“İllərdir təhsil orqanları müəllim peşəsinə marağın azalmasından, məktəblərdə kadr çatışmazlığından, keyfiyyətli pedaqoqların azlığından şikayət edir, amma problemin kökünə enmək, səbəbləri aradan qaldırmaq əvəzinə, ən asan yolu seçirlər – ixtisasları bağlayırlar, plan yerlərini kəsirlər, məsələni rəqəmlərlə ört-basdır edirlər. 2024-cü ildə ölkədə 3000-dən çox məktəbdə müxtəlif fənlər üzrə müəllim çatışmazlığı qeydə alınıb. Bəzi kənd məktəblərində riyaziyyat, fizika, kimya müəllimləri illərlə tapılmır”. Bunu təhsil eksperti Kamran Əsədov Metbuat.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi bu problemi etiraf edir, amma onun həlli üçün sistemli iş görmür: “Nə pedaqoji fakültələrdə təhsil keyfiyyətini artırır, nə gəncləri müəllimliyə həvəsləndirəcək ciddi sosial və maddi paket yaradır, nə də regionlara kadr axınını təmin edən mexanizm qurur. İndi də çıxış yolu kimi pedaqoji ixtisasların sayını kəskin azaldır. Bu, islahat deyil, məsuliyyətdən yayınmaqdır. Problemi həll etmək əvəzinə, problemin üstünü örtməkdir. Bu qərar həm də ali təhsil sistemində xaosun göstəricisidir. İllərlə plan yerləri həddindən artıq artırılıb, keyfiyyətə baxılmadan yüzlərlə gənc pedaqoji ixtisaslara qəbul edilib, indi isə deyilir ki, “kadr çoxdur”. Əgər kadr çoxdursa, bəs niyə məktəblər müəllimsizdir? Əgər keyfiyyət zəifdirsə, niyə keyfiyyət artırılmayıb? Bütün bunlar göstərir ki, Nazirlikdə nə proqnoz var, nə plan, nə də uzunmüddətli siyasət. Təhsil idarəçiliyi “təzyiq var – addım atırıq, sabah unuduruq” prinsipi ilə işləyir”. K.Əsədov dünya təcrübəsini nümunə göstərərək bildirib ki, Finlandiyada, Sinqapurda, Estoniyada müəllim hazırlığı planı onillik proqnozlarla qurulur, məktəblərin real tələbatına uyğun tənzimlənir, gənclər üçün motivasiya və yüksək sosial status yaradılır: “Azərbaycanda isə pedaqoji ixtisasların ixtisarı ilə yalnız rəqəmlər “gözə xoş” göstərilir. Nazirlik düşünür ki, qəbul yerlərini azaltsa, keyfiyyət avtomatik yüksələcək. Halbuki keyfiyyət tədris proqramının yenilənməsi, müəllimlərin ixtisasartırılması, universitetlərin maddi-texniki bazasının gücləndirilməsi ilə artır, deyilən kimi “kəsinti” ilə yox. Bu qərarın nəticəsi gələcəkdə daha faciəvi olacaq. Regionlarda müəllim tapmaq daha da çətinləşəcək, gənclərin müəllimliyə marağı onsuz da aşağı idi, indi daha da azalacaq, çünki yerlər azdır, rəqabət süni şəkildə şişirdilib. Təhsil sistemindəki ən böyük problem olan “müəllim çatışmazlığı” daha da dərinləşəcək. Nazirliyin bu sahədə nə maarifləndirici fəaliyyəti var, nə də real islahat paketi. Əgər sabah pedaqoji kadr qıtlığı böhran həddinə çatsa, bu gün verilən bu yanlış qərarın fəsadlarını bütün ölkə illərlə yaşayacaq”. Ekspertin fikrincə, pedaqoji ixtisasların ixtisarı islahat deyil, təhsilin gələcəyinə vurulan zərbədir: “Nazirlik bu yolla öz məsuliyyətini ört-basdır edir, problemi “azaldılmış rəqəmlər”lə kosmetik şəkildə həll olunmuş kimi göstərir. Təhsil siyasəti belə məsuliyyətsiz, qısamüddətli yanaşma ilə davam edərsə, bir neçə ildən sonra məktəblərdə müəllim tapmaq mümkünsüz olacaq və bu dəfə “niyə müəllim yoxdur?” sualının cavabını da heç kim verə bilməyəcək”. Sevinc İbrahimzadə / Metbuat.az