AZ

Azərbaycan Yaxın Şərqdə diplomatik fəallığını artırır - Azər Hüseynov

BAKI, TurkicWorld, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq TurkicWorld üçün

Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyi və diplomatik aktivliyi ilə bağlı TurkicWorld üçün danışan siyasi şərhçi Azər Hüseynov bildirib ki, ölkənin xarici siyasəti tamamilə pragmatizm prinsiplərinə əsaslanır.

“Azərbaycan xarici siyasətində ideoloji birtərəflilik nümayiş etdirir və fərqli mövqelərdə olan ölkələrlə paralel münasibətlər qurmağı bacarır. Məhz bu yanaşma sayəsində Suriyanın və İsrailin eyni vaxtda Bakıda bir araya gəlməsi mümkün olub,” – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın həm İsraillə, həm də Türkiyə ilə strateji tərəfdaşlığı var. Türkiyənin isə Suriyanın yeni hakimiyyətinə təsir imkanları mövcuddur. Bu amillər Bakı üçün vasitəçilik imkanları yaradır.

“Azərbaycan bu diplomatik fəallıqla təkcə vasitəçilik etmir, həm də Yaxın Şərqdə yumşaq güc təsirini artırmağa çalışır. Bu regionda baş verən proseslərin içində yer almaq Azərbaycanın marağındadır,” – deyə o vurğulayıb.

Ekspert hesab edir ki, bu fəallığın arxasında iqtisadi və strateji maraqlar dayanır: “Əgər bölgədə sabitlik və sakitlik təmin olunarsa, Azərbaycan öz enerji resurslarını daha geniş bazarlara çıxara bilər. Bundan əlavə, ölkə Suriyanın yenidən qurulmasında da iştirak edə bilər – xüsusilə Qarabağda əldə etdiyi bərpa təcrübəsinə əsaslanaraq.”

Ekspert həmçinin qeyd edib ki, bu diplomatik fəallıq yaxın gələcəkdə daha da artacaq: “Bu məsələnin bir ucu Fələstinə də gedib çıxır. Fələstinlə bağlı problem hansısa şəkildə həllini tapsa, Azərbaycanın Yaxın Şərqdə təsir imkanları daha da genişlənəcək.”

Sonda o əlavə edib ki, Suriya Azərbaycanın tarixi təsir dairəsinə daxil olan bölgələrdəndir: “Suriyada türkmənlər yaşayır və bu ölkə ilə Azərbaycanın tarixi bağları var. Bu da Bakının Suriyada daha fəal rol oynamaq istəyi ilə izah olunur.”

Seçilən
21
turkic.world

1Mənbələr