Yay mövsümündə dəniz suyunun temperaturu artdıqca insan sağlamlığı üçün təhlükə yaradan bakteriyaların da yayılma ehtimalı yüksəlir. Artıq Türkiyə sahillərində "Vibrio cholerae" bakteriyası aşkarlanıb. Mütəxəssislər bildirir ki, bu bakteriya əsasən çirklənmiş su və çiy dəniz məhsulları vasitəsilə insan orqanizminə keçərək müxtəlif infeksiyalara səbəb ola bilər.Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən infeksionist Ləman Qalimova qeyd edib ki, bu bakteriya su ilə təmasda və ya həmin suda yetişmiş, lakin yaxşı bişirilməmiş midyə və digər dəniz məhsullarının qəbulu zamanı insanlara keçə bilər: “Vibrio cholerae" bakteriyası qonşu ölkə Türkiyənin bəzi sahillərində aşkarlanıb. Bu bakteriya əsasən su vasitəsilə insanlara keçir. Əgər su Vibrio ilə çirklənibsə, həmin suda olan və yaxşı bişirilməmiş dəniz məhsullarını qəbul etdikdə insan yoluxa bilər. Həmçinin belə sularda çimmək və üzmək də yoluxma ehtimalını artırır”.Onun sözlərinə görə, kanalizasiya suları ilə çirklənmiş sahələrdə çimmək xüsusilə risklidir:“İnsanlar nəzarətsiz dəniz ərazilərində və çirklənmiş suda çimməkdən çəkinməlidir. Yoluxma mümkündür, lakin gigiyenik qaydalara riayət etməklə və dəniz məhsullarını yaxşı bişirib istehlak etməklə bu riski minimuma endirmək olar”, – deyə o əlavə edib.Qeyd edək ki, Vibrio bakteriyaları bağırsaq infeksiyaları, qızdırma, qusma və ağır hallarda qan zəhərlənməsi (sepsis) kimi fəsadlara səbəb ola bilər. Mütəxəssislər immun sistemi zəif olan şəxsləri xüsusilə ehtiyatlı olmağa çağırır.Ülkər Cəlilzadə / Metbuat.az