Akif Nağı:“Rusiyanın bu beynəlxalq tədbirə dəvət edilməsi və Matviyenkonun çıxışına şərait yaradılması düzgün deyildi”
İsveçrənin Cenevrə şəhərində təşkil olunan Parlament Sədrlərinin Ümumdünya Konfransı çərçivəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış etmək üçün tribunaya qalxdığı zaman gözlənilməz etirazla qarşılaşıb.
Belə ki, çoxsaylı nümayəndə heyətlərinin üzvləri onun çıxışına etiraz əlaməti olaraq zalı tərk ediblər.
Nümayəndələr Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə etiraz etdiklərini bu yolla ifadə ediblər. Onların bu hərəkəti Rusiya rəsmilərinə qarşı beynəlxalq platformalarda artan təcrid siyasətinin bir nümunəsi kimi dəyərləndirilir. Bəzi müşahidəçilərin sözlərinə görə, nümayəndələrin bu addımı əvvəlcədən razılaşdırılıb və Matviyenkonun çıxışı protokolda öncədən elan olunsa da, iştirakçılar bunu "Rusiya təbliğatına qulaq asmamaq" qərarı ilə cavablandırıblar.
Boykot zamanı zaldan çıxanlar arasında Avropa İttifaqına üzv ölkələrin, eləcə də bəzi Asiya və Latın Amerikası dövlətlərinin nümayəndələri də olub.
İyulun 30-da keçirilən tədbirdə V.Matviyenko bəyan edib: “Bütün hazırkı münaqişələrin, o cümlədən Ukrayna münaqişəsinin yalnız onların köklü səbəbləri aradan qaldırıldıqda həll olunmaq şansı var”.
Bəli, Matviyenko boykot olunub. O deyib ki, Ukrayna məsələsi münaqişənin ilk səbəbi aradan qaldırıldığı halda həll oluna bilər, onun bu sözləri də etiraza səbəb olub.
“Bu boykot Rusiyanın hərəkətlərinə qarşı dünya parlamentlərinin mövqeyini əks etdirir”
Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, adətən Rusiya nümayəndələrinin bu cür tədbirlərə dəvət olunması məhdudlaşdırılır: “Yəni çox vaxt dəvət olunmurlar. Dəvət edəndə dəçalışırlar ki, Rusiyanın Ukraynaya müdaxiləsinə, Rusiyanın Ukrayna ilə bağlı siyasətinə təsir göstərsinlər. Bu cür tədbirlərə Rusiyaya təzyiq meydançası kimi baxırlar.
Matviyenkonun iştirak etdiyi tədbir dünya miqyaslı bir tədbir idi. 18-ci sanksiya paketi qəbul olunub. Əgər sanksiyalar vardısa Rusiya nümayəndələrinin o tədbirdə iştirakına da icazə verilməməli, şərait yaradılmamalı idi. Bəzi məlumatlara görə, Rusiyanın o tədbirə dəvət olunmaması barədə fikir olub. Çünki Rusiya nümayəndə heyətinin tərkibində sanksiya tətbiq edilənlər də vardı.
Burda bir qədər anlaşılmaz vəziyyət yaranır. Əgər Rusiya dəvət olunmuşdusa, onun nümayəndələrinin hansı mövqedən çıxış edəcəyi əvvəlcədən bilinirdi və bu halda onları dəvət etməyə ehtiyac yox idi. Rusiya nümayəndələri nə üçün dəvət edilmişdi?
Rusiyanın mövqeyinə gəlincə, Rusiya qətiyyən mövqeyindən geri çəkilmək istəmir, Avropaya meydan oxumaqda davam edir. Çox təəssüf ki, Avropada onlara bu cür çıxışlar etmək, özlərinin də haqlı olduqlarını göstərməküçün şərait yaradıblar, meydan veriblər.
Matviyenkonun çıxışındakı o məqam diqqəti cəlb edir ki, münasibətlər o vaxt nizamlama bilər ki, bu münaqişənin ilkin səbəbi aradan qaldırılsın. İlkin səbəb nədən ibarətdir? Rusiya heç kəsə əhəmiyyət vermədən, heç kəslə razılaşmadan Ukrayna ərazisinə müdaxilə etdi və hərbi əməliyyatlar Ukraynanın ərazisində gedir, Ukraynanın dünya səviyyəsində, beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də tanınan sərhədlərinə Rusiya müdaxilə edib. Rusiyanın hərəkətlərinə heç bir bəraət yoxdur. Rusiya işğalçı bir dövlət kimi özünü göstərir. İdeoloji bir baza da ortaya qoya bilmir. İdeoloji cəhətdən əsaslandıra da bilmir ki, nə üçün Ukraynaya hücum edib. Adını “neofaşizm” qoyub ki, guya neofaşizm Ukraynada özünə yer edirmiş, guya orda Rusiya ərazisinə qarşı hansısa addımlar atılırdı... Rusiya ərazisinə qarşı heç bir problem yoxdur. Rusiya bəhanə ilə ərazini əldə etmək istəyir”.
A.Nağı hesab edir ki, “ilkin səbəb” dedikdə Rusiya nümayəndəsi NATO-nun genişlənməsini, Ukraynanın NATO ilə əlaqə qurmasını və sairi nəzərdə tutur. O qeyd etdi ki, Ukrayna müstəqil dövlətdir, kiminlə istəyir münasibət qura, istədiyi bloka daxil ola bilər. “Buna hər hansı bir dövlət özü qərar verə bilər ki, hansısa bloka qoşulur, ya qoşulmur. Rusiyanın müdaxilələrlə bunun qarşısını alması mümkün deyil. Rusiya beynəlxalq hüquqa meydan oxuyur.
Hesab edirəm ki, Rusiyanın bu beynəlxalq tədbirə dəvət edilməsi və Matviyenkonun çıxışına şərait yaradılması düzgün deyildi. Almaniyanın nümayəndəsi nümayişkaranə şəkildə zaldan çıxdı, onun ardınca da digərləri zalı tərk etdilər. Bu cür boykotlarla, demarşlarla Rusiyanın mövqeyinə heç cür təsir etmək mümkün deyil, bu cəhdlərlə nəyisə dəyişmək mümkünsüzdür.
Amma hər halda hesab edirəm ki, bu da bir nümunədir, bir mövqedir, Rusiya da bu mövqe ilə müəyyən çərçivələr daxilində hesablaşmalıdır. Bu davranışlar Rusiya tərəfindən dəyərləndirilməlidir ki, nə vaxta qədər dünyada təcrid olunmuş vəziyyətdə qalacaqlar. Yəni bu boykot Rusiyanın hərəkətlərinə qarşı dünya parlamentlərinin mövqeyini əks etdirir. Rusiyanın işğalçılıq siyasəti bu cür addımlarla qınanılır. Rusiyanın bütün strukturlarınadünyanın münasibəti göstərir ki, o hərbi gücdən istifadə, təhdid və sair siyasətinə son qoymalıdır. Bu hadisə Rusiya üçün böyük siqnal olmalıdır.
Peskov Şimali Koreyanı, Çini və İranı dost ölkələr adlandırır. Rusiya nə etmək istəyir? Keçən əsrin 30-cu illərində Hitler Almaniyasına qarşı dünyanın münasibəti formalaşmışdı indi həmin münasibət Rusiyaya qarşı formalaşıb ki, dünya sizin hərəkətinizi qəbul etmir, sizin hərəkətinizə qarşı çıxır. Rusiya özü üçün nəticə çıxarıb Ukrayna və başqa ölkələrlə bağlı siyasətini dəyişməlidir. İkinci tərəfdən, beynəlxalq birlik Rusiyanın bu siyasəti ilə bağlı daha monolit, daha sərt addımlar atmalıdır. Rusiyanın beynəlxalq tədbirlərə dəvət təcrübəsinə son qoyulmalı, o, beynəlxalq münasibətlər sistemindən kənarda qalmalıdır”-deyə A.Nağı bildirdi.
İradə SARIYEVA