Bakı, 31 iyul, AZƏRTAC
Polşanın “WNET” radio stansiyası Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini Qaya Məmmədovla müsahibəni yayıb. Q. Məmmədov radionun müxbiri Yasmina Novakın Qərbi Azərbaycan məsələsinin tarixi, siyasi və hüquqi aspektləri, mədəni irs məsələsi, Qərbi Azərbaycan məsələsi və sülh prosesi arasında əlaqə haqqında suallarını cavablandırıb. Radionun internet saytında müsahibənin mətni “Qaya Məmmədov: Qərbi azərbaycanlıların Ermənistana qayıdışı insan haqları məsələsidir” sərlövhəsi ilə dərc olunub.
AZƏRTAC müsahibəni təqdim edir.
-Vitold Repetoviç daxil olmaqla, bir sıra ekspertlər “Qərbi Azərbaycan” ifadəsinin müasir Ermənistan ərazisinə istinadən istifadəsini ərazi iddiası kimi qiymətləndirilə biləcəyini qeyd edirlər. Bununla bağlı narahatlıqlar barədə nə deyə bilərsiniz?
-“Qərbi Azərbaycan” ifadəsindən istifadə özünüidentifikasiya hüququna əsaslanır. İndiki Ermənistan ərazisində yaşamış azərbaycanlılar həmişə özlərini Qərbi azərbaycanlılar adlandırıblar və bunun möhkəm tarixi əsası var. Həmin bölgələrdə azərbaycanlıların mövcudluğu əhəmiyyətli ölçüdə olub. 1828-ci ildə Rusiya imperiyası İrəvan xanlığını – ərazisi müasir Ermənistanın ərazisi ilə böyük ölçüdə üst-üstə düşən Azərbaycan dövlətini işğal edərək ilhaq etdiyi zaman orada əhalinin 80 faizindən çoxu azərbaycanlılardan ibarət idi. Onların hamısı son bir əsr ərzində bir neçə dəfə həyata keçirilmiş deportasiya zamanı torpaqlarından zorla çıxarılıb. Sonuncu deportasiya dalğası 1987-1991-ci illərdə baş verib.
Bu gün “Qərbi Azərbaycan” ifadəsi yalnız tarixi və mədəni məna daşıyır, heç bir siyasi, yaxud hüquqi iddia ehtiva etmir. Qərbi Azərbaycan İcması dəfələrlə vurğulayıb ki, Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır, oradan köçürülmüş azərbaycanlıların doğma evlərinə qayıdışını beynəlxalq hüquqa tam uyğun şəkildə və dinc yollarla həyata keçirməyə çalışır. Biz bunu həm Ermənistanın Baş nazirinə, həm də BMT-nin Baş katibinə yazılı şəkildə bildirmişik. Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren, müstəqil dövlət və BMT üzvü olduğu bizə məlumdur. Biz Ermənistandan BMT üzvü kimi insan hüquqları üzrə öhdəliklərini yerinə yetirməsini gözləyirik, nə az, nə də çox.
- Tarixlə bağlı aparılan mübahisələrin bölgədə barışın və davamlı sülhün qurulmasına mane olacağından qorxmursunuzmu?
-Sualınız bu günün çağırışlarına cavab tapmaqda tarixin rolu kimi mühüm mövzuya toxunur. Hər bir xalqın öz tarixi ilə fəxr etməsi təbiidir. Lakin sülh və təhlükəsizlik məsələləri çox nadir hallarda tarixlə bağlı mübahisələrə aludə olmaqla həllini tapır. Tarix saxtalaşdırılaraq radikal ideologiyalara zəmin yaradıldıqda vəziyyət daha da təhlükəli olur. Biz bunun bariz nümunəsini Ermənistanda görürük – “böyük Ermənistan” xülyası ərazi ekspansiyası, etnik üstünlük və irqi ayrı-seçkiliyin təşviqində istifadə olunur.
Fikrimcə, sülhə ən böyük təhlükə Ermənistanda hökm sürən irqi ayrı-seçkilik və radikal millətçilik ideologiyasıdır. Biz bunu Ermənistan siyasi rəhbərliyinin bəyanatlarında zaman-zaman müşahidə etmişik. Məsələn, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildəki çıxışında “Ermənistan və Qarabağın digər etnoslardan tam təmizlənməsi” tarixi nailiyyət kimi təqdim edilir. Eyni zamanda, ikinci prezident Robert Köçəryanın beynəlxalq təşkilatların tribunasından “azərbaycanlılar və ermənilər etnik baxımdan uyğun deyillər” kimi sərsəm fikirlər səsləndirməsi bu ideologiyanı açıq şəkildə nümayiş etdirir.
Ermənistan ölkədə hökm sürən radikal ideologiyanı aradan qaldırmaq, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamaq, bu ölkədən köçürülmüş azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışı üçün şərait yaratmaq, xalqımıza məxsus mədəni irsin dağıdılmasına və təhrifinə son qoymaqla sülh prosesinə töhfə verə bilər. Təəssüf ki, Ermənistan tərəfindən deportasiya olunmuş azərbaycanlıların icmasının bu ədalətli çağırışları cavabsız qalır.
-İki ölkə arasında sülh və barışıq kontekstində mədəni irs məsələsinə necə baxırsınız?
Həqiqətən də mədəni irs məsələsi sülhün və barışığın əsas komponentlərindən biridir. Təəssüf ki, uzunmüddətli qarşıdurma kontekstində mədəni irs ciddi zərər görüb. Əvvəl və sonra çəkilmiş peyk görüntülərinə əsaslanan son obyektiv tədqiqat Ermənistanda yüzlərlə məscid və qəbiristanlıq da daxil olmaqla, Azərbaycanın mədəni irsinə ciddi ziyan dəydiyini göstərir.
Dağıdılmış və təhqir olunmuş mədəni irs məsələnin həlli davamlı sülh və barışıq üçün olduqca vacibdir. Bunun üçün mötəbər üçüncü tərəfin iştirakı ilə yerində araşdırmalar aparılmalı, daha sonra isə zərər görmüş və dağıdılmış mədəni irs obyektlərinin bərpası üçün plan hazırlanmalıdır. Azərbaycan hökuməti və maraqlı tərəf kimi Qərbi Azərbaycan İcması bu məqsədlə UNESCO-ya müraciət edərək, Ermənistana faktaraşdırıcı missiya göndərilməsini istəyib. Təəssüf ki, Ermənistan hələ də bu missiyanı qəbul etməyə razılıq verməyib.
-Didərgin salınmış azərbaycanlıların Ermənistana qayıdışı məsələsi ilə iki ölkə arasında sülh prosesi arasında hansı əlaqəni görürsünüz?
Biz hesab edirik ki, qayıdışımız və sülh sazişinin imzalanması iki vacib, lakin ayrı-ayrı məsələlərdir. Bunlar bir-birinə şərt deyil. Lakin birinci olaraq hansında baş verməsindən asılı olmayaraq, hər hansı birində irəliləyişin olması digərinə də müsbət təsir edə bilər.
Bizim baxışımıza görə, azərbaycanlıların Ermənistana qayıdışı insan hüquqları məsələsidir. Ermənistanla Azərbaycan arasında münasibətlərin səviyyəsindən və xarakterindən asılı olmayaraq, qayıdışa şərait yaratmaq Ermənistan tərəfindən mütləq yerinə yetirilməli olan bir öhdəlikdir. İki ölkə arasında siyasi fikir ayrılıqları ola bilər, lakin bu, deportasiyaya uğramış Qərbi azərbaycanlıların, yəni, o torpaqların qanuni sakinlərinin oraya qayıdışını əngəlləmək üçün Ermənistana heç bir haqq vermir.
Sülh prosesinə gəldikdə, Azərbaycan hökumətinin davamlı sülhə nail olmaq istiqamətindəki qətiyyəti alqışa layiqdir. Bu münaqişədən ən çox əziyyət çəkən məhz Azərbaycandır. Münaqişə zamanı 20 mindən çox azərbaycanlı öz torpaqlarında öldürülüb. 1000-ə yaxın Azərbaycan şəhər və kəndi yerlə-yeksan edilib. Ölkə ərazisinin 13 faizi minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilib. Azərbaycana dəyən ümumi ziyan 150 milyard dollardan çoxdur. Bütün bunlara baxmayaraq, sülh təşəbbüsünü irəli sürən tərəf məhz Azərbaycan tərəfi olmuş, sülh sazişi layihəsini təqdim etmiş və sənəd üzərində danışıqlar başa çatıb. Ermənistan isə sülh sazişinin imzalanmasına mane olan məsələləri həll etməli, xüsusən də konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmalı və ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verməlidir. Ermənistan, həmçinin Azərbaycanın müxtəlif bölgələri arasında maneəsiz nəqliyyat əlaqəsini təmin etmək öhdəliyini yerinə yetirməlidir.
Bu il iyulun 10-da Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Əbu-Dabidə keçirilmiş görüşü hər iki tərəf tərəfin müsbət və konstruktiv qiymətləndirilməsi bizi ruhlandırır. Ümid edirik ki, bölgəmizdə yaxın gələcəkdə davamlı sülh bərqərar olacaq.