AZ

"İnter"in keçmiş baş məşqçisi dənizdə batan iki qızı xilas etdi

BAKI. 31 iyul. TELEQRAF

İtaliya "İnter"inin sabiq baş məşqçisi Andrea Stramaççoni istirahət vaxtı əsl qəhrəmanlıq göstərib.

Teleqraf xəbər verir ki, hazırda işsiz olan 49 yaşlı mütəxəssis ailəsi ilə birlikdə məzuniyyətdə olduğu vaxt 17 və 19 yaşlı qızları dənizdə batmaqdan xilas edib.

Ölkənin cənub-şərqindəki Apuliya çimərliyində istirahətdə ikən o, xilasedicinin həyəcan siqnalını eşitdikdə o, özünü dənizə atıb. Nəticədə Stramaççoni hər iki qızı dalğaların cəngindən alaraq, sağ-salamat sahilə çıxarıb.

Sabiq baş məşqçi hadisəni belə nəql edib: "Həyat yoldaşım və uşaqlarımla çətirin altında oturmuşdum. Bir də gördüm ki, sahilə bir dəstə insan yığışıb. Xilasedicilərdən biri suda idi və diqqəti cəlb etmək üçün fit çalırdı. İki qız isə əllərini yellədərək, qışqırırdı. Buna görə də dərhal təhlükəni anlayaraq, suya tullandım. Xilasedici təkbaşına bunu bacarmazdı. Çünki suda mənim kimi jiletsiz və ilgəksiz idi. O, məndən böyük qıza tərəf getməyimi istədi, özü isə digərinə tərəf üzdü. Qıza yaxınlaşdıqda qorxduğunu dedi. Su dərin, dalğalar güclü idi. Ondan sakitləşməsini və 5 dəqiqədən sonra sahildə olacağımızı bildirərək, kürəyimə oturmasını tələb etdim. Elə də oldu".

Lakin hər şey bununla bitməyib. Onlar təhlükəsiz zonaya çatdıqdan sonra Stramaççoni geriyə boylandıqda ikinci qızın şok vəziyyətində olduğunu, xilasedicinin isə ona kömək edə bilmədiyini görüb: "Mən dərhal geri qayıtdım. Kiçik qızla bağlı vəziyyət həyəcanlı idi. O, suyun altında tez-tez itir, çoxlu su udurdu. Bu zaman xilasedici qayıb xilasedicini götürdü və bizə tərəf gəlməyə çalışdı. Biz qayalıqlara çox yaxın idi. Sahildən bizə ilgək atıldı, lakin onu tuta bilmədik. Qorxmağa başladım, xüsusən ona görə ki, qız məni suyun altına çəkirdi. O, öləcəyinə əmin idi. Nə qəhrəman, nə də supermenəm. Özümə də müəyyən anda çox çətin idi. Lakin mən belə situasiyalarda lazım olan fiziki və mental keyfiyyətlərə malik idim və müdaxilə etməli olduğumu duyurdum. Xilasetmədən sonra oğlum məndən soruşdu: "Ata, birdən ölsəydin, necə olacaqdı"? Mən bunu müdafiə hissimə görə etdim. Sanki suda mənim həyat yoldaşım idi".

Qeyd edək ki, Andrea Stramaççoni 2011/2012 mövsümündə "İnter"in baş məşqçisi olub. Həmin vaxt Avropa Liqasının qrup mərhələsində "Neftçi" ilə üz-üzə gələn İtaliya təmsilçisi Bakıda 3:1 hesablı qələbə qazansa da, öz meydanında heç-heçə ilə kifayətlənib - 2:2. Stramaççoninin son iş yeri isə 2022-ci ildə istefaya göndərildiyi Səudiyyə Ərəbistanının "Əl Qarafa" komandası olub.

Seçilən
28
teleqraf.com

1Mənbələr