“Petrokub” (Moldova) bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Sabah”ın qonağı olub.
Rekord.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən oyundan sonra Moldova klubunun baş məşqçisi Şota Makaradzenin mətbuat konfransı keçirilib.
Gürcü çalışdırıcı 1:4 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Sabah”ı təbrik etmək istəyirəm, növbəti mərhələyə adladılar. İlk oyundan sonra çətin vəziyyətə düşdük. İkinci oyunda başa düşürdük ki, daha çox risk etməliyik, hücüma çıxmalıyıq. Bunun nəticəsində iki qol buraxdıq, daha sonra fərqlənib oyuna qayıtdıq. Amma sonrada lazımsız daha iki qol buraxdıq və belə olanda səhvlər bağışlanmır.
İlk oyunda biz 82 dəqiqə bərabər səviyyəli oyun oynadıq. Sonlara yaxın qol buraxdıq. Bu bugünkü oyuna təsirsiz ötüşmədi.
Təbii ki, məğlubiyyətlər karyerama ciddi təsir göstərəcək. Amma mən düşünürəm ki, bizim yaxşı komandamız var”.
İki oyunun nəticəsinə əsasən 1:6 hesabı ilə məğlub olan “Petrokub” avrokuboklarda mübarizəni dayandırıb.