"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarında "Petrokub"a 4:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
İlk oyunda qazanılan 2:0 hesablı qələbə bizi rahatlaşdıra bilərdi deyə narahat idim. Biz bilirdik ki, rəqibdən güclüyük. Amma rahatlaşmaq olmazdı. Bugünkü oyunda rəqibdən tam üstün oynadıq. İlk 3 qolu vurduqdan sonra oyundan həzz almağa başladıq. Rəqib fərqləndikdən sonra oyunçularımın reaksiyası xoşuma gəldi. Bu oyun gələcək üçün çoxlu informasiya verir. İnkişafımız üçün bu önəmlidir. 2-ci hissədə topun nəzarəti bizim tərəfimizdə idi, buna baxmayaraq rəqibin 3-cü bölgəsində çox şanslar qaçırdıq. Bunun üzərində işləməliyik.
Mütəxəssis bildirib ki, Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlmək göründüyü kimi asan deyil: "Oyun bitdikdən sonra hesaba baxdıqda sizə asan görünə bilər. Amma hər kəsə hörmət edirik. Bu nəticə üçün futbolçularım çox əziyyət çəkdilər. Qələbənin arxasında çox ağır iş dayanır".
V.Dambrauskas Ayaz Quliyevin sarı vərəqə epizodundan danışıb: "Mənə görə asan sarı vərəqə idi. Təbii ki sarı kartlar oyunun bir parçasıdır. Ayaz ilk görüşdə meydanda yox idi. Bu gün sona qədər döyüşmək istəyirdi. Bəzən layiq olmadığını düşünürsən, bəzən də əksini".
O, hücum futbolu oynatmağı sevdiyini bildirib: "Hər hücumda bütün komandanın əməyi var. Bəzən çalışırıq ki, qollar da buraxmayaq. Bunun üçün hər zaman hücum futbolu barədə danışırıq".
Mütəxəssis növbəti rəqibdən danışıb: "Bu seçimim nəticəyə təsir göstərməyəcək. Ona görə də önəmi yoxdur. Belə şeylərə sərf edəcək enerjim yoxdur".