BAKI. 01 avqust. TELEQRAF
Böyük Britaniya, ABŞ və Fransa da daxil olmaqla 14 dövlət İran xüsusi xidmət orqanları tərəfindən Avropa və Şimali Amerikada müxtəlif şəxslərə qarşı qətl, insan oğurluğu və təzyiqlərin artması hallarını pisləyiblər.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
"Biz İran xüsusi xidmət orqanlarının Avropa və Şimali Amerikada insanları öldürmək, oğurlamaq və təqib etmək cəhdlərinə qarşı mübarizədə birləşmişik, bu, suverenliyimizin açıq şəkildə pozulmasıdır", - birgə bəyanatda deyilir.
Avstriya, Albaniya, Belçika, Kanada, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Niderland, İspaniya, İsveç, Böyük Britaniya və ABŞ hökumətləri İran hakimiyyətini "bu cür qanunsuz fəaliyyətləri dərhal dayandırmağa" çağırıblar.
Onlar bildiriblər ki, belə hərəkətlər "beynəlxalq cinayətkar şəbəkələrlə əməkdaşlıq çərçivəsində getdikcə daha da artır".