AZ

Türkiyə nüvə silahı əldə edə bilərmi?- Türkiyə vətəndaşları bunu istəyir 

İsrail və İran arasında baş vermiş 12 günlük müharibədən sonra Türkiyədə nüvə silahına münasibət kəskin dəyişib. İyul ayında “Research İstanbul” şirkətinin keçirdiyi sorğuya əsasən, Türkiyə vətəndaşlarının əksəriyyəti ölkənin öz nüvə arsenalını yaratmasını dəstəkləyir.

1979-cu ildən etibarən Türkiyə nüvə silahlarının yayılmaması üzrə müqavilənin iştirakçısıdır və bu, ölkəyə nüvə silahı hazırlamağı, sınaqdan keçirməyi və saxlamağı qadağan edir. Lakin son sorğunun nəticələrinə əsasən, respondentlərin 71 faizi bu mövqenin yenidən nəzərdən keçirilməsini tələb edir. Analitiklər bu dəyişikliyin əsas səbəbi kimi bölgədəki münaqişələrin artırdığı təhlükə hissini göstərirlər.

Sorğunun nəticələrinə görə, respondentlərin 72 faizi Türkiyəyə birbaşa təhlükə yaranacağı halda NATO-nun real dəstək verəcəyinə inanmır. İsrail-İran qarşıdurması bu narahatlığın yalnız bir hissəsini təşkil edir. Digər mühüm faktorlar sırasında Rusiya-Ukrayna müharibəsi, ABŞ və Çin arasında iqtisadi rəqabət, eləcə də Aralıq dənizi və Egey bölgələrində Qərb müttəfiqləri ilə gərginliklər yer alır.

Türkiyənin ətrafı Balkanlar, Yaxın Şərq və Cənubi Qafqaz kimi daimi gərginlik zonaları ilə əhatələnib. Bu coğrafi həssaslıq ictimaiyyətdə təhlükə qavrayışını daha da artırır. Ölkədaxili siyasi debatlarda tez-tez səslənən “xarici düşmən” ritorikası artıq real təhlükə kimi qəbul olunur.

İstanbul Bilgi Universitetinin professoru, London Universiteti ilə əməkdaşlıq edən Erdi Öztürk bildirib ki, ictimaiyyət daxili siyasi fikir ayrılıqlarına və iqtisadi problemlərə baxmayaraq, müdafiə məsələsində misli görünməmiş həmrəylik nümayiş etdirir.

Türkiyənin milli hərbi sənayesinə yatırılan sərmayələr cəmiyyət tərəfindən müsbət qarşılanır. Respondentlərin əksəriyyəti ölkənin müdafiə imkanlarının artmasını dəstəkləyir. Bununla belə, hava hücumundan müdafiə sistemlərinə inam hələ də aşağıdır — respondentlərin yarıdan çoxu hesab edir ki, Türkiyə havadan gələn təhdidlər qarşısında hələ də zəifdir.

Bu problemləri nəzərə alaraq, Ankara 2024-cü ildən etibarən SUNGUR, KORKUT, GÜRZ, Hisar-A, Hisar-O və SİPER sistemlərinin inteqrasiyasına başlayıb. Eyni zamanda süni intellektə əsaslanan yeni hava müdafiə kompleksi — “Polad Günbəz” də təqdim olunub. Bundan əlavə, Türkiyə və Böyük Britaniya arasında Eurofighter qırıcılarının alınması barədə saziş imzalanıb. Bu təyyarələr, beşinci nəsil “Kaan” qırıcısı tam istismara verilənədək yaranmış boşluğu dolduracaq.

İsrailin hava hücumundan müdafiə sistemlərini keçərək hədəfləri vuran İran raketləri Türkiyədə narahatlıq yaradıb. Ankara uzun mənzilli raket sistemlərinin yoxluğunu ciddi təhlükə hesab edir. Buna cavab olaraq, Türkiyə “IDEF-2025” sərgisində ilk dəfə olaraq “Tayfun” Blok 4 ballistik raket kompleksini təqdim edib. Lakin bəzi ekspertlər bu layihəni aralıq mərhələ sayır və tammiqyaslı nüvə tutumlu raket proqramının zəruriliyini vurğulayırlar.

NATO-ya inamsızlıq da artır. NATO-nun son Haaqa sammitində Prezident Rəcəb Tayyib Ərdoğan alyansın kollektiv müdafiə prinsipini xatırlatsa da, ictimai rəy tam əksini göstərdi: 72 faiz respondent inanır ki, Türkiyəyə hücum olacağı təqdirdə NATO yardım etməyəcək. Bu da nüvə silahının ölkə təhlükəsizliyinin yeganə zəmanəti kimi qəbul edilməsinə səbəb olur.

Bununla belə, beynəlxalq nüvə razılaşmalarından çıxmaq Türkiyə üçün ciddi risklər doğurur. Bu, ölkəyə qarşı iqtisadi sanksiyalar və diplomatik təcridə səbəb ola bilər. Amma artıq bu məsələ ictimai diskussiyanın bir hissəsinə çevrilib və kənar mövqe kimi qəbul olunmur.

“Akkuyu” layihəsi: yarımaddım, yoxsa hazırlıq mərhələsi?
Bu fondda Türkiyənin Rusiyanın “Rosatom” şirkəti ilə birlikdə həyata keçirdiyi “Akkuyu” Atom Elektrik Stansiyası layihəsi xüsusi əhəmiyyət daşıyır. 20 milyard dollarlıq layihə çərçivəsində inşa edilən dörd reaktorun ümumi gücü 4800 meqavat olacaq və 2026-cı ildə istismara veriləcəyi gözlənilir.

Rəsmi olaraq layihə yalnız mülki məqsədlərlə həyata keçirilsə də, texnoloji infrastruktur və kadr hazırlığı gələcəkdə bu imkanların hərbi məqsədlərlə də istifadə oluna biləcəyinə işarədir — xüsusilə siyasi kurs dəyişərsə.

Türkiyənin nüvə silahı istəyi artıq sadəcə siyasi bəyanat deyil — bu, ölkə cəmiyyətinin real təhlükə qavrayışının və təhlükəsizlik strategiyasının bir hissəsinə çevrilməkdədir.haqqin.az

Seçilən
14
moderator.az

1Mənbələr