Məlum olduğu kimi, ölkəmizi Konfrans Liqasında təmsil edən komandalar ötən həftə azarkeşlərə böyük sevinc hissi yaşatdı.
Daha doğrusu, “Sabah” “Petrokub”un meydanından qalib ayrıldı. Masazır təmsilçisi son dəqiqələrdə vurduğu qollarla ev matçı ərəfəsində böyük üstünlüyə nail oldu. “Araz-Naxçıvan” “doğma divarlar” arasında qəbul etdiyi “Aris” üzərində əzmkar qələbə qazandı. Hesabda geri düşən “qırmızı-ağlar” sonradan iki dəfə rəqibin qapısına yol tapdı və güclü rəqibi Bakıdan məyus yola saldı. Düzdü, “Zirə” ev görüşündə güclü “Hayduk”u devirə bilmədi. Ancaq 1:1 hesablı heç-heçənin qeydə alındığı matç Split təmsilçisinin kağız üzərində favorit sayılmasına baxmayaraq, keçiləcək rəqib olduğunu sübut etdi. Sözəgedən uğurlar “Qarabağ”ın səfərdə “Şelburn”u darmadağın etməsi ilə toplandıqda bilindi ki, klublarımız tarixdə ilk dəfə avrokubok həftəsini 3 qələbə, 1 heç-heçə ilə başa vurub.
Bu o deməkdi ki, artıq təmsilçilərimizin oyunlarından danışarkən boz səhraları yox, yaşıl meşələri xatırlaya, başqa sözlə, daha inamlı və ümidli ola bilərik! Odu ki, bizi bu həftə gözləyən bir-birindən həyəcanlı oyunlarla bağlı detallarla tanış olmağın vaxtıdı.
Sabah – Petrokub (Moldova) 0:0
Hakimlər: DANİLO NİKOLİÇ, Milan Şutuloviç, İvan Mikalaçki, İvan Stamenkoviç (hamısı Serbiya).
31 iyul. Bakı. “Bank Respublika Arena”. Saat 20.00.
İlk oyun – 2:0.
Yəqin ki, “bayquşlar”ın cavab matçını düşünərkən ötən mövsüm Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Makkabi” oyununun ssenarisini xatırlayan təkcə biz deyilik. Axı o vaxt Masazır təmsilçisi səfərdə 3:0 hesablı qələbə qazansa da, evdəki qarşılaşmanın əsas vaxtında 3:6 hesabıyla uduzmuş, əlavə vaxtda qol vurulmayınca ehtiyac duyulan penalti seriyasında daha dəqiq zərbələr sayəsində (3:2) mərhələ adlaya bilmişdi. Odu ki, Moldovada qazanılan vacib qələbənin bizimkiləri arxayınlaşdıracağından ehtiyatlanmaqda haqlıyıq.
Hər halda, “Sabah”ın həmin hadisədən dərs çıxardığına, bu dəfə nəinki o vaxt, ilk oyunda yol verilən səhvlərim belə təkrarlanmayacağına inanmaqdan başqa çarə yoxdu. İnsafən, “bayquşlar”ın bu yöndə ümid bəxş edir. Çünki Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv oyundan-oyuna daha yaxşı təsir bağışlayır. Belədə çəkinmədən deyə bilərik ki, cavab matçının favoriti “Sabah”dı. Təbii ki, burda həm də azarkeş dəstəyi vacib rol oynamalıdı. Sirr olmayan məqam var: azarkeşlər bu matça daha məsuliyyətlə yanaşmalıdı. “Bayquşlar”a inanmaq olar. Komanda bunu həm səfərdə qazandığı qələbə ilə haqq edib, həm də heyətdə zədəli və cəzalı futbolçu yoxdu. Yəni latviyalı mütəxəssis start heyətini seçməkdə sərbəstdi və ən güclü futbolçulara şans verməklə lazım olan nəticəni təmin edə bilər.
Bir az da rəqib haqda... Bizim üçün daha bir ümidverici məqam isə moldovalıların yorğun olmasıdı. Ona görə ki, “Petrokub” ölkə çempionatının 6-cı turu çərçivəsində “Daçiya”nı qəbul edib və qələbə qazanıb – 2:1. Kollektivin hər iki qolunu 43 və 90+1-ci dəqiqələrdə Petru Popesku vurub. Rəqib ölkəmizə azarkeş və jurnalistgətirməyəcək. Deməli, “Petrokub”u Masazırda məngənəyə salmaq olar!
Aris (Yunanıstan) – Araz-Naxçıvan
Hakimlər: DAVİD DİKİNSON, Fransis Konnor, Conatan Bell, Rayan Li (hamısı Şotlandiya).
31 iyul. Saloniki. “Kleanthis Vikelidis” stadionu. Saat 22.15.
İlk oyun – 1:2.
Heç şübhəsiz, “Araz-Naxçıvan”ın səfər matçında intriqa ən son həddə çatacaq. Axı adlı-sanlı “Aris” ötən həftə yaşadığı gözlənilməz məğlubiyyəti həzm etmək istəməyəcək və evdə, doğma azarkeşləri önündə qisas almaq üçün dəridən-qabıqdan çıxacaq.
Yunanların baş məşqçisi Marinos Uzunidis matçdan dərhal sonra keçirilən mətbuat konfransında bunun mesajını verib. Klubun rəsmi saytında yer alan bilgilərə inansaq, Saloniki təmsilçisi vətənə ayaq basar-basmaz intensiv məşqlərə başlayıb və prosesin böyük hissəsi topa sahibolma ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına yönəlib.
Bununla belə, komanda dar ərazidə mübarizədə və ötürmələrdə effektli olmağın yollarıyla bağlı çalışmaları sürətləndirib. Təbii ki, sadalananlar “Aris”in Bakıda uduzmasının əsas səbəbləridi və komanda qalib gəlmək istəyirsə, məhz bu problemlərə çarə tapmalıdı. Ancaq bu, həm də “Araz-Naxçıvan” üçün önəmli mesajdı. Deməli, “qırmızı-ağlar” ev oyunundakı inamlı oyunu səfərdə də davam etdirməli və Bakıya ən pis halda heç-heçə ilə qayıtmalıdı.
Muxtar Respublika təmsilçisinin səfərdə də uğurlu olması üçün müəyyən məqamlar ortadadı. Əvvəla, heyətdə zədəli və cəzalı oyunçu yoxdu. Əksər futbolçuların beynəlxalq arenalarda təcrübə topladığını bilirik. Bəlkə də naxçıvanlılara çətinlik yaşadacaq yeganə məqam yunan azarkeşlərlə bağlı olacaq ki, baş məşqçi Elmar Baxşıyev bundan çəkinmədiyini, futbolçularının soyuqqanlılığına güvəndiyini dilə gətirib. O başqa məsələ ki, Yunanıstanda yaşayan azərbaycanlılardan komandanı dəstəkləmək niyyəti ilə kluba hələ müraciət daxil olmayıb.
“Araz-Naxçıvan” Bakıya sabahqayıdacaq.
Hayduk (Xorvatiya) – Zirə
Hakimlər: LUKA PAYRETTO, Cüzeppe Perrotti, Xaled Bahri, Paride Tremolada (hamısı İtaliya).
31 iyul. Split. “Polyud” stadionu. Saat 23.00.
İlk oyun – 1:1.
Nəhayət, günə “Zirə”nin “Hayduk”un meydanında keçirəcəyi çətin səfər matçıyla yekun vurulacaq. Təəssüf ki, “qartallar” evdə qələbə qolunu vura bilmədiyindən Splitdəki şanslarını bir qədər azaltdı. Lakin ümidsizliyə qapılmağa dəyməz. Hələ heç nə bitməyib! Yuxarıda vurğuladığımız kimi, “Hayduk” ilk oyunda göstərdiyi performansla kökləri ötən əsrə dayanan əzəmətini hələ bərpa etmədiyini göstərdi.
Odu ki, Rəşad Sadıqovun iddialı komandası qarşısında böyük imkanlara malik deyillər. Bununla belə, “Hayduk” üzərində ciddi təzyiq var. Bakıdakı “sülh” nə azarkeşləri, nə klubun söz sahiblərini, nə də media nümayəndələrini qane edib. Odu ki, xüsusilə, baş məşqçi Qonsalo Qarsiya ciddi tənqidə məruz qalıb. Belədə kollektivin matça daha məsuliyyətlə yanaşacağını proqnozlaşdırmaq çətin deyil. “Zirə” “Hayduk”un azarkeş dəstəyini də nəzərə almalıdı. Klub rəsmi saytından azarkeşlərə müraciət edərək, qarşılaşmaya marağın çox yüksək olduğunu bildirib, bu üzdən biletlərin onlayn yolla alınmasını tövsiyə edib. “Polyud” stadionunun 33 min 987 tamaşaçı tutumuna malik olduğunu, “dəniz ustaları”nın ən böyük fanklubu olan “Torsida”nın Bakıdakı performansını göz önünə götürsək, “qartallar”ın paytaxtımızdakı kimi, Split səmasında da rahat “qanad aça” bilməyəcəyi bəllidi. Bu azmış kimi, təmsilçimizi Xorvatiyada cəmi 9 azərbaycanlı azarkeşin dəstəkləyəcəyi gözlənilir. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib.
Həmçinin “Zirə”nin heyətindən Vinsent Till, Eldar Quliyev və Brahim Konate zədəlidisə, Ange Mutsinzi Xorvatiyaya yollanmaq üçün lazım olan vizanı ala bilməyib.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta