AZ

"Sabah" mərhələni keçməkdə problem yaşamayacaq -

Bu gün "Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında "Petrokub"u qəbul edəcək. Səfərdə oynayan zaman rəqibini 3:1 hesabı ilə məğlub edən “Sabah”dan bugünkü gözləntilər nədir? Futbol eksperti Natiq Muxtarlı Metbuat.az-a açıqlamasında bildirib ki, "Sabah" mərhələnin taleyini ilk oyunda həll edib: “Həmin qarşılaşmada da gördük ki, "Sabah" rəqibindən birbaşa üstündür. Moldova klubu oyun səviyyəsinə görə "Sabah"dan xeyli aşağıdır. Bu səbəbdən düşünürəm ki, artıq mərhələnin taleyi böyük ölçüdə həll olunub. Amma bütün hallarda arxayınlaşmaq olmaz. Çünki rəqib bura sadəcə məğlub olmaq üçün gəlməyəcək. Ona görə də "Sabah" tam ehtiyatlı olmalıdır və bu oyunda qələbə bizim üçün çox vacibdir. Həm Azərbaycanın avrokuboklardakı reytinq xallarının artması baxımından, həm də komandanın inkişafı üçün. Üstəlik, bu oyun "Sabah" üçün ona görə də önəmlidir ki, növbəti mərhələdə rəqib daha ciddi olacaq. Bu isə komandanın komplektləşməsi, oyun keyfiyyətinin artırılması və baş məşqçinin müxtəlif taktiki xüsusiyyətləri sınaqdan keçirməsi baxımından fürsətdir, oyunçuların düzülüşü, taktiki sxem və heyətin yoxlanılması kimi məsələlər nəzərdə tutulur. Amma bütün bunlar ehtiyatlı şəkildə həyata keçirilməlidir”. N.Muxtarlının fikrincə, "Sabah" avantürist oyun üslubuna üstünlük verməsə, rəqibə yuxarıdan aşağı baxmasa və futbolçular rəqibi düzgün qiymətləndirsə, bu mərhələni keçməkdə heç bir problem yaşanmayacaq: “Azərbaycan təmsilçisi yalnız o halda "Petrokub"a məğlub ola bilər ki, komandada nizam-intizam olmasın, avantürist oyun sistemi seçilsin və rəqib lazımi qədər qiymətləndirilməsin. Çünki bu futboldur və bu cür yanaşmanı sərgiləyən hər bir komanda sonda cəzasını alır. Ona görə də ümid edirəm ki, "Sabah" belə səhvlərə yol verməyəcək və ilk oyunda qazandığı üstünlükdən faydalanaraq növbəti mərhələyə adlayacaq”.Qeyd edək ki, “Sabah” - "Petrokub" qarşılaşması bu gün 20:00-da Bakıda baş tutacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
13
metbuat.az

1Mənbələr