BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Bakı və Ankara Rusiyanı təhdid edir - Rusiya qəzetləri belə yazır.
Rusiyada dərc olunan Moskovskaya Komsomolets qəzeti deyir ki, Türkiyə və Azərbaycan Rusiyanı Nato bazası və türk qoşunlarının Azərbaycana gəlməsi ilə hədələyir.
BBC-nin Rusiya redaktoru Steve Rosenberg qəzetləri xülasə edib. O deyir ki, Moskovskaya komsomolets belə yazır ki, NATO bazası rusların ehtiyat etdiyi kimi, Ukraynada və ya Gürcüstanda deyil, Azərbaycanda ola bilər.
Video açılmırsa, YouTube kanalımızda izləyin.
Moskovskaya Komsomolets qəzeti bu məlumatları Azərbaycan mediasından götürdüyünü yazır və bildirir ki, Rusiyaya qarşı "radikal təcrid tədbirləri" kimi NATO bazasının Xaçmazda qurulması təklif edilib.
Həmçinin bildirilir ki, Azərbaycana türk ordusunun gətirilməsini Türkiyənin Prezident Erdoğana yaxın Yeni Şafak qəzeti xatırladıb, məqalədə "rus işğalından qorunmaq üçün türk əsgərlərinin Azərbaycana daxil edilməsi zəruriliyi gündəmə gətirilib".
Qəzet onu da yazır ki, bir çox rusiyalı ekspert hazırda Cənubi Qafqaz kimi mühüm regionda daha bir müttəfiqinin itirilməsindən təəssüflənirlər. Daha sonra isə sual edilir: "Bəs Azərbaycan SSRİ dağılandan sonra Moskvanın etibarlı müttəfiqi və dostu olubmu? Bizim Bakı ilə "strateji tərəfdaşlığımız" sadəcə olaraq özünü aldatma idi?"
Azərbaycanla Rusiya arasında 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik barədə sənəd imzalanıb. Lakin iyun ayında Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda iki azərbaycanlının öldürülməsi ilə nəticələnmiş əməliyyatından sonra münasibətlər gərgin qalmaqda davam edir.