AZ

AZƏRTAC: “Xankəndi” əvəzinə “Stepanakert” ifadəsinin işlədilməsi narazılıq doğurdu

Azərbaycan Dövlət İnformasiya Agentliyi — AZƏRTAC, Rusiya dövlət agentliyi TASS-ın 31 iyul tarixli xəbərinə kəskin reaksiya verib.

Operativ Media xəbər verir ki, söhbət TASS-ın “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” başlıqlı məlumatından gedir.

AZƏRTAC bəyanatla çıxış edərək bildirib ki, TASS uzun illər ərzində Xankəndi adından istifadə etdiyi halda, qəfil olaraq sovet dövründən qalma və Azərbaycan xalqı üçün yad olan “Stepanakert” toponiminə qayıtması təəssüf və narahatlıq doğurub.

Agentlik bu addımı dostluq və tərəfdaşlıq ruhuna zidd kimi qiymətləndirib.

 Bəyanatda xatırladılıb ki, Xankəndi şəhəri XVIII əsrin sonlarında yaranıb və adını Qarabağ xanı İbrahimxəlil xanın mülkündən alıb. Sovetlər dövründə şəhərin adı Stepan Şaumyanın şərəfinə dəyişdirilsə də, 1991-ci ildə Azərbaycanın ali qanunverici orqanı tərəfindən tarixi adı bərpa olunub.  

AZƏRTAC qeyd edir ki, TASS-ın bu jesti Azərbaycan ictimaiyyətində haqlı narazılıq və suallar doğurub:  “Nə dəyişdi ki, TASS bir neçə gün əvvəl ‘Xankəndi’ dediyi şəhərə indi ‘Stepanakert’ deyir?”  Agentlik həmçinin xatırladıb ki, 2023-cü ildə Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldırıb, 2024-cü ildə keçirilmiş prezident seçkilərində də məhz bu şəhərdə səs verib.  

AZƏRTAC sonda Rusiya tərəfini bu cür hallardan çəkinməyə və iki agentlik arasındakı əlaqələrin pozulmamasına diqqət yetirməyə çağırıb. Əks təqdirdə, Azərbaycan tərəfinin də Kalininqrad (Königsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala) və digər yerləri tarixi adları ilə anmağa məcbur qalacağı xəbərdarlığı edilib.

Seçilən
87
operativmedia.az

1Mənbələr