AZ

“Azadlıq əxlaqsızlıq deyil” - Mütəxəssislər cəmiyyətin səbir həddini ölçür

“Əxlaqlı cəmiyyətdə həm kişilər, həm də qadınlar geyimlərinə qarşı məsuliyyətli olurlar”

Son günlər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan mövzulardan biri də geyimin əxlaq göstəricisi olub-olmaması sualıdır. Bu müzakirənin alovlanmasına səbəb isə "Dream Fest" tədbirində müğənni Nigar Camalın səhnəyə açıq-saçıq libasda çıxması oldu. Sənətçinin geyimi cəmiyyətdə iki fərqli münasibətlə qarşılandı: bir tərəf bunu şəxsi azadlıq və səhnə estetikası çərçivəsində dəyərləndirsə də, digərləri bunu cəmiyyətin əxlaqi dəyərlərinə zidd saydı. Geyim və əxlaq anlayışlarının sərhədləri harada başlayır, harada bitir? İctimaiyyətin gözündə bir insanın geyimi onun mənəviyyatına nə qədər təsir edir? 
“Şərq” xəbər verir ki, bu suallar  ətrafında sosial şəbəkələrdə geniş polemika yaranıb, müxtəlif sahələrdən olan tanınmış simalar, ictimai fəallar mövzu ilə bağlı fərqli fikirlərini paylaşaraq müzakirəni daha da dərinləşdiriblər.

Şair Aqşin Yenisey hesab edir ki, “geyim əxlaq göstəricisi deyil" kimi fikirlər, əxlaqın cəmiyyət həyatında tutduğu yeri dərk etməyən yanaşmanın məhsuludur. Onun sözlərinə görə, geyimə baxaraq yalnız bədəni deyil, bəzən ruhun və dünya baxışının da siluetini görmək mümkündür: “Boş çənələrdə belə bir deyim dolaşır: geyim əxlaq göstəricisi deyil! Heç bir mədəni, tarixi, sosioloji əsası olmayan deyimdir. 
Dünyada elə bir əxlaqi təlim yoxdur ki, özünün geyim forması olmasın: buddistlər, sufilər, rahiblər, islamçılar və s. bütün əxlaq təmsilçiləri bir-birilərindən geyimi ilə fərqlənir. 
Müasir dediyimiz geyimlər də əxlaqın müasir halının geyim formalarıdır. Müzakirə olunan da müasir geyimlər deyil, o geyimlərin altında gizlədilmiş əxlaqdır. 
Geyimin mənşəyi əxlaqdır. Əxlaq olmasaydı, indi biz də bu istidə qurbağa kimi hamamdan lüt-üryan çıxıb hoppanardıq məhəllədə. Geyim birmənalı şəkildə əxlaqın göstəricisidir. Əlbəttə, kimsə əxlaqın özünü qəbul etməyə bilər”.

Şairin "geyimin mənşəyi əxlaqdır" fikrinə qarşı hüquqşünas Şamil Paşayev tamam fərqli mövqe sərgiləyib. Onun fikrincə, cəmiyyətdə geyimə və xüsusilə səhnə geyiminə qarşı sərt münasibət, əslində, əxlaqın nə olduğuna dair bilginin zəifliyindən irəli gəlir: 

“Biz niyə geyimi və ya səhnə geyimini əxlaqsızlıq sayırıq?
Çünki əxlaq nədir bilmirik, bilgidən yoxsuluq.
Əxlaq nədir? 
“Bir davranış təkcə sənə yox, hamıya tətbiq olunsa və cəmiyyətin əxlaqi sabitliyini pozmasa, o davranış etik sayıla bilər.
Geyim özlüyündə birbaşa əxlaq göstəricisi DEYİL, amma geyimin niyəti və universallaşdırıla biləcək davranış qaydası baxımından əxlaqi qiymətləndirilə bilər.
Səhnə geyimini əxlaqla mühakimə etmək əxlaqın kompetensiya sərhədlərini aşmaqdır. Səhnə estetik fəzadır, orada abartmaq (türk düşmənləri da bağışlasın başqa söz tapmadım) və simvolika əsas tutula bilər.
Əziz dostum Aqşin Yeniseyin geyim və əxlaqla bağlı yazısını oxudum, azca pis də oldum ki, sabah kimsə gəlib deyəcək ki, “Şəkil” şeirində kiminsə arvadına baxmaq qeyri-əxlaqidir. Və ya itə çımxırmaq heyvan hüquqlarını pozmaqdır, sonra da saytlardan, kitablardan yığışdıracaqlar.  Mən də o şeiri tez-tez oxuyuram, zövqdən məhrum olacam. Zarafat bir yana, “Səhnə geyimi” universallaşdırıla biləcək dəyər deyil, bu, əxlaqi kontekstdə yox, estetik fazada düşünülməlidir. Eyni zamanda digər sənət nümunələri kimi… Məsələn, səhnə geyimini əxlaqi çərçivədə mühakimə etmək, rəssamın fırçasını əxlaqi silah kimi istifadə etməkdir və ya heykəltaraşın çiselin, ya bəstəkarın notunu ...”

Rəqəmsal oyun konsolları üzrə mütəxəssis Polad Tağıoğlu isə hesab edir ki, geyim heç zaman sırf  “zövq məsələsi” olmayıb, o, həm də bir mənəvi duruşun, şəxsiyyətin və dünyagörüşün əksidir: 

“Tarix boyunca bütün əxlaqi sistemlər özlərinə uyğun bir geyim forması yaratmış və bu vasitə ilə fərqlərini, dəyərlərini nümayiş etdiriblər”. Bugünkü “geyim əxlaq göstəricisi deyil” iddiası isə əslində, məsuliyyətdən yayınmaq cəhdidir. Geyim həm cəmiyyətə, həm də özünə olan münasibətin ifadəsidir. Bəli, kimsə əxlaq qaydalarını qəbul etməyə bilər – bu onun seçimi olar. Amma bunu normal göstərmək və sanki ümumbəşəri bir həqiqət kimi təqdim etmək artıq manipulyasiyadır. Geyim bir mədəniyyətin, bir anlayışın daşıyıcısıdır. Hər geyim forması daşıdığı bir dəyəri göstərir ki, bu istər zahidlik olsun, istər cəlbedicilik, istər etiraz, istər də təqdimat. Ona görə də geyimlə bağlı müzakirələr, əslində, birbaşa olaraq əxlaq anlayışı ilə bağlıdır”.

“AzVision.az” saytının baş redaktoru Vüsal Məmmədov isə qeyd edib ki, “geyim insanın əxlaqını göstərmir" söhbəti bir qədər dolaşıqdır, çünki əvvəlcə "əxlaq" istilahı altında nələrin nəzərdə tutulduğunu aydınlaşdırmaq lazımdır: 

“Amma geyim insanın kimliyini, təfəkkür və düşüncə tərzini, mədəniyyətini, hətta sosial pillələrdəki yerini göstərir. Geyim bir növ dress-koddur. İnsan geyimi ilə istər-istəməz ətrafa mesajlar verir. Geyim sənin təkcə bədənini örtmür (açmır), həm də içindəki personajı aşkara çıxarır. Bu hər zaman belə olub, indi də belədir. Ona görə də, geyim hətta mücərrəd əxlaqın göstəricisi olmasa belə, yüngül yanaşılmayacaq qədər ciddi məsələdir”.
Sosioloq, professor Əhməd Qəşəmoğlu isə “Şərq”ə açıqlamasında bildirib ki, geyim insanın mənəvi səviyyəsinin göstəricilərindən biridir: 

“Nizaminin bir poemasında təsvir olunan səhnə bu mövzunun qədimdən bəri aktual olduğunu göstərir. Qıpçaq çöllərində qadınlar kişilərlə döyüşür, lakin onların üstündə paltar olmur. Kişilər isə bunu qəbuledilməz sayaraq onları cəzalandırırlar. Bu zaman qadınlar etiraz edərək soruşurlar: “Əgər bizim geyimimiz sizi narahat edirsə, bəs siz niyə bizə baxırsınız?” Bu epizod göstərir ki, geyim və əxlaq məsələsi əsrlər əvvəl də müzakirə olunub”.
Ə.Qəşəmoğlunun fikrincə, insanın daxili mənəviyyatı onun geyiminə də təsir etməlidir: “Məsələn, uzun illərdir çimərliklərdə insanlar yarıçılpaq halda olur və bu, normal qəbul edilir. Amma gündəlik həyatda geyim həm qadınlar, həm də kişilər üçün cəmiyyətə uyğun olmalıdır. Cəmiyyətimizdə narahatlıq, qıcıq və ya gərginlik yaratmamaq üçün insanlar öz geyiminə diqqət yetirməlidir”.

Professor vurğulayıb ki, cəmiyyətin normalarını nəzərə almadan “mən azadam, istədiyim kimi geyinərəm” yanaşması düzgün deyil: 

“Unutmamalıyıq ki, biz təkcə fərdi deyil, həm də sosial varlığıq. Hər bir cəmiyyətin öz qaydaları var. Məsələn, Bakı çimərliklərində sərbəst geyim qəbul olunsa da, Azərbaycanın kənd yerlərində bu geyim tərzi narazılıq yarada bilər. Elə hallar olub ki, ailələr kənddə göldə çimərkən yerli sakinlər tərəfindən xoş qarşılanmayıb. Bu, müxtəlif sosial mühitlərin fərqli dəyərlərə sahib olduğunu göstərir”.

Ə.Qəşəmoğlunun fikrincə, əxlaqlı cəmiyyətdə həm kişilər, həm də qadınlar geyimlərinə qarşı məsuliyyətli olurlar: 

“Heç kimə icazə verilməməlidir ki, ictimai məkanda lüt və ya yarıçılpaq şəkildə görünsün. Bu yalnız qadınlara yox, kişilərə də aiddir. Əgər kişilər tərbiyəlidirsə, bu, qadınların davranışına da təsir edir. Geyim insanın əxlaqının bir göstəricisi ola bilər”.



Seçilən
27
sherg.az

1Mənbələr