AZ

Hizbullah dağılma və sabitlik arasında seçim etməlidir - Aun

BAKI, TurkicWorld

Hizbullah dağılma və sabitlik arasında seçim etməlidir.

TurkicWorld xəbər verir ki, bu sözlər Livan prezidenti Cozef Aunun, Müdafiə Nazirliyində şəhid əsgərlərin xatirəsinə həsr olunmuş mərasimdə "silahın yalnız dövlətin əlində olması" prinsipinə dair hazırlanmış və gələn həftə Nazirlər Kabinetində müzakirəyə çıxarılacaq memorandumun detalları ilə bağlı açıqlamasında yer alıb. Bu prinsip əsasən Hizbullahın silahsızlaşdırılması ilə əlaqəlidir.

Aun, bildirib ki, Livan ABŞ tərəfindən təqdim olunmuş plana dəyişikliklər edib. Memorandumun əsas bəndləri arasında İsrailin hücumlarının dərhal dayandırılması, əsirlərin azad edilməsi, dövlətin bütün ərazilərində suverenliyinin təmin olunması və bütün silahlı qrupların, o cümlədən Hizbullahın silahlarının orduya təhvil verilməsi yer alır. Eyni zamanda, Livan ordusu və təhlükəsizlik qüvvələrinin dəstəklənməsi üçün illik 1 milyard dollar yardım təklifi və ölkənin yenidən qurulması üçün beynəlxalq donor konfransının keçirilməsi də təklif olunub.

Suriya ilə bağlı məsələlərə toxunan Aun, ABŞ, Fransa, Səudiyyə Ərəbistanı və BMT-nin dəstəyi ilə Suriya ilə quru və dəniz sərhədlərinin müəyyənləşdirilməsi və qaçqın probleminin həlli üzərində işlədiklərini bildirib.

Aun qeyd edib ki, siyasi qüvvələrin hamısı bu tarixi fürsətdən istifadə edərək silahın yalnız dövlətin nəzarətində olması prinsipini dəstəkləməlidir.

“Əgər dövlətə güvənməsəniz, qurbanlarınız boşa çıxacaq və Livan dövləti tamamilə süqut edəcək” - deyə, o Hibullaha müraciət edib.

O, həmçinin bildirib ki, bu memorandum İsrailin hərbi cinayətlərinin qarşısını almaq, işğal olunmuş ərazilərdən geri çəkilməsini təmin etmək, Livan sərhədlərini rəsmi şəkildə müəyyənləşdirmək və bölgədə sabitliyi bərpa etmək baxımından mühüm sənəddir.

Seçilən
6
turkic.world

1Mənbələr