AZ

İqtisadi cinayətlər ötən il Almaniyaya 2,76 milyard avro ziyan vurub

Berlin, 1 avqust, AZƏRTAC

Almaniya Federal Cinayət İdarəsi (BKA) iqtisadi cinayətlərin ötən il ölkəyə 2,76 milyard avro ziyan vurduğunu açıqlayıb. Bu, əvvəlki illə müqayisədə 2,9 faiz çoxdur.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, BKA-nın məlumatına əsasən 2024-cü ildə Almaniyada 61 mindən çox iqtisadi cinayət qeydə alınıb. Bu, 2023-cü illə müqayisədə 57,6 faiz çoxdur.

Şlezviq-Holştayn federal əyalətində genişmiqyaslı istintaq tədbirləri zamanı aşkarlanan cinayətlər statistikada mühüm yer tutub. Xüsusilə səhiyyə sahəsində saxtakarlıq və yanlış hesablamalarla bağlı çoxsaylı hadisələr aşkara çıxarılıb. BKA səhiyyə sistemindəki hesab-faktura saxtakarlıqlarının əhəmiyyətli maliyyə itkilərinə səbəb olduğunu açıqlayıb. Bu sahədə cinayətkar qruplaşmaların və hətta təşkilatlanmış cinayətlərin artdığı müşahidə olunur və bu fəaliyyətləri çirkli pulların yuyulması və vergi pozuntuları da müşayiət edir. BKA Almaniyada əhalinin yaşlanması və səhiyyə xərclərinin davamlı artmasının bu cür cinayətlərin gələcəkdə daha da artmasına şərait yarada biləcəyi barədə xəbərdarlıq edib.

Məlumata əsasən, ötən il iqtisadi cinayətlərin 88,9 faizinin üstü açılıb. Bu, əvvəlki illə müqayisədə 3,7 faiz çoxdur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
10
azertag.az

1Mənbələr