AZ

Laporta: “Yamal Messinin nailiyyətlərinə müvəffəq ola bilər”

“Barselona”nın prezidenti Joan Laporta “blauqrana”nın 18 yaşlı ispaniyalı ulduzu, sağ cinah hücumçusu Lamin Yamaldan söhbət açıb.

Arena.az “Marca” nəşrinə istinadən, Laportanın müvafiq açıqlamasını təqdim edir:

“Lionel Messi dünyada ən yaxşı oyunçu olub, mən isə düşünürəm ki, Lamin Yamal hal-hazırda həmçinin dünyada ən yaxşı oyunçu olmaq iqtidarındadır. Görək də, görək. O (Yamal – redaktorun qeydi), tayı-bərabəri az olan futbolçulardandır, çünki o, dahidir və ən yüksək səviyyədə oynayır.

Lamin parlaq fərdiyyətə malikdir. Messi də vaxtilə son dərəcədə peşəkar oyunçu olub. Əlbəttə, Messi hər şeyi qazanıb və hər şeyə müvəffəq olu. Mənim üçün o, yəqin ki, tarixin ən yaxşı oyunçusudur”, deyə Laporta vurğulayıb.

Xatırladaq ki, Messi 2003-2021-ci illərdə “Barselona”nın heyətində bütün ali klub qənimətlərini dəfələrlə qazanıb, həmçinin karyerası ərzində 8 “Qızıl top”a layiq görülüb.

Lamin Yamal isə böyük futbol səyahətinə yenicə qədəm qoyur.

Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 55 oyuna çıxıb, 18 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 106 oyun, 25 qol və 34 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 21 oyun keçirib, 6 qol vurub, 9 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir – Yamal dünyanın ən bahalı oyunçusudur.

Seçilən
36
arena.az

1Mənbələr