərək yandırıb.
Daha sonra o, yerli keşişin müşayiəti ilə könüllü olaraq Kibave polisinə gələrək əməlini etiraf edib. Polisin məlumatına görə, şübhəli şəxsin psixi problemləri ola bilər - o, bu yaxınlarda boşanıb, depressiyadan əziyyət çəkib, keçmişdə isə narkotik maddələr qəbul edib. Hazırda həbsdə olan şəxsə qarşı ittiham irəli sürülüb. İstintaq davam edir.