AZ

Qubalı şəhid Eynulla Lətifov - Mübariz İbrahimovun yolu ilə...


Gülbacı Lətifova: “Mübariz İbrahimovun silahından istəyirdi həmişə...”

Vətənə əbədi oğul olanlar heç zaman tarixin yaddaşından silinmir, əsrlər keçsə də, nəsillər dəyişsə də onlar yaşayırlar, xatırlanırlar. Quba rayonu İkinci Nügədi kəndində doğulub boya-başa çatan,Vətən torpağının yağı tapdağından azad edilməsi yolunda canından keçən şəhid Lətifov Eynulla Niyətulla oğlu da, məhz əbədiyaşarlıq qazanan oğullardan biridir.

Əzizinəm, qan ağlar,
Səhər doğan dan ağlar
Bu gün bir igid ölüb
Ürək yanıb can ağlar...

Eynullanın nakam ömrünə biçilmiş bu bir əlçim bayatı insanın ürəyini yaralayır. Onun kimi neçə-neçə igidin taleyindən danşır bu bayatı.

Şəhidlərimizə ellər ağladı, bağçalarda çiçəklər, güllər ağladı, qara yaylıqlı anaların başındakı tellər ağladı. Eynullanın anası Gülbacı Lətifova hər gün nakam balasının şəkillərini oxşayır, gah ağlayır, gah da xəyala dalıb gül üzlü ciyərparəsini gözləri önündə canlandırır. Elə bir şəhid anası yoxdur ki, balasının xəyalı ilə danışmaya, Gülbacı xanım da Eynullanın xəyalı ilə danışır, dərdləşir.

Eynulla Niyətulla oğlu Lətifov 2001-ci il sentyabrın 8-də Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. Gülbacı lətifova deyir ki, oğlu uşaq yaşlarından hərbi sahəyə böyük maraq göstərib: “Orta məktəbdə təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollandı.Vətən müharibəsinin ilk günündən manqa komandiri kimi döyüşlərə qatıldı”.

“Oğlumu düşmənin atdığı minamyot şəhid edib və onun qəlpəsi təkcə Eynullaya yox, bayrağa da dəyib”

Ananın sözlərinə görə, Eynulla uşaqlıqdan hərbi formaya maraq göstərib. O, məktəbdə oxuyanda müəllimlərinə söz verib ki, Mübariz İbrahimov kimi qəhrəman olacaq.

Ailəsi Vətən müharibəsi başlayanda onun döyüşlərdə olduğunu bilsə də, o harada olduğunu heç vaxt yaxınlarına deməyib.

Eynullanın qəhrəmanlığı haqqında ailəsinə döyüş yoldaşları danışıb. Deyiblər ki, oğulları həmişə düşmən üzərinə yeriyən döyüşçülərdən olub.

Ailəsi deyir ki, Eynullanın ən böyük arzusu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yolunu gedərək şücaət göstərmək olub. O, dediyi kimi Mübariz İbrahimovun yolu ilə gedib. Necə deyərlər, niyyətin hara, mənzilin də ora. Bizim qəhrəmanımız da cəsurların izi ilə gedib.

Vətən müharibəmiz zamanı qəhrəman əsgər əvvəlcə Füzuli cəbhəsində döyüşüb. Bu döyüşlərdə yaralansa da, savaş meydanını tərk etməyib. Sonrakı döyüş yolu Cəbrayıl və Xocavənd istiqamətində baş verib. 19 yaşlı döyüşçü şücaəti ilə hərbçi yoldaşlarının rəğbətini qazanıb. Eynulla oktyabrın 19-da Xocavənd rayonunda döyüş tapşırığını yerinə yetirərkən düşmən mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Gülbacı xanımın dediklərindən: “Eynullanı vətənpərvər övlad kimi böyütmüşdük. Əsgərliyini bitirdikdən sonra da hərbidə qalıb xidmətini davam etdirmək istəyirdi. Telefonla danışanda deyirdi ki, ana, məni təbrik edə bilərsiniz. Sən demə, çoxdan arzuladığı “İstiqlal” snayper tüfəngi ilə təmin olunubmuş. Mübariz İbrahimovun silahından istəyirdi həmişə. Sonuncu dəfə oktyabrın 18-də danışdıq. Hərbi xidmətdə olmağının bir ili tamam olması münasibətilə Eynullanı təbrik etdim... Mənim oğlum Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb. Onunla qürur duyuram...

Döyüşdə Eynullanin üzərində ücrəngli bayrağımız olurdu. Eynulla bayrağımızı həmişə ürəyinin başında saxlayırdı. Oğlumu düşmənin atdığı minamyot şəhid edib və onun qəlpəsi təkcə Eynullaya yox, bayrağa da dəyib. Eynullanın ürəyinin başında saxladığı bayrağın üzərində onun qanının və düşmən gülləsinin (qəlpə) izləri var”.

Ana deyir ki, Mehman Novruzov tərəfindən oğlunun nəşi götürülən zaman bu bayraq alınıb və dəfnindən bir il sonra onlara təqdim olunub.

Eynulla Lətifov İkinci Nügədi kənd məzarlığında dəfn olunub... İndi vaxtilə doğulduğuŞəhid Eynulla Lətifov küçəsində Eynulla bulagı da inşa edilib.

Eynulla Lətifov Prezident İlham Əliyevin sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.

İki bacının tək qardaşı Eynulla məktəb illərindən cüdo ilə məşğul olub. Çox vətənpərvər və ailəcanlı bir oğul kimi yadda qalıb. Uşaqlıqda həmişə “Mən şəhid olacam” deyirdi. Ana bildirir ki, oğlu sanki uşaqlıqdan özünü şəhid olmağa hazırlayırdı. 19 yaşında şəhidlik zirvəsinə ucalan Eynulla Niyətulla oğlu Lətifov böyük bir qəhrəmanlıq örnəyi qoyub.

Ana oğlunun qəhrəmanlığı ilə nə qədər fəxr etsə də, ata qürurlansa da, amma sinələrindəki oğul dağını heç nə ilə ovuda bilmirlər...

Eləmi ulu dağlar,
Ulusu ulu dağlar.
Oğlum səndə can verdi
Göz yaşım sulu dağlar.

Gülbacı ana nə qədər oxuyar bu bayatını, kim bilir?! Yenə baxar yollara, yenə baxar saata, gözü telefonda qalar, amma oğlundan səs-səda gəlməz. Ana gözləyər hey, gözləyər, sonra da torpağa, daşa dönmüş balasının məzarını qucaqlar...

İradə SARIYEVA
Quba - Bakı

Seçilən
8
baki-xeber.com

1Mənbələr