AZ

Yüksək bal toplayanlar hansı universitetləri və ixtisasları seçəcəklər? - CAVABLAR

BAKI, 31 iyul. TELEQRAF

Hər il olduğu kimi, yüksək nəticə göstərən abituriyentlərin ixtisas və universitet seçimi bu il də diqqət mərkəzindədir. Ən yüksək bal toplayanların üstünlük verdiyi ali məktəb və ixtisaslar yenə diqqətlə izlənilir.

Bu il qəbul imtahanlarında yüksək bal toplayanlar seçimləri ilə bağlı fikirlərini Teleqraf-a bölüşüblər.

IV ixtisas qrupu üzrə 700 bal toplayan Orxan Abdulsəmədli Azərbaycan Tibb Universitetini (ATU) seçəcəyini deyir. O, Şəki rayonunun Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin məzunudur.

Eyni ixtisas qrupundan 700 bal toplayan digər abituriyent, Bakı şəhəri 272 saylı orta məktəbin məzunu Sona Nurməmmədli də seçimində qərarlıdır: ATU-nun “Tibb fakültəsi” ixtisasını seçəcək.

Qəbul imtahanında IV qrup üzrə yüksək nəticə göstərən abituriyentlərdən biri, Bakı şəhər 129 saylı orta məktəbin məzunu Anar Babayev də ATU-nun Tibb ixtisasını seçəcək.

Anar 695 bal toplayıb.

Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Çiçək Hümmətli III ixtisas qrupu üzrə 697 bal toplayıb. O, Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini seçmək istəyir.

III ixtisas qrupu üzrə Sumqayıt Şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Aytac Baxşəliyeva 691 bal toplayıb. Onun təhsil almaq istədiyi müəssisə ADA Universitetidir.

II ixtisas qrupu üzrə 680 bal toplayan Xədicə İsmayılzadə Bakı Türk Liseyinin məzunudur. Onun seçimi Azərbaycan Dövlət İqtisad Universitetidir.

II qrup üzrə 677 bal toplamış Nilufər Zeynallı da Azərbaycan Dövlət İqtisad Universitetini seçəcəyini bildirib. O, Bakı şəhəri 83 saylı məktəb-liseyin məzunudur.

Nilufər hansı ixtisası seçəcəyini də açıqlayıb: "UNEC-də ingilis dilində maliyyə üzrə təhsil almaq istəyirəm. Amma hələ tam qərar verməmişəm".

I qrup üzrə 675 bal toplayan Nizami rayonu 70 nömrəli məktəbin məzunu Zəhra Məmmədzadə isə Bakı Ali Neft Məktəbinin “Kompüter elmləri” ixtisasına qəbul olmaq niyyətindədir.

I ixtisas qrupu üzrə yüksək nəticə göstərən abituriyentlər arasında Bakı Ali Neft Məktəbinə üstünlük verənlər çoxdur.

698 bal toplayan Müşfiq Əlili bu universitetin “İnformasiya təhlükəsizliyi” ixtisasını seçəcək.

683.7 bal toplamış İslam Fərəcov isə Kimya mühəndisliyi üzrə təhsil almağı planlaşdırır.

Seçilən
3
teleqraf.com

1Mənbələr