BAKI, TurkicWorld
İsrailin razılığı olmadan Fələstin dövlətinin yaradılması mümkün deyil.
TurkicWorld xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio "Fox Radio"-ya verdiyi müsahibədə bildirib.
"Fələstini tanıyan ölkələrin heç biri faktiki olaraq bir Fələstin dövləti yarada bilməz. Belə bir dövlətin yaradılması yalnız İsrailin razılığı ilə mümkün ola bilər" - deyə, Rubio bildirib.
Dövlət katibi, eyni zamanda, digər ölkələrin Fələstini birtərəfli şəkildə tanımasını məqsədəuyğun olmayan və əksinə, zərərli bir addım kimi dəyərləndirib.
Onun sözlərinə görə, "bu ölkələr hələ Fələstin dövlətinin harada yerləşdiyini və kim tərəfindən idarə olunacağını belə müəyyənləşdirə bilməyiblər".
Xatırladaq ki, iyulun 24-də Fransa Prezidenti Emmanuel Makron sentyabrda keçiriləcək BMT Baş Assambleyasının sessiyasında Fələstin dövlətini tanımağa hazır olduğunu açıqlamışdı. İyulun 29-da isə Britaniyanın Baş naziri Kir Starmerin ofisi bəyan etmişdi ki, əgər İsrail Qəzza zolağında hərbi əməliyyatları davam etdirərsə və humanitar yardımın çatdırılmasına mane olarsa, Böyük Britaniya da Fələstini tanıya bilər.
Bundan əvvəl 11 Avropa ölkəsi, eləcə də Avstraliya və Yeni Zelandiyanın xarici işlər nazirləri Fələstinin tanınması ilə bağlı bənzər mövqe sərgiləmişdilər. Məsələ Nyu-Yorkda keçirilən beynəlxalq konfransda da gündəmə gətirilib. Kanada Baş naziri Mark Karni isə yaxın gələcəkdə Fələstini tanımaq niyyətində olduqlarını açıqlayıb.