AZ

"Ata və ana arasında qarşıdurmalar uşağın yanında yaşanmamalıdır"

Son illərdə Azərbaycanda boşanma halları artıb. Bunu rəsmi statistikadan da görmək mümkündür. Boşananlar içərisində uşağı olan ailələr də çoxluq təşkil edir. 

Bəs boşanmadan sonra uşaqlar psixoloji olaraq vəziyyətə necə adaptasiya olmalı və valideynlər olanlara necə dəstək olmalıdırlar?

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirdi ki, boşanma uşaqlar üçün son deyil:

"Valideyn dəstəyi ilə yeni həyata uyğunlaşma təbii ki, mümkündür. Uşaqlar üçün boşanma təhlükəsizlik hissini sarsıdan bir həyat hadisəsidir. Onlar özlərini günahkar hiss edə bilər, gələcəkdən narahat ola bilər və ya bir valideynin itkisini travmatik yaşaya bilərlər. Yaşlarına görə bu reaksiyalar dəyişir. Kiçik yaşda uşaqlar ağlama, alt islatma, aqressiya kimi reaksiyalar göstərirlər. Məktəbyaşlılarda isə dərsə marağın azalması, sosial çəkinmə, yeniyetmeler isə üsyankar davranışlar, depressiv hallar yaşaya bilər".

Psixoloqun sözlərinə görə, belə hallarda empati və açıq ünsiyyət əsasdır:

"Uşağa aydın və yaşına uyğun dildə boşanma haqqında məlumat verilməlidir. "Bu sənin günahın deyil" mesajı tez-tez vurğulanmalıdır. Hər iki valideynin onu sevdiyini və dəstək olmağa davam edəcəyini bilməlidir. Uşağın gündəlik rutini mümkün qədər sabit saxlanmalıdır. Ata və ana arasında qarşıdurmalar uşağın yanında yaşanmamalıdır. Boşanma travmatik yaşantıya çevrilə bilər. Uşaq öz duyğularını ifadə etməkdə çətinlik çəkirsə, davranışlarında dəyişikliklər varsa və ya çəkilməyə başlayıbsa, uşaq psixoloquna müraciət edilməlidir. Bəzən bir neçə seans belə kifayət edir ki, uşaq vəziyyəti anlasın və emosional tarazlığını bərpa etsin, sakit və təhlükəsiz bir mühit seçin, "biz artıq bir yerdə yaşamayacağıq, amma hər ikimiz səni çox sevirik” kimi ifadələrlə sadə və dürüst olun".

Zeynəb Əyyubova qeyd etdi ki, uşağın hisslərini anlamaq lazımdır.

"Boşanma sonrası sağlam adaptasiya üçün əsas məsələ hər iki valideynin uşağın həyatında aktiv qalmasıdır. Yeni həyat şərtlərinə alışmaq üçün uşağa zaman verilməlidir. Əgər ailədə yeni partnyor olarsa, tanıdılma mərhələsi tədricən və diqqətli aparılmalıdır. Məktəb və müəllimlərlə əməkdaşlıq vacibdir, çünki onlar da uşağın dəyişən davranışlarını erkən görə bilər", - deyə psixoloq əlavə etdi.

Aytəkin TOFİQQIZI

Seçilən
21
redaktor.az

1Mənbələr