Azərbaycanın cənub sərhədlərində yenidən narahatlıq müşahidə edilir. Bu dəfə sərhəd yaxınlığında kürd və bəluc qruplarının İran hakimiyyətinə qarşı fəallığı artır.
İranın İraqla qərb sərhədində kürd bölgəsi, Əfqanıstan və Pakistanla həmsərhəd olan Sistan və Bəlucistan əyalətində yerləşən İran şəhərlərində təhlükəsizlik qüvvələrinə hücumlar getdikcə artır. Ekspertlərin fikrincə, bu cür fəallıq son İran-İsrail münaqişəsinin birbaşa nəticəsidir.
Xaricdən fəaliyyət göstərən və İranın biznes elitasına yaxın olan “Amwaj Media” nəşri İranın sərhəd bölgələrində hücumların intensivləşməsi barədə məlumat yayıb. Nəşrin hesablamalarına görə, etnik azlıqların yaşadığı bölgələrin İslam Respublikasından ayrılması ideyasını dəstəkləyən kürd və bəluc qrupları İran və İsrail arasında 12 günlük müharibədən sonra fəallıqlarını artırmağa çalışırlar. Son hadisələrdən biri də ictimai asayişə nəzarət edən yarı-rəsmi hərbiləşdirilmiş dəstələrin Bəsic batalyonlarının komandiri Cavad Kərim Koştenin Zahedanda qətli olub. İyulun 26-da 6 nəfərin ölümü və 20 nəfərin yaralanması ilə nəticələnən Zahedan məhkəməsinə hücum da bu fonda diqqətdən yayınmır. Eyni zamanda, İran-İsrail münaqişəsi başa çatdıqdan sonra hazırda ölkənin qərbində Kürdüstan əyalətində yerləşən Bana şəhərində İran sərhədçiləri ilə hərbiləşdirilmiş qruplar arasında müntəzəm toqquşmalar baş verir. İran kürd və bəluc qruplarının hərəkətlərini birbaşa “Amerika-İsrail sui-qəsdi” ilə əlaqələndirir. Belə ki, İslam Respublikası Kəşfiyyat Nazirliyinin münaqişənin nəticələrinə həsr olunmuş son hesabatında deyilir ki, yəhudi dövləti guya ötən ay Bəluc separatçılarının himayəsi altında yüzlərlə əcnəbi muzdlu əsgəri cəlb etməyə və təşkilatlanmağa cəhd edib və onların hərəkətləri hazırda İranın hüquq-mühafizə orqanları tərəfindən izlənilir. İran Kəşfiyyat Nazirliyi bildirir: “Biz ölkənin cənub-şərq sərhədi yaxınlığında yerləşən və İran ərazisinə soxulmağa hazırlaşan 300 əcnəbi terrorçunun yerini müəyyən etməyə nail olduq və onların sonrakı hərəkətinin qarşısını aldıq”. Qurum silahlıların hansı qrupa aid olduğunu dəqiqləşdirməsə də, vəziyyətin ciddi xarakter daşıdığını bəyan edir. 12 günlük müharibədə baş verən hadisələri şərh edən İran kəşfiyyat xidmətləri Suriyadan İran ərazisinə hələ müharibə zamanı İrana hücum etmək istəyən 150 nəfərlik qrup yaraqlıların sızmasının qarşısını ala bildiklərini bildiriblər. Kəşfiyyat rəsmiləri bu kontekstdə “idrak müharibəsi” terminindən yararlanır. İsrail və ABŞ-ın hazırkı siyasi sistemi zəiflətmək üçün İran ictimaiyyətində inamsızlıq və ümidsizliyi gücləndirməyə yönəlmiş psixoloji əməliyyat bu terminlə ifadə edilir. Tehran separatçı qrupların hələ də İran torpaqlarında fəaliyyət göstərən İsrail şəbəkəsinin bir hissəsi olduğuna inanır.
Tehran hazırda bütün diqqətini İsraillə potensial olaraq genişmiqyaslı müharibənin bərpasına hazırlaşmağa yönəldib, rəsmiləri mütəmadi olaraq yeni əməliyyatın mümkünlüyü barədə danışırlar. Bu şəraitdə İslam Respublikası çox güman ki, yaxın gələcəkdə sərhəddə təhlükəsizlik dəliklərini bağlamağa çalışacaq. “Amwaj Media”nın məlumatına görə, İran rəhbərliyi sərhədyanı ərazilərdə fəaliyyət göstərən separatçı yaraqlıların qarşısını almaq üçün İraq, İraq Kürdüstanı muxtar regionunun hakimiyyət orqanları və Pakistanla diplomatik əlaqələri gücləndirə bilər. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvləri artıq hökumətdən təkcə ölkənin müdafiə qabiliyyətinin artırılması üçün deyil, həm də şimal-şərq və cənub-şərqdə sərhəd təhlükəsizliyinin gücləndirilməsi üçün daha çox vəsait ayrılmasını istəyiblər. ABŞ-da yerləşən Müharibənin Öyrənilməsi İnstitutu unu separatçı qrupların hücumlarının artması ilə əlaqələndirir. Rusiya Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin baş elmi işçisi Yuri Lyamin isə qeyd edir ki, hər epizodun öz nüansları olsa da, bəluc və kürd qruplarının İrana qarşı fəallığının artması hadisələrin tamamilə gözlənilən inkişafı idi: “Əgər Pakistanla həmsərhəd olan Sistan və Bəlucistan əyalətindən danışsaq, o zaman İslam İnqilabı Keşikçiləri Korpusu orada təhlükəsizliyi gücləndirmək üçün 2024-cü ilin sonu – 2025-ci ilin əvvəlində böyük əməliyyat keçirib ki, bu da Bəluc qruplaşmasının fəaliyyətini cilovlayıb”. Kürd qruplaşmalarına gəlincə, İran hakimiyyətinin məlumatına görə, 12 günlük müharibə zamanı İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən birləşmələrin köməyi ilə İraq Kürdüstanının sərhəd bölgələrindən bəzi İsrail pilotsuz təyyarələri buraxılıb. Bu fonda rus ekspert qeydedir: “Bu, həmin ərazidə qarşılıqlı eskalasiyaya səbəb oldu. Yəni bir tərəfdən həmin ərazidə İran pilotsuz təyyarələri tərəfindən açıqlanmayan dəqiq zərbələr, digər tərəfdən isə kürd qruplarının sərhəddə İran patrullarına snayper hücumları olub”. Beləliklə, bütün bunlar separatçılıq probleminin İranı da yaxalamaqda olduğunu göstərir. Bir vaxtlar Qarabağdakı separatçılara dəstək verən İran indi bu problemin nə qədər ağrılı xarakter daşıdığını bilavasitə hiss edir. Artıq Tehranın bundan müvafiq nəticələr çıxaracağı şübhə doğurmur...
Samirə SƏFƏROVA