AZ

Azərbaycanda "kazino sənayesi" formalaşsa, gəlirlər fantastik olacaq...


Kazinoların fəaliyyətinə icazə ilə kazino sənayesinin inkişaf etdirilməsi fərqli mənalar kəsb edir

Las-Veqas kazinolarının Nevada səhrasını əyləncə cənnətinə çevirdiyi hamıya bəllidir. Nüvə sınağı poliqonu olmaqdansa əyləncə mərkəzi olmaq Nevada ştatına daha faydalıdır.

Amerikada depressiv bölgələrin inkişafına xidmət edən qumar püşkünün ölkəmizin hansı bölgəsinə düşməsi maraq doğurur.

Bunu dünən "Turana Doğru" qrupunda dostum İlqar İsmaylov yazıb.

Bəli, Azərbaycanda da kazinolar harada gəldi fəaliyyət göstərməyəcək, onlar yalnız Xəzər dənizinin ölkəmizə aid olan hissəsində yaradılmış süni torpaq sahələrində, yəni süni ada və yarımadalarda fəaliyyət göstərəcək. İndi belə ada və yarmadaları yaratmaq üçün Xəzər dənizi hövzəsində əlverişli şərait yaranıb - artıq 40 ilə yaxındır ki, dəniz geri çəkilir, relyefə uyğun olaraq yeni quru sahələr əmələ gəlir. Bu, Bayıl qəsəbəsi sahillərində, Bakı buxtasında da bir neçə ildir müşahidə edilir - artıq sahilə yaxın iki ada tam quru sahə kimi görünür.

Prezidenti İlham Əliyev ölkədə kazinoların fəaliyyətə başlaması haqqında qərar imzalayıb. Qərarda Nazirlər Kabinetinə tapşırılıb ki, ən yaxşı beynəlxalq təcrübə nəzərə alınmaqla kazino oyunlarının təşkili və keçirilməsi üçün normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.

Bu qərarı mənfi qarşılayanlar da var. Buna əsas isə ondan ibarətdir ki, vaxtilə bu növ iqtisadi fəaliyyət Azərbaycanda qadağan edilmişdi. Ümumiyyətlə, dünya təcrübəsində mövcud olan fəaliyyətin qanunla qadağan edilməsi mütləq müəyyən fəsadlara səbəb olur. Məsələn, siqaret çəkməyin orqanizmə aşırı zərərlərinin olduğunu hamı bilir, amma ölkə əhalisinin 80 faizi siqaret çəkir. Nədən siqaret çəkməyi qadağan etmirik? Çunki bu, fəsadlara - qaçaqmalçılığa, gizli istehsala və satışlara səbəb olacaq. Yəni cəmiyyətdə zəlzələdən, ya vəlvələdən buna tələbat yaranıbsa, leqal yollar bağlananda qeyri-leqal yollar işə düşəcək. Kazino məsələsinə münasibət də eynidir. Bu gün Azərbaycan vətəndaşları gizli təşkil edilmiş kazinolarda və xarici ölkələrdə bu növ əyləncə mərkəzlərində milyonlarla vəsait xərcləyir. Bu vəsaitlər hər hansı bir yolla, qanuni və ya qeyri-qanuni yolla Azərbaycanda əldə edilsə də, həmin xərcləmələrdən dövlət büdcəsinə bir qəpik də vəsait daxil olmur. Biz kazinoları qadağan etmişik, onlar da bu tələbatını ya ölkədə qeyri-qanuni təşkil edilmiş kazinolarda, ya da xaricdə ödəyir. Bir halda onlar "kölgə isqtisadiyyatı"na, digər halda isə xarici ölkələrin kazino sənayesinin inkişafına və dövlət büdcəsinə töhfə verir. Biz kazino fəaliyyətini leqallaşdırmaqla bu seqmentin iqtisadiyyatımıza töhfə verməsini təmin etmiş olacağıq.

Bu fəaliyyətin ölkədə leqallaşdırılması o demək deyil ki, biz kazino və mərc oyunlarını geniş təbliğ edəcəyik. Sadəcə, buna tələbatı olanların istəkləri ölkə daxilində təmin edilsə, əlbəttə, bu daha faydalı olar. Onsuz da biz kazinoları qadağan etməklə buna tələbatı olan əhali seqmentini bu fəaliyyətdən çəkindirə bilmirik. Elə isə biz bu fəaliyyəti leqallaşdırıb, ondan yuxarıda qeyd etdiyimiz faydaları nədən götürməyək?

Üstəgəl bu, ölkəyə turist axınını gücləndirə, xarici ölkə vətəndaşlarının analoji seqmentini Bakıya cəlb edə bilər.

Sadəcə olaraq kazino və mərc oyunları haqqında qanun və digər tənzimləyici hüquqi-normativ aktlar qəbul edilərkən nəzərə alınmalıdır ki, bu fəaliyyət növü geniş təbliğ edilməsin. Bununla da biz kazino və mərc oyunlarından cəmiyyətə dəyə biləcək mənəvi fəsadların qarşısını ala bilərik.

Amma məsələnin bir maraqli tərəfi də var ki, Azərbaycanda yalnız kazinoların açılması nəzərdə tutulmur, həm də kazino sənayesinin inkişaf etdirilməsi hədəflənir. Hansı ki, bu sənaye dünyada ən gəlirli istehsal sahələrindən biridir. Kazino sənayesi deyildikdə ilk baxışdan insanlarda yalnız kazino və mərc oyunları təsəvvürü yaranır. Amma bu yalnız onlardan ibarət deyil. Kazino sənayesi, müdafiə sənayesi, qida və yeyinti məhsulları sənayesi, yüngül sənaye və digər sənaye sahələri kimi strateji xarakterə malik ola bilər. Əgər Azərbaycan kazino sənayesini yarada bilsə, ölkə yalnız kazino məhsullarını dünyaya satmaqla milyardlarla dollar vəsait qazana bilər. Azərbaycanda bunun üçün münbit şərait var. Çünki dünyanin məşhur kazinolarinda istifadə edilən alət, masa və mebelin hamısı palıd, qoz, fındıq, fistıq və digər ağaclardan hazırlanır. Məsələn, 0.5 kv/m fıstıq ağacından hazırlanmış bir "rulet"in dunya bazarında qiyməti 10 min dollardır. Hansı ki Azərbaycanda bu materialın 1 kub/m-i heç 200 dollara da deyil. Başqa bir misal, kazinolarda istifadə edilən qidaların böyük əksəriyyətinin çərəzlərdən və orqanik içkilərdən ibarət olduğunu nəzərə alsaq, bu sahədə Azərbaycanın böyük potensialının olduğu göz qabağındadır. Çünki Azərbaycanda hazırda 60 min hektardan cox fındıq, 50 min hektara yaxın qoz, 30 min hektara yaxın badam, püstə və fıstıq bağları var. Lakin bu çərəzlər su qiymətinə satılır. Məsələn, bu il fındığın topdansatış qiyməti 1,5 manat elan edilib. Azərbaycanda kazino sənayesinin inkişafı çərəz tərkibli kazino qidalarının hazırlanması sahələrinin yaradılmasına imkan verəcək ki, bu da çərəzə tələbatı artıracaq. Tələbatın artması isə bazarda qiymətlərin normallaşmasına və çərəz bağçılığının inkişafına töhfə verəcək. Dolayısi ilə proses kənd təsərrüfatının bu seqmentinin inkisafina və bu sahə ilə məşğul olan fermerlərin gəlirlərinin artmasina səbəb olacaq.

Digər tərəfdən, bu gun dunya kazinolarında orqanik spirtli içkilərə tələbat böyükdür. Bunun da xammali Azərbaycanda kifayət qədərdir. Yəni biz kazino sənayesini müasir tələblərə uyğun qursaq, bu, ölkəyə neftdən gələn gəlirin yarısı qədər valyuta gətirə bilər. Çünki bu sənayenin xammalı Azərbaycanda kifayət qədərdir.

Dəniz NƏSİRLİ

Seçilən
47
baki-xeber.com

1Mənbələr