AZ

Dambrauskas: “Petrokub”dan tam üstün oynadıq”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Petrokub”a qarşı keçirdikləri cavab matçını şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Moldova klubları arasında Masazırda baş tutmuş oyun “bayquşlar”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“İlk oyunda qazanılmış 2:0 hesablı qələbənin bizi rahatlaşdıracağından narahat idim. Rəqibdən güclü olduğumuzu bilirdik. Amma buna görə rahatlaşmaq olmazdı. Bu oyunda da rəqibdən tam üstün oynadıq. İlk 3 qolu vurduqdan sonra oyundan həzz almağa başladıq. Rəqib fərqləndikdən sonra oyunçularımın reaksiyası xoşuma gəldi. Bu oyun gələcək üçün çoxlu informasiya verir. Bu, inkişafımız üçün də önəmlidir. İkinci hissədə topa nəzarət bizim tərəfimizdə idi, buna baxmayaraq, rəqibin 3-cü bölgəsində çox şanslar qaçırdıq. Bunun üzərində işləməliyik”.

Dambrauskas hesabın böyük olmasına baxmayaraq, asan qələbə qazanmadıqlarını vurğulayıb:

“Oyun bitdikdən sonra hesaba baxdıqda sizə asan görünə bilər. Amma hər kəsə hörmət edirik. Bu nəticə üçün futbolçularım çox əziyyət çəkdilər. Qələbənin arxasında çox ağır iş dayanır.

Mən hücum futbolu oynatmağı sevirəm. Hər hücumda bütün komandanın əməyi var. Bəzən çalışırıq ki, qollar da buraxmayaq. Bunun üçün hər zaman hücum futbolu barədə danışırıq”, deyə Dambrauskas vurğulayıb.

“Petrokub”un baş məşqçisi Şota Maxaradze isə komandasının məğlubiyyətini belə şərh edib:

“Qələbə münasibətilə “Sabah”ı təbrik edirəm. Onlar artıq növbəti mərhələlədədir. Biz Kişinyovdakı matçdan sonra çətin durumdaydıq. Bakıdakı matçda daha çox risk etməli olduğumuzu başa düşürdük. Sonda da iki qol buraxdıq. Lazmsız qollar gördük qapımızda. Təbii ki, belə səhvlər bağışlanılmır.

Düzünü desəm, birinci matçda 82 dəqiqə rəqiblə eyni səviyyədə futbol göstərdik. Qol imkanlarımız da var idi. Amma qapımızda qollar gördük. Son dəqiqələrdə ikinci qolu buraxmışdıq. Bu görüş də oradakı oyunun davamı kimi odu. Təbii ki, bu cür uduzmaq xoş olmur. Amma bilirik ki, yaxşı komandamız var”.

Seçilən
4
arena.az

1Mənbələr