ABŞ Prezidenti Donald Tramp “Truth Social”da Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə sərt cavab verib. O, Medvedevin sözlərinə diqqət etməsini istəyib və onu “təhlükəli ərazilərə girməkdə” ittiham edib. Tramp bu açıqlamanı Medvedevin Rusiyaya qarşı sanksiyalar tətbiq olunacağı təqdirdə ABŞ-ni müharibə ilə hədələməsinə və Ukrayna ilə danışıqlara dair Trampa qarşı sərt ifadələrinə cavab olaraq verib.
Mövzu ilə bağlı Redaktor.Az-a danışan politoloq Turab Rzayev bildirdi ki, Rusiya həmişəki ritorikasına sadiq qalaraq ABŞ-ni təhdid edir:
"Bundan əvvəl də Rusiya bu ritorikaya əl atıb. Lavrov dəfələrlə Avropada nüvə müharibəsi başlaya biləcəyini və nüvə silahından istifadə edə biləcəklərini bildirib. Medvedev də bu ritorikaya əl atır. O, Trampın Rusiya-Ukrayna müharibəsinə qarışmamasına və Rusiyanın sanksiyaları tətbiq etməməsinə çalışır. Rusiyadan cənub dövlətlərinin, məsələn Braziliya, Çin və Hindistanın enerji alışlarına sanksiya qoyulmamasını istəyir. Bunu da çox sərt dildə tələb edib. Aydın məsələdir ki, Trampın cavabı gecikmir. O, açıq şəkildə Medvedevi təhqir edir, onu real siyasi şəxs kimi tanımadığını bildirir və hələ də özünü Rusiya prezidenti adlandıran mənasız şəxs kimi təqdim edir.
Eyni zamanda, görünür ki, Tramp bu məsələdə ciddi hazırlaşır. Məsələn, sanksiyaların müddətini 50 gündən 12 günə endirmək bununla bağlıdır. Görünür, Hindistanı məcbur edəcəklər ki, Rusiya neftindən və qazından imtina etsin. Braziliyanı da ola bilsin məcbur etməyə çalışacaqlar. Ancaq Çini bundan imtina etdirmək daha çətin olacaq. Ola bilsin, ona görə Tramp hələ ki, Çinin adını çəkmir".
Siyasi şərhçinin fikrincə, Tramp Rusiyaya qarşı addımları daha da sərtləşdirəcək.
"Ancaq mən indiki dövrdə tərəflərin nüvə müharibəsinə gedəcəyini düşünmürəm. Düşünmürəm ki, Rusiya nüvə müharibəsinə əl atacaq və ya ABŞ Rusiyaya müharibə elan etsin. Aydın məsələdir ki, Rusiya-Ukrayna müharibəsi getdikcə şiddətlənir, Rusiya daha çox ərazi ələ keçirməyə çalışır. Trampın sanksiyalarla bağlı addımları və Ukraynaya yardımları da bu prosesə bağlıdır. Eyni zamanda, Rusiyaya qarşı sərt ritorikası da bununla əlaqəlidir. Tramp istəyir ki, Rusiya hücumları dayandırsın və ən azından indiki şəraitdə atəşkəs əldə olunsun. Rusiya isə bu danışıqlar müddətindən maksimum yararlanıb daha çox ərazi ələ keçirməyə çalışır", - deyə T. Rzayev əlavə etdi.
Xədicə BAXIŞLI