Kaş Hamidu Keyta əlinə düşən 100 faizlik qol imkanını dəyərləndirib, “Araz-Naxçıvan”ın “Aris” üzərində 3:1 hesablı qələbəsini təmin edərdi.
“Zirə”ylə “Qarabağ”ın sabiq üzvü qapıçıyla üzbəüz qaldığı epizodda ən çətini edib topu qapının yanından vurdu.
“Aris” kimi rəqiblə Yunanıstan səfərinə 2:1 hesabı ilə yollanmaq ciddi üstünlük sayılmamalıdır. Rəqibin öz meydanında inamlı təsir bağışladığını və baxımlı statistikaya sahib olması adamı dərindən düşünməyə məcbur edir.
“Sarı-qaralar” 23 minə yaxın azarkeş tutumu olan “Kleantis Vikelidis”də məğlubedilməz təsir bağışlayır.
Bunu biz yox, rəqəmlər və faktlar iddia edir.
Təsəvvür edin, bu komanda 1964-cü ildən bu yana avrokuboklarda mübarizə apararaq geridə qalan 61 ildə Salonikidə 39 matça çıxıb.
Və bunların cəmi 3-də məğlub olub.
1966-cı ildə “Yuventus”a (İtaliya) 0:2, 1968-də “Uypeşt”ə (Macarıstan) 1:2, 2020-ci ildə “Kolos”a (Ukrayna) 1:2 boyun əyən “Aris” 21 dəfə qələbə qazanıb, yerdə qalan 15 qarşılaşma heç-heçə başa çatıb.
Keçmiş tarixi nəzərə almasaq, “Araz-Naxçıvan”ın rəqibi 1968-cı ildən bu yana öz meydanında yalnız “Kolos”a boyun əyib.
Məğlub etdiyi komandaların siyahısında daha hansı adlar yoxdur ki?
“Köln”, “Benfika”, “İpsviç”, “Selta”, “Real Saraqosa”, “Srvena Zvezda”, “Austriya”, “Atletiko Madrid”, “Dinamo Kiyev” və sair.
Və daha bir maraqlı fakt.
“Aris” 2020-ci ildə “Kleantis Vikelidis”də “Kolos”a boyun əyəndən sonra keçirdiyi ev matçlarının hamısını qələbə ilə tamamlayıb. Yəni son 5 ildə doğma stadionda uduzmayıb.
Ümidverici məqam odur ki, bu komanda əsas vaxta əlavə olunmuş dəqiqələrdə və penalti seriyasında uğur qazana bilmir.
Klubun tarixi ərzində 5 belə hadisə yaşanıb. “Aris” “ev”dəki 3 uzatma dəqiqələrinin 2-də mübarizəni əlavə vaxtda, 1-də isə penalti zərbələrində dayandırıb.
Səfərdə “Dinamo Kiyev”i penaltilərdə üstələyə bilməyib. Yalnız 1999-cu ildə İsveçrədə “Servett”in qapısına əlavə olunmuş dəqiqələrdə qol vuraraq növbəti mərhələyə yüksəlib.
Odur ki, “Araz-Naxçıvan” məğlub olsa belə, 1 top fərqinin aşmasına imkan verməməlidir. Əlavə vaxt, ən pis halda penalti zərbələri təmsilçimizə uğur qazandıra bilər.
Bu axşam baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:15-də çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ