AZ

“Araz-Naxçıvan” tam yeni şərtlər toplusu ilə qarşılaşacaq” - yunan jurnalist xəbərdarlıq etdi

İyulun 24-də keçirilən “Araz-Naxçıvan” - “Aris” oyununun nəticəsi həm Azərbaycan, həm də Yunanıstan mediasında ajiotaj doğurdu. Bizdə xoş, onlarda pis ajiotaja.

Sirr deyil ki, Yunanıstan təmsilçisi oyundan əvvəl aşkar favorit göstərilirdi. Lakin oyun ortaya başqa gerçəyi qoydu. Daha hazırlıqlı, fiziki və taktiki baxımdan üstün olan tərəf “Araz-Naxçıvan” idi. Əzmkarlığı ilə də yadda qalan Elmar Baxşıyevin komandası hesabda geri düşdüyü oyunu çevirərək qələbə qazana bildi.

Həm Mərdəkanda keçirilən oyun, həm də Salonikidəki qarşılaşma ilə bağlı həmkarımız, metrosport.gr saytının əməkdaşı Giorgos Strantzalis “Futbol+”ə danışdı:
“Aris” böyük problem həll etməli, Konfrans Liqasının növbəti mərhələsinə vəsiqə qazanmalıdı. Amma buna nail olmaq üçün komanda Bakıdakı ilk oyunun nəticəsini dəyişməlidi. “Aris” bu heyətə uyğun olmayan, gözləntilərdən və tələblərdən çox aşağı, problemli çıxış etdi. Düzdü, “Araz-Naxçıvan” daha yaxşı komandadı. Sürət, intensivlik, aydın düşüncə və ən əsası, qələbəni daha çox arzulayan tərəf... Andrade, Boli, Santos və Franko kimi oyunçular fərqləndilər, oyunda fərq yaratdılar, matçı öz xeyirlərinə idarə etdilər. Digər tərəfdən, “Aris” hazırlıqsız olmağın əlamətlərini göstərdi. 14 yay transferinin komandaya uyğunlaşması üçün vaxta ehtiyac olduğu aydındı. Raçiç, Yensen və Peres kimi oyunçular qalan komanda yoldaşları ilə cəmi bir həftə məşq etdi. Meydanda birliyin və düzgün ünsiyyətin hələ də inkişaf etməsi təbiidi. İlk oyunda “Aris”ə çox baha başa gələn, qarşısını almaq mümkün olmayan səhvlər gördüm. Xüsusilə Leron Maron hesabı açandan sonra komanda diqqəti itirdi və “Araz-Naxçıvan”a həddən artıq boş zona verdi – rəqib də bundan səmərəli istifadə etdi. “Araz-Naxçıvan” güclü və təhlükəli tərəf olduğunu sübut etdi. Rəqib ürəklə və intensiv oynayır. Amma “Aris”də keyfiyyət, təcrübə var. Və nəhayət, dogma meydan amili. Salonikidəki stadionda 20 min ehtiraslı azarkeşin komandanı dəstəklədiyi atmosfer tam fərqli olacaq. “Araz-Naxçıvan” tam yeni şərtlər toplusu ilə qarşılaşacaq. “Aris” daha çox diqqət göstərsə, səhvləri məhdudlaşdırsa və meydana lazımi enerji, inam və ehtirasla çıxsa, əlbəttə, geridönüş mümkündü. Bu asan olmayacaq. Amma qeyri-mümkün də deyil”.
Fürsət düşmüşkən, yunan həmkarımızdan Elmar Baxşıyevin oyunsonrası mətbuat konfransına qatılmamalarının səbəbini də soruşduq. Özünün oyunda bağlı başqa işlərinin olduğunu dedi. Digər jurnalistlər isə çox güman, futbolçulardan açıqlama aldıqları üçün mətbuat konfransında iştirak etməyiblər.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
8
football-plus.az

1Mənbələr