“Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la cavab matçının hakimləri açıqlanıb.
Oyun İtaliyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşü FİFA referisi Luka Payretto idarə edəcək.
Ona yan xətt hakimləri qismində Cüzeppe Perrotti və Xaled Bahri köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Paride Tremolada yerinə yetirəcək.
41 yaşlı hakimi kifayət qədər təcrübəli hesab etmək olar. 25 ildir hakimliklə məşğul olan Payretto hazırda İtaliyanın A Seriyasında öncüllərdən sayılır.
Karyerası boyunca 352 qarşılaşmada meydanda əsas söz sahibi olub. Bu matçlarda 147 dəfə penalti nöqtəsini göstərib, 158 dəfə qırmızı vərəqəyə əl atıb. Az qala hər bir oyundanbir ya “qırmızı” göstərir, ya da “nöqtə”yə qaçır.
Təmsilçilərimizin avrokubok qarşılaşmalarında baş hakim funksiyasını yerinə yetirməsə də, Splitdə onu yaxşı xatırlayırlar.
Ötən mövsüm Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən “Hayduk” – “Rujomberok” duelini məhz Luka idarə edib.
Slovakiya təmsilçisinin 1:0 hesabı ilə qələbə qazanıb pley-offa yüksəldiyi qarşılaşmada italyan hakim xorvatların üç futbolçusuna sarı vərəqə göstərib, Filip Urekoviçi qırmızı vərəqə ilə meydandan qovub.
Azərbaycanlılar Payrettonu xatırlamasa da, ölkəmiz onun üçün tanış məkandır.
2023-cü ilin dekabr ayında “Qarabağ” Bakıda “Hekken”i qonaq edəndə bu hakim VAR-a cavabdehlik daşıyıb. Oyun 2:1 təmsilçimizin xeyrinə başa çatıb.
Bundan 1 il əvvəl yenə “Qarabağ” üçün və yenə VAR hakimi qismində gəlib. Avropa Liqasının qrup mərhələsində keçirilən qarşılaşmada ağdamlılar 3:0 hesablı qələbəyə sevinib.
Bu axşam “Polyud” stadionunda reallaşacaq “Hayduk” – “Zirə” dueli Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bakıdakı ilk qarşılaşma 1:1 hesabı ilə yekunlaşmışdı.
HƏBİB / SPORTİNFO.AZ