AZ

AYNA qalmaqallı məsələ ilə bağlı AÇIQLAMA YAYDI

Demək olar ki, şəhərin bütün yerlərində tıxac problemləri ilə üzləşirik. Tıxac artıq günümüzün bir parçasıdır, lakin hərəkətimizə maneə olur. İnsanlar saatlarla tıxacda qalıb, getdikləri yerlərə gecikirlər. Əsasən isə ictimai nəqliyyat vasitəsi olan avtobuslar saatlarla tıxacda qalmaq məcburiyyətində olurlar ki, bu da sərnişinlərin rahatlığına təsir edir. Bəs bu istiqamətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hansı addımları atıb? Yollarda hansı yeniliklər mövcuddur? 

News24.az bu barədə AYNA-ya sorğu ünvanlayıb. 

Sorğuya cavab olaraq qurumdan bildirilib ki,  ictimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır: 

"Avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. Xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır. Hazırda paytaxtın 40-a yaxın küçə və prospektində 110 km-dən artıq avtobus zolağı təşkil edilib. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Yeni zolaqların salınması istiqamətində iş aparılır.

Eyni zamanda əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, mikromobillik zolaqları şəbəkəsi genişləndirilir. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir.

Qeyd edək ki, AYNA tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili, yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə Bakı şəhərində mərhələli şəkildə layihələr icra olunur. Artıq həyata keçirilən layihələr arasında “Koroğlu” metrostansiyasının şimal çıxışı, Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsi, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində darboğazın aradan qaldırılması, Nərimanov heykəlinin ətrafı, “Gənclik Mall”un qarşısı (Fətəli Xan Xoyski küçəsi), Azadlıq prospekti ilə Süleyman Sani Axundov küçəsinin kəsişməsi, Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində həyata keçirilən layihələri vurğulamaq olar. Bakı şəhərinin küçə və prospektlərində hərəkətin yenidən təşkili üzrə layihələrin icrası davam etdirilir"- deyə əlavə olunub.

Xeyrənsə Piriyeva

Seçilən
32
news24.az

1Mənbələr