Almaniyanın nüfuzlu “Der Spiegel” jurnalı Rusiya prezidenti Vladimir Putinin daha 1994-cü ildə Krım, Şərqi Ukrayna və Şimali Qazaxıstanı Rusiyanın tarixi torpaqları hesab etdiyini ortaya qoyan sənədləri yayıb.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, nəşrin yazdığına görə, bu məlumat Almaniya Xarici İşlər Nazirliyinin həmin ilin ilk yarısına aid arxiv sənədlərində yer alıb. Həmin sənədlərdən birində, Almaniyanın Sankt-Peterburqdakı sabiq baş konsulu Eberhard fon Puttkamerin tərtib etdiyi qeyddə Putinin bu bölgələrə dair iddialarına geniş yer verilib.
“Onun sözlərinə görə, Krım, Şərqi Ukrayna və Şimali Qazaxıstan heç vaxt Rusiya üçün xarici ərazilər olmayıb və həmişə Rusiyanın bir hissəsi olub. Heç bir rus üçün bu bölgələrin başqa ölkələrin ərazisi olduğunu izah etmək mümkün deyil”, – deyə sənəddə bildirilir.
Foto: Vladimir Putin və Almaniya Bundestaqının sabiq sədri Volfqanq Tirze, 2000-ci il
Putin həmin dövrdə – 1994-cü ildə – Sankt-Peterburq hökumətində rəhbər vəzifələrdə çalışırdı. Şəhərin meri Anatoli Sobçak idi və o da Qərblə yaxın münasibətlərə rəğmən, Ukraynanı millətçiliyə görə tənqid edir və Krımın Rusiyaya məxsus olduğunu bildirirdi.
Arxiv qeydlərində Putinin Qərbi tənqid etdiyi və Rusiyanın maraqlarının anlaşılmadığını söylədiyi də qeyd olunur:
“Əgər Qərb bunu Rusiya imperializminin canlanması adlandırırsa, deməli, onlar Rusiya maraqlarını düzgün anlamırlar. Bu, rusların milli hissəsidir.”
Sözügedən sənədlər Rusiya Federasiyasının 2014-cü ildə Krımı ilhaq etməsi və 2022-ci ildən etibarən Ukraynaya qarşı başladığı genişmiqyaslı hərbi əməliyyatlar fonunda xüsusi siyasi və tarixi məna daşıyır.
//Mahir Ağa, Editor.az