AZ

AZƏRTAC TASS-ın təxribatı ilə bağlı açıqlama yaydı

TASS-ın divarlarında Azərbaycan xalqına yad olan köhnə adın reanimasiya edilməsi cəhdi təəccüb doğurur.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi AZƏRTAC-ın açıqlamasında deyilir.

"İyulun 31-də Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayıb (https://tass.ru/obschestvo/24675415).

Elə sərlövhədən də göründüyü kimi, AZƏRTAC-ın uzun onilliklər ərzində daim qoruduğu və yüksək qiymətləndirdiyi mehriban münasibətlər, tərəfdaşlıq və hətta dostluq əlaqələri saxladığı agentliyin rəhbərliyi qəflətən əvvəlki kursunu dəyişib və tarixin zibilxanasına atılmış “Stepanakert” toponimini oradan çıxarıb. Halbuki bu yaxınlaradək agentlik öz xəbərlərində şəhərin rəsmi və tarixi adından – Xankəndidən istifadə edirdi (məsələn, 19 iyul - https://tass.ru/mezhdunarodnaya-panorama/24558165, 24 iyul - https://tass.ru/politika/24602463 və s.). TASS divarları arasında Azərbaycan xalqına yad və köhnə olan adın dirçəldilməsi cəhdi təəccüb doğurur və haqlı sual yaradır: görəsən, son bir həftə ərzində nə dəyişdi ki, Rusiya dövlət informasiya agentliyi keçmiş sovet dövrünə aid bir toponimi “diriltmək” qərarına gəldi?

Xankəndi XVIII əsrin sonunda yaranmış yaşayış məntəqəsinin tarixi adıdır. Azərbaycan dilindən tərcümədə bu, “Xanın kəndi” deməkdir. Xankəndidə İbrahimxəlil xanın malikanəsi yerləşirdi və orada hökmdara məxsus Qarabağ cinsinə aid atlardan ibarət at sürüsü saxlanılırdı.

1923-cü il iyulun 7-də ölkənin bolşevik rəhbərliyi tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldıqdan sonra (bu addım özü zamanla partlayacaq mina olmuş və Ermənistan-Azərbaycan inzibati-ərazi bölgüsündə ədalətsizliyin və disbalansın əsasını qoymuşdu) vilayətin inzibati mərkəzi olan Xankəndi şəhəri həmin il avqustun 10-da sovet tarixşünaslığının yazdığı kimi ,“Bakı kommunasının rəhbəri”, əslində isə Azərbaycan xalqının qanlı cəlladı olan Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırıldı.

Seçilən
3
publika.az

1Mənbələr