Gələn ay Azərbaycanda bütün provayderlərin eyni anda internet qiymətlərində minimal tarifləri qaldırmasının bir ili tamam olacaq.
Ötən il ilk olaraq Aztelekom dövlət provayderi 15 avqustdan etibarən minimal tariflərin qaldırılacağını açıqladı. Ardınca digər provayderlər də eyni addımı atdı. Nəticədə hazırda bütün provayderlərdə minimal aylıq internet tarifi 25 manat təşkil edir.
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Medianews.az-a açıqlamasında deyib ki, o zaman belə bir addımın ilk olaraq dövlət provayderi tərəfindən atılması diqqət cəlb etmişdi: “İnternetin sürətinin artırılması və ölkə üzrə daha geniş əlçatanlığın təmin olunması istiqamətində son zamanlar atılan addımlar təqdirəlayiqdir. Lakin istifadəçilərə tələbat baxımından alternativ seçim imkanlarının verilməməsi, məcburi tariflərə qoşulmanın təşviq edilməsi ciddi narahatlıq doğurur.
Ötən il bu qərarlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “kartel sövdələşməsi” və “seçim imkanlarının məhdudlaşdırılması” kimi qiymətləndirilmiş, provayderlərə qarşı araşdırmalara başlanmışdı. Amma hələ də bu araşdırmanın nəticələri ictimaiyyətə açıqlanmayıb.
Son aylarda Aztelekom-un daxil olduğu AZCON Holdinq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi regionlarda yaşayanlar üçün daha sərfəli tariflərin tətbiq ediləcəyini və seçim imkanlarının yaradılacağını vəd etsə də, hələ ki, bu reallaşmayıb”.