AZ

Cazibə mərkəzi: Azərbaycan turizminə premium kart açılır - ARAŞDRIMA

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun, xüsusilə beynəlxalq turizmin inkişafı istiqamətində son illərdə atılan addımlar yeni iqtisadi imkanların dəyərləndirilməsini aktuallaşdırır. Bu kontekstdə Xəzər dənizinin (gölünün) ölkəmizə mənsub bölməsində süni torpaq sahələrində kazinoların fəaliyyətinə icazə verilməsi məsələsi gündəmə gəlib. Bir çox ölkələrin təcrübəsi göstərir ki, bu sahənin qanuni əsaslarla tənzimlənməsi vergi gəlirlərinin artması ilə yanaşı, eyni zamanda regionlarda iqtisadi fəallığın güclənməsinə, yeni iş yerlərinin yaradılmasına və turizm axınının çoxalmasına mühüm təkan verir.

Xarici turistlərin cəlb olunması, mehmanxana və əyləncə sektorunun canlandırılması baxımından kazinolar turizm sənayesinin mühüm tərkib hissəsinə çevrilə bilər. Azərbaycanın turizm strategiyasında yeni bazarlara çıxış və xidmətlərin şaxələndirilməsi prioritet istiqamətlərdən olduğuna görə, bu sahədə aparılan müzakirələrin genişlənməsi ölkəyə əlavə iqtisadi və sosial dividendlər qazandıra bilər.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, həmçinin Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi “Report”a açıqlamasında bildirib ki, düzgün hüquqi və sosial tənzimləmə ilə kazino sektoru həm yerli iqtisadiyyata, həm də beynəlxalq turizmə güclü təkan verə bilər.

Onun sözlərinə görə, kazinolar ətrafında formalaşan turizm klasterləri bölgələrə davamlı turist axını təmin etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasına və dayanıqlı gəlir mənbələrinin formalaşmasına imkan yaradır. Azərbaycanın turizm strategiyasında nəzərdə tutulan “Integrated Resort” modeli çərçivəsində kazinoların spa, qolf və kənd turizmi ilə inteqrasiyası ölkənin turizm potensialını ciddi şəkildə artıracaq, S. Dübəndi hesab edir.

Assosiasiya rəhbəri qeyd edib ki, kazino fəaliyyəti yalnız iri investisiya layihələrindən ibarət deyil, bu sahənin ətrafında geniş xidmət infrastrukturu formalaşır və bu, kiçik və orta sahibkarlıq (KOB) subyektləri üçün geniş imkanlar yaradır. Bu isə regionlarda iqtisadi fəallığın artmasına, məşğulluğun genişlənməsinə və yerli əhalinin rifahının yüksəlməsinə xidmət edir.

O əlavə edib ki, kazino sektorunun səmərəli və şəffaf idarə olunması üçün beynəlxalq təcrübəyə uyğun lisenziyalaşdırma, gəlir vergisi (15-35 % aralığında), müstəqil maliyyə auditi, minimum yaş həddi (21+), könüllü özünü-məhdudlaşdırma (self-exclusion) sistemləri, reklam məhdudiyyətləri və sosial məsuliyyət fondları kimi mexanizmlər tətbiq olunmalıdır. Bu tənzimləyici çərçivə həm şəffaf biznes mühitinin yaradılmasına, həm də ictimai maraqların qorunmasına xidmət edəcək.

Ekspertin hesablamalarına görə, düzgün təşkil edilmiş kazino sektoru Azərbaycana illik 200-300 milyon ABŞ dolları əlavə turizm gəliri gətirə bilər: "Bu, ölkənin "premium" turizm bazarında mövqeyini möhkəmləndirərək, Rusiya, Türkiyə, İran, Qazaxıstan və Körfəz ölkələrindən qısa müddətli, lakin yüksək xərcli turistlərin cəlb edilməsinə imkan yaradacaq".

S. Dübəndi əlavə edib ki, inteqrə olunmuş kurort kompleksləri əyləncə infrastrukturu ilə yanaşı, həm də yerli məhsulların - qida, içki, sənətkarlıq, mebel, tekstil və gülçülük kimi sahələrin davamlı tədarük zəncirlərinə ehtiyac duyur. Bu isə kənd təsərrüfatı və yüngül sənaye sahəsində fəaliyyət göstərən KOB-lar üçün dayanıqlı bazar formalaşdırır.

"Kazino mərkəzlərinin yerləşdiyi bölgələrdə turist axınının artması nəticəsində isə kafelər, restoranlar, butik mağazalar, SPA mərkəzləri, bələdçi, nəqliyyat, tərcümə və təhlükəsizlik xidmətləri kimi sahələrdə yeni sahibkarlıq təşəbbüsləri formalaşa bilər. Beləliklə, bu sahə təkcə iri investorlar üçün deyil, onun ətrafında yaranan çoxşaxəli iqtisadi fəaliyyətlə minlərlə kiçik və orta sahibkar üçün də real inkişaf və gəlir imkanları yarada bilər", - Assosiasiya rəhbəri qeyd edib.

İqtisadçı ekspert Pərviz Heydərov “Report”a açıqlamasında bildirib ki, kazino fəaliyyəti beynəlxalq təcrübədə geniş yayılmış və oyun sənayesinin ayrılmaz hissəsi kimi qəbul edilən bir sahədir.

“Adətən kazino və oyun biznesi ilə bağlı kölgə iqtisadiyyatı, çirkli pulların yuyulması kimi neqativ halları xatırlayırıq. Lakin bu sahədə nə qədər sərt nəzarət və məhdudiyyətlər tətbiq edilsə də, risklərin tamamilə aradan qalxması real deyil”, - deyə o bildirib.

P. Heydərovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə belə, birmənalı qəbul olunmayan gəlir mənbələri müəyyən hüquqi çərçivədə qanuni və açıq şəkildə tənzimlənir. Bu yanaşma dövlətin nəzarət imkanlarını gücləndirir və qeyri-qanuni fəaliyyətlərin qarşısını almağa xidmət edir.

“Azərbaycanda da bu sahənin müəyyən qaydalar daxilində leqallaşdırılması zəruri idi. Çünki sərt qadağalar əks effekt verə və gizli fəaliyyətlərin artmasına səbəb ola bilər ki, bu da nə iqtisadi, nə də ictimai baxımdan məqsədəuyğun deyil”.

Ekspert xüsusilə süni torpaq sahələrində kazinoların fəaliyyətinə icazə verilməsini yüksək qiymətləndirib. Onun fikrincə, bu yanaşma oyun biznesindəki qeyri-qanuni fəaliyyəti leqallaşdıraraq nəzarəti gücləndirəcək, eyni zamanda dövlət büdcəsinə əlavə gəlir mənbəyi formalaşdıracaq. Bundan əlavə, bu addım elit turizmin inkişafına şərait yaradacaq, ölkəyə daha çox yüksək xərcli turistin gəlməsinə təkan verəcək.

“Bu sahənin inkişafı nəticəsində turizm infrastrukturunda irəliləyiş, yeni iş yerlərinin yaradılması və məşğulluğun artması gözləniləndir. Kazino sektorunun hüquqi çərçivədə və məhdud coğrafiyada - yalnız süni torpaq sahələrində - fəaliyyət göstərməsi isə mümkün mənfi təsirləri minimuma endirəcək”, - deyə o vurğulayıb.

P. Heydərov hesab edir ki, kazinoların fəaliyyətinə icazə verilməsi həm iqtisadi artıma, həm də turizmin şaxələndirilməsinə, ölkəyə əlavə valyuta axınının təmin edilməsinə xidmət edəcək:

“Qanunvericilik və icazə prosedurları bu sahənin geniş yayılmasına imkan vermir. Əksinə, ciddi nəzarət rejimi və məkan məhdudiyyətləri bu sektoru nəzarət olunan, şəffaf iqtisadi fəaliyyətə çevirəcək. Bu səbəbdən Azərbaycanda kazino fəaliyyətinin mənfi nəticələr doğuracağına dair narahatlıqlar əsassızdır”.

Qlobal yanaşma, lokal potensial

Dünyada bir sıra ölkələr kazino sektorunu iqtisadiyyat və turizmin inkişafında alətə çevirə bilib. Gürcüstan bu baxımdan uğurlu modellərdən biridir. Batumi və Tbilisidə yerləşən kazinolar region ölkələri ilə yanaşı, həm də Yaxın Şərq və Avropa ölkələrindən turist axınını əhəmiyyətli dərəcədə artırıb. Bu obyektlər mehmanxana doluluğunu yüksəldib, əlavə xidmət sahələrinin inkişafını stimullaşdırıb və dövlət büdcəsinə sabit vergi gəlirləri qazandırıb.

Monteneqro isə daha kiçik miqyasda olsa da, kazinoları turizm strategiyasının əsas komponentlərindən biri kimi inkişaf etdirir. Buradakı oyun müəssisələri yüksək gəlirli xarici turistləri cəlb edir. Hökumət lisenziyalaşdırma və şəffaflıq qaydaları vasitəsilə oyun biznesinə ictimai etimadı artırmağa nail olub.

Daha iri miqyasda isə Birləşmiş Ərəb Əmirlikləri son illərdə bu sahəni turizm sektoruna inteqrasiya edib. BƏƏ-də bu sahəyə yanaşma yalnız iqtisadi fayda ilə məhdudlaşmır, burada oyun sənayesi həm də ölkənin qlobal turizm brendi kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.

Məsələn, Gürcüstanda 2024-cü ildə turizm gəlirləri 4,4 milyard ABŞ dolları keçib, Batumidəki hotellərin doluluğunun 50 %-indən çoxu kazinolar hesabına təmin olunub. Monteneqroda oyun biznesindən 2023-cü ildə dövlət büdcəsinə 6,7 milyon avro daxil olub və ölkəyə 2,6 milyon turist gəlib. BƏƏ-də yalnız bir kazino layihəsi “Wynn Resorts” kompleksi illik 5,5 milyon turist cəlbi və 3-5 milyard ABŞ dollar gəlir potensialı ilə ölkənin lüks turizm strategiyasının mühüm hissəsinə çevrilib.

Bu ölkələrin təcrübəsi göstərir ki, kazinolar həm əyləncə sahəsi kimi, həm də turizm infrastrukturunun ayrılmaz hissəsi kimi düşünülə bilər. Düzgün tənzimləmə və şəffaf idarəetmə ilə bu sahə həm sosial, həm də iqtisadi baxımdan faydalı mexanizmə çevrilə bilər. Azərbaycanda da bu modelin mərhələli və nəzarətli tətbiqi, xüsusilə sərhədyanı və turizm bölgələrində həyata keçirilməsi regional inkişafı stimullaşdıracaq, xidmət sektorunu genişləndirəcək və ölkəyə gələn turist axınını artıracaq.

Seçilən
11
report.az

1Mənbələr