Xameneyinin və Pezeşkianın, SEPAH-ın və Pezeşkianın, İran parlamentindəki panfarsçı qüvvələrin və Pezeşkianın, şovinist İran mediasının və Pezeşkianın Tehranın Azərbaycan siyasətinə baxışlarının nə dərəcədə köklü şəkildə fərqləndiyini görmək üçün Məsud bəyin Zəncəna səfəri çərçivəsində vilayət rəsmiləri və ictimaiyyət nümayəndələri ilə keçirilən görüşdə etdiyi çıxışına diqqət yetirmək kifayətdir.
Adam bir çıxışı ilə molla rejiminin Azərbaycana qarşı nifrət və düşmənçilik siyasətini yerdən yerə vurub və bu siyasətin uğur qazanmaq şansının olmadığını göstərib.
Gəlin onun çıxışına müxtəsər şəkildə nəzər salaq. Məsud Pezeşkian tədbir zamanı onun Xankəndi və Şuşaya səfəri ilə bağlı səsləndirilən tənqidləri dərin siyasi təfəkkür və məntiqlə cavablandırıb: “Müsəlmanlar qonşumuzdur, niyə biz onlarla münasibət qura bilməməliyik, amma İsrail bunu edə bilir? Başqalarının bölgəmizə sızmasının qarşısını almaq üçün qonşularımız və regional ölkələrlə birləşməli və cərgələrimizi sıxlaşdırmalıyıq. Biz müsəlmanlar birləşməliyik.
Azərbaycan da qonşu dövlətdir, Azərbaycan xalqı bizim doğmalarımızdır. Necə ola bilər ki, mən ora gedib səfər etdiyim Azərbaycanla razılığa gəlmirəm?
Biz onlarla qonşu ola-ola əlaqə yarada bilmirik. Necə olur ki, İsrail bunu kənardan gəlib edə bilir?
Əgər iki qonşu ölkə arasında əlaqələr qurulmasa, məsuliyyət İran tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır. Əgər rabitə qurulmazsa, deməli, günah bizdədir”.
İranın Azərbaycan əsilli prezidentinin bu sözləri mollalar üçün doğrudan da həm böyük dərsdir, həm də tərs şapalaqdır. O, açıq şəkildə deyir ki, ay ağalar, ay ayətullahlar, sizin qonşu Azərbaycana münasibətdə illər uzunu yürütdüyünüz siyasət kökündən səhvdir və bu düşmənçiliyin axırı İranın özünə zərər verə bilər.
Bir sözlə, Pezeşkian Zəncandakı çıxışı ilə mollalara başa salmağa çalışdı ki, Xankəndiyə etdiyi səfərə görə onun üzərinə gəlmək əvəzinə, Azərbaycana münasibəti dəyişmək lazımdır.
Bu çağırış onu göstərir ki, Pezeşkian İranın Azərbaycana qarşı ənənəvi destruktiv, qərəzli siyasətini dəyişməyin hava-su qədər vacib olduğunu anlayır.
İmkan versələr, Məsud bəyin bu cür işıqlı düşüncələri İranın qonşulara (ilk növbədə isə Azərbaycan və Türkiyəyə) qarşı zəhərli (toksik) siyasətini kökündən dəyişə bilər.
Ancaq çox təəssüf ki, mollalar isə bu cür inqilabi düşüncələrə hazır deyil. Ona görə də irəlidə Pezeşkiana qarşı hələ çox basqılara, tənqidlərə və təhqirlərə şahidlik edəcəyik. Allah ona qüvvət versin ki, bu basqıların qarşısında axıra qədər ayaqda qalmağı və mürtəce molla rejimini islah etməyi, bütövlükdə İran dövlətini doğru yola yönəltməyi bacarsın.