AZ

"Hana və David - bir nəfəs, bir ürək, bir tale" - 70 illik sevgi hekayəsi

"Onlar bir gün doğuldular, bir ömür sevdilər və eyni gün həyatdan köçdülər..."

Bəzən nağıllar gerçəyə çevrilir. "Onlar uzun illər xoşbəxt yaşadılar və bir gündə öldülər" - bu cümlə, sanki, İsraildə 70 ildən artıq birgə ömür sürmüş Hana və David Regev cütlüyü üçün yazılıb.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

91 yaşlı Hana və 93 yaşlı David eyni gün, cəmi bir neçə saat fərqlə vəfat ediblər. Bu hekayəni ilk olaraq jurnalistlər Hər şey "Yediot Ahronot" qəzetində dərc edilən  matəm elanından başlayın. Jurnalistlərin diqqətini çəkən hər iki nekroloqda eyni tarixin  yazılması olub. Ətraflı araşdırmadan sonra məlum olub ki, bu, yeddi onillik boyu bir-birinə qırılmaz tellərlə bağlı iki insanın heyrətamiz sevgi hekayəsidir.

Cütlüyün qızı Orna Şoval-Regev deyir: "Valideynlərimiz bir-birilərini dəlilər kimi sevirdilər. Onlar arasında dərin anlaşma və qarşılıqlı hörmət vardı. Həmişə bir dalğada idilər. Gecənin bir aləmində atam qəfil oyananda anam da dərhal hiss edirdi və yuxudan ayılırdı".

Qəlbin bircə yarası ölümə bəs etdi...

Orna son günü belə xatırlayır: "Atam köməkçisi ilə birlikdə ticarət mərkəzində idi. Bu zaman ağır xəstə olan anam dünyasını dəyişdi. Elə həmin anda atamın halı pisləşdi. Özünü pis hiss etdiyini dedi və evə qayıtmaq istədi. Orada ona anamın öldüyü xəbər verildi. Atam əllərini başına aldı və qışqırdı: "Kaş ki, o ölməmiş mən öləydim!" O andan etibarən o, susmadı. Qışqırır, inləyirdi. Biz onu xəstəxanaya çatdırdıq. Amma artıq çox gec idi. Bir neçə saat sonra o da dünyasını dəyişdi. Atam anamın ölümünə dözə bilmədi - ürəyi qırıldı".

Eyni gündə həm ata, həm anasını itirən Orna və qardaşı Dori üçün bu itkini sözlə ifadə etmək çətindir. Orna deyir: "Atamın o dəqiqə çəkdiyi ağrını gördüm. Anamın ölüm xəbərini eşidəndə sanki ruhu bədənindən çıxdı. O, gözlərini yumanda bildim ki, nəhayət, rahatlıq tapdı". Dori əlavə edir: "Onlar həmişə deyirdilər ki, bir gündə ölmək istəyirlər. Və bu arzu gerçəyə çevrildi".

Hekayələri İsrailin tarixi ilə iç-içədir

David Tel-Əvivdə doğulub, gəncliyində "Palmach" yəhudi hərbi təşkilatının döyüşçüsü olub, sonralar hərbi pilot kimi xidmət edib. Hana isə Polşadan cəmi 3 yaşında İsrailə köçüb, Herzliya məktəbində təhsil alıb, sonra Hayfada tibb bacısı kurslarına yazılıb.

Onların yolları 1948-ci ildə, İsrailin Müstəqillik Müharibəsi zamanı kəsişib - hər ikisi cəbhəyə çağırılıb. Toylarını Hananın ailəsinin Raanana şəhərindəki həyətində ediblər - qonaqlara qazlı su və sendviç verilib. Uzun illər Tel-Əvivdə yaşadıqdan sonra 1967-ci ildə Qivataimə köçüblər.

Dori öz kövrək xatirəsini bölüşür: "Valideynlərimin dəfn məsələsini danışmaq üçün "Xevra Kadişa" təşkilatına getmişdim. Orada ölüm tarixlərinə baxıb soruşdular: "Onlar qəza nəticəsindəmi ölüblər?" Mən cavab verdim: "Yox, bu təsadüf deyil, bu onların həyat tərzinin məntiqi sonluğudur".

70 il ərzində heç vaxt bir-birilərinə qışqırmadılar, dalaşmadılar. Onlar bu həyatı birgə yaşayıb, birgə başa vurmaq istəyirdilər. Və belə də oldu". Bu sevgi hekayəsi bizə göstərir ki, bəzən iki həyat eyni qəlbdə döyünür, bəzən bir sevgi bütün ömrə bəs edir. Hana və Davidin hekayəsi bir cüt insanın deyil, bir ömrün tərənnümüdür.

Seçilən
27
moderator.az

1Mənbələr