AZ

"Hindistanda yeni qan qrupu aşkarlanıb: Tibbdə nadir kəşf

"CRIB adlı əvvəllər məlum olmayan qan qrupu elm dünyasını heyrətə gətirib..."

Hindistanın cənubundakı Karntaka ştatında 38 yaşlı bir qadının qanında hələ indiyə qədər elmə məlum olmayan yeni bir antigen aşkar olunub. Bu kəşf təkcə Hindistanın deyil, dünyanın qan təbabətində nadir hadisə kimi qeyd olunur.

Moderator.az xəbər verir ki, bu barədə "science.mail.ru" nəşri məlumat yayıb.

Pasiyent Kolardandır və o, ürəyində aparılması planlaşdırılan əməliyyat üçün xəstəxanaya yerləşdirilib. Qan qrupu ilk baxışdan çox yayılmış olan 0 Rh+ kimi təsnif edilsə də, qəribə bir uyğunsuzluq ortaya çıxıb: nə yaxınlarının, nə də xəstəxananın donor qan ehtiyatlarının heç biri uyğun gəlməyib.

Əməliyyat zamanı qana ehtiyac yarana biləcəyindən həkimlər bu fenomeni dərindən araşdırmaq qərarına gəlib. Nümunələr əvvəlcə Banqalordakı Rotary TTK Qan Mərkəzinə, daha sonra isə Böyük Britaniyanın Bristolda yerləşən Beynəlxalq Qan Qrupları Referens Laboratoriyasına göndərilib. Aparılan seroloji və molekulyar-genetik testlər nəticəsində təxminən on aylıq araşdırmalardan sonra elmə yeni bir antigenin - CRIB-in mövcudluğu təsdiqlənib.

CRIB nədir və bu kəşf nə deməkdir?

Yeni aşkar olunan antigen "Cromer", "India" və "Bangalore" sözlərinin birləşməsindən yaranan CRIB adını alıb. O, nadir Kromer qan sistemi daxilində təsnif olunur və bu qadın dünyada həmin antigenə sahib olduğu təsdiqlənmiş ilk insandır. Kəşf 2025-ci ilin yayında Milanda keçirilən Beynəlxalq Qan Transfuziyası Cəmiyyətinin 35-ci regional konqresində təqdim olunub.

Xoşbəxtlikdən, həkimlər əməliyyatı donor qanından istifadə etmədən, maksimum ehtiyatla həyata keçirə bilib. Beləliklə, qadın həyatını riskə atmadan ürək əməliyyatından uğurla çıxıb. Maraqlıdır ki, alimlər bu qeyri-adi antigenin genetik mənşəyini araşdırarkən, Hindistanda hələ də davam edən qohumlararası evliliklərin mümkün təsirini istisna etmir.

Bu hadisə tibb dünyasında donor qan uyğunsuzluğu ilə bağlı yanaşmaların yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. Artıq Hindistanda nadir qan qrupları üçün xüsusi donor reyestrinin yaradılması təşəbbüsü də başlayıb. CRIB kimi antigenlərin müəyyənləşdirilməsi, gələcəkdə həyati əhəmiyyətli əməliyyatlar zamanı uyğun donor tapılmasını asanlaşdıra, diaqnostik prosesləri təkmilləşdirə və saysız-hesabsız insanların həyatını xilas edə bilər.

Seçilən
14
moderator.az

1Mənbələr