AZ

Bolluq içində yoxluq: Meyvə-tərəvəzin qiyməti niyə od tutub yanır? - ŞƏRH

Bu il meyvə-tərəvəzin qiyməti alıcılar üçün əlçatmaz həddə çatıb. Bazarlarda və iri ticarət mərkəzlərində məhsulların qiyməti o qədər yüksəlib ki, bir çox vətəndaşlar gündəlik rasionlarına meyvə əlavə etməkdə çətinlik çəkirlər.

Əvvəllər yaz və yay aylarında bol olan məhsullar bu il həm çeşid, həm də qiymət baxımından ciddi problemlərlə müşahidə olunur. İnsanlar əvvəlcə az, sonra isə ümumiyyətlə meyvə almamağa başlayıblar. Satıcılar isə satışların xeyli zəiflədiyini, məhsulların alınmadığını bildirirlər.

Bəs buna səbəb nədir? Meyvə-tərəvəz qıtlığının və süni bahalaşmanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Turkustan.az olaraq bu suallarımızı iqtisadçı-eskpert Günay Hüseynovaya ünvanladıq.

Qızılı

Günay Hüseynova

Son günlərdə meyvə-tərəvəz məhsullarının qiymətində artım müşahidə edilir. Alıcılar qiymətlərin bahalığından, satıcılar isə bazarda alıcı qıtlığından şikayətlənirlər. Kənd təsərrüfatı mütəxəssisləri və ekspertlər hesab edirlər ki, qiymət artımının əsas səbəbi məhsul qıtlığıdır. Bu qıtlıq isə əsasən quraq iqlim şəraiti və nəqliyyat xərclərinin artması ilə əlaqələndirilir.

Lakin kəndlilər və fermerlər bildirirlər ki, onların yetişdirdiyi məhsullar alverçi adlanan şəxslər tərəfindən çox ucuz qiymətə alınır və daha sonra bu məhsullar paytaxtda və digər bölgələrdə baha qiymətə satılır. Onların fikrincə, qiymət artımının əsas səbəbi nə quraqlıq, nə də daşınma xərcləridir. Əsas məsələ məhsulun daxili bazara çıxarılmadan birbaşa xaricə ixrac edilməsidir.

Məlum olduğu kimi, dövlət qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı məhsullarının ixracının artırılmasına dəstək verir. Lakin bəzi fermerlər və məhsul alıcıları yüksək gəlir əldə etmək üçün məhsulu, xüsusilə də yüksək keyfiyyətli (“premium”) məhsulu daxili bazara təqdim etmədən birbaşa ölkə xaricinə göndərirlər. Bu isə daxili bazarda məhsul qıtlığına səbəb olur və nəticədə qiymətlər artır.

Bəli, bazarda müəyyən səviyyədə qıtlıq var, amma bu qıtlıq iqlim şəraitindən çox ixracın prioritetləşdirilməsi ilə əlaqədardır. Üstəlik, kənd təsərrüfatı onsuz da riskli sahədir – hər hansı bir iqlim dəyişikliyi məhsuldarlığa mənfi təsir göstərə bilər. Ancaq bu gün qiymətlərin bu qədər yüksəlməsinin əsas səbəbi keyfiyyətli məhsulun ölkədən çıxarılması, daxili bazara isə yalnız aşağı keyfiyyətli məhsulun buraxılmasıdır.

Digər bir problem isə kəndlərdə işçi qıtlığıdır. Hazırda əhalinin əksəriyyəti paytaxtda yaşayır, kənd və rayonlarda isə əkin-biçinlə daha çox yaşlı nəsil məşğul olur. Kəndlilər işçi çatışmazlığından əziyyət çəkirlər. Alverçilər öz işçi qrupları ilə kəndlərə gedərək məhsulu yığır və ucuza alırlar. Bu da qiymət zəncirinin ilk halqasında bərabərsizliyə səbəb olur.

Əlavə olaraq, Bakıda təklif olunan meyvə-tərəvəz qiymətlərinin bir qismi süni şəkildə artırılır. Yay aylarında əhalinin bir hissəsi bölgələrə üz tutur, şəhərdə tələbat bir qədər azalsa da, qiymətlər yüksək olaraq qalır. Bu isə süni qiymət artımına işarədir, çünki tələb-təklif balansı bu qiymət səviyyəsini tam izah etmir.

İqtisadiyyat Nazirliyi tərəfindən bu məsələlərə nəzarət məqsədilə monitorinqlər aparılır və qiymət artımının qarşısının alınması üçün tədbirlər görülür. Lakin azad bazar iqtisadiyyatı şəraitində bu tədbirlərin təsiri məhdud olur və qiymətlərin tam şəkildə tənzimlənməsi çətinlik yaradır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
turkustan.az

1Mənbələr