AZ

Fond bazarında qarışıq dinamika

ABŞ fond indeksləri Federal Ehtiyat Sisteminin (FED) son qərarından sonra günü fərqli istiqamətlərdə başa vurub. 

"Cebheinfo.az" xəbər verir ki, çərşənbə günü Dow Jones Industrial Average və S&P 500 ticarəti mənfi zonada başa vurduğu halda, Nasdaq Composite indeksi yüksəlişlə bağlanıb.

ABŞ Mərkəzi Bankı (FED) iclasda baza faiz dərəcəsini illik 4,25-4,5% səviyyəsində sabit saxladığını açıqlayıb. Lakin qərar yekdil qəbul edilməyib. FED İdarə Heyətinin üzvləri Kristofer Uoller və Mişel Bowman qərarın əleyhinə səs verərək faizlərin 25 baza bəndi azaldılmasını istəyiblər.

“The Wall Street Journal” yazır ki, FED sədri Cerom Pauell qərardan sonra keçirilən mətbuat konfransında sentyabr iclasında uçot dərəcəsinin endiriləcəyinə dair heç bir siqnal verməyib. Onun sözlərinə görə, tənzimləyici qurum statistik göstəricilərə əsaslanaraq qərar verir və əvvəlcədən mövqe bildirmir.

Pauell vurğulayıb ki, ABŞ-də əmək bazarı hələ də güclü qalır və inflyasiya FED-in hədəflədiyi 2%-dən yüksəkdir. Bu vəziyyətin “orta dərəcədə məhdudlaşdırıcı pul siyasətini” zəruri etdiyini deyən FED rəhbəri əlavə edib ki, sentyabrda keçiriləcək növbəti iclasadək qurum geniş iqtisadi məlumatları qiymətləndirəcək.

Qeyd edək ki, investorlar arasında faizlərin endirilməsi ilə bağlı gözləntilər artsa da, FED-in ehtiyatlı mövqeyi risk iştahını azaltmağa davam edir.

Seçilən
14
cebheinfo.az

1Mənbələr